“Bizdə klubları idarə edənlərin yarısından çoxu futbol adamı deyil”

Sportinfo.az “Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?" mövzusunda layihənin mart ayı üçün icrasını davam etdirir. Layihənin budəfəki qonağını təsadüfi seçmədik. İlqar Tağıyevi futbol camiəsində, demək olar ki, hamı tanıyır - onu kimlərsə karyerasını zədə səbəbindən peşəkar karyerasını yarımçıq qoymuş keçmiş futbolçu, kimlərsə jurnalist, bəziləri də əkiz futbolçu yetişdirən ata kimi. İstənilən halda belə insanla sırf uşaq futbolunun problemləri mövzusunda danışmaq maraqlı və vacibdi.


(Əvvəli ötən yazıda - http://sportinfo.az/news/5749)

 


“Uşaqlara məşqi icarəyə götürdüyü yerdə keçir”
- İndiki şəraitdə, texnologiyanın bu qədər sürətlə inkişaf etdiyi bir vaxtda futbolla məşğul olan uşaqlar dərs oxumursa, günahkar birbaşa valideynlər, sonra müəllim və məşqçilərdir. Adi bir misal çəkim, mənim uşaqlarımın oynadığı komandada dərsini çox pis oxuyan uşaqlar vardı, valideynləri bəhanə gətirirdilər ki, təhsillə futbolu bir arada tutmaq mümkün deyil. İndi həmin uşaqlar futboldan uzaqlaşıblar. Eyni zamanda dərslərində qeyri-kafi iştirak edirlər - həm futboldan uzaq oldular, həm də təhsildən. Bu da təbii, ilk növbədə valideynin övladına düzgün yanaşmamasının nəticəsidir. O uşaqlar vaxtında az da olsa, dərslərinə fikir versəydilər, heç olmasa, yaxşı şagird olardılar. Keçək başqa bir problemə: əksər liqalarda oyunlar birbaşa dərs saatları ilə üst-üstə düşür. Həmin yaş qruplarında oynayan uşaqları 8-9-10-cu siniflərdə oxuduqları üçün, bu, çox həssas məqamdır. Onlar, demək olar, keçid dövrünü yaşayırlar. Təhsildən uzaq qalmaları gələcək üçün ciddi fəsad törədə bilər. Bununla bağlı təklifimi də vermişdim ki, AFFA oyunları şənbə və bazar günlərinə salsın. Amma burada federasiyanı da günahlandırmaq olmur. Niyə, bir klubun neçə stadionu var ki, gün ərzində eyni vaxtda - paralel olaraq həm U-15, U-16, U-17, U-19, əvəzedicilər və əsas komanda oyun keçirsin? Təbii, bu imkan heç bir klubumzda yoxdu. 6 dənə oyunu şənbə-bazar qarşılamağa hansı klubda imkan var? “Qəbələ” və “İnter” istəsə, bu yükü qarşılaya bilər. Lakin söhbət ümumi inkişafdan, ümumi futboldan gedir. Elə klublar var ki, uşaqlara məşqi icarəyə götürdüyü yerdə keçir.

 

“Sabah meydanda bir uşağın ürəyi dayansa, kim cavab verəcək?”
Keçək səhiyyə probleminə: 2-3 il bundan əvvəl uşaq futbolunda səhiyyə mövzusu çox bərbad vəziyyətdə idi. Adicə müqavilə bağlananda belə, uşaq ciddi tibbi yoxlamadan keçirilmirdi. Sadəcə sağlamlıq haqda arayış tələb olunurdu. Əlbəttə ki, bu arayışı maksimum 10 manata alıb oraya uşağın tam sağlam olduğunu yazdırmaq çox asan məsələdir. Vəssalam, bununla da uşağın səhiyyə məsələsi keçirdi arxa plana, heç yoxlanılmırdı ki, bu uşaq futbolla məşğul ola bilər, ya yox. Burada əvvəlcə valideyn məsuliyyət daşıyır, öz uşağının taleyi ilə oynayır. Amma əslində necə olmalıdır - valideynin sağlamlıq haqqında arayış gətirib verməsinə baxmayaraq, həmin uşağı klub özü yoxlamalıdır. 2-3 il qabaq bəzi klublarda tibbi baxış nə olan şeydi, qətiyyən yox idi. Hansı ki, uşaqlar heç olmasa, ildə 2 dəfə bu yoxlamadan keçməlidirlər. İndi tibbi baxış var, ancaq yenə də ötəridir, ciddi yoxlanış yoxdur. Sabah əgər hansısa bir uşaqda ciddi problem yaransa, meydanda ürəyi tutub dayansa, bunun məsuliyyətini kim daşıyacaq? Bir-iki tibbi avadanlıq almaqla iş düzəlmir. Səhiyyə məsələsinə çox ciddi yanaşmaq lazımdır. Bu gün Premyer Liqada olan 8 klubdan uzağı 1-2-si buna ciddi önəm verir, qalanları elə-belə. Uşaqlar zədə alanda əksər klublar müayinə və müalicəni valideynlərin üzərinə qoyurlar. Uşaqlar daim həkim nəzarətində olmalıdırlar.

 

İnventar problemi
Bu gün uşaq futbolunda ən böyük çatışmazlıqlardan biri də lazımi inventarın olmamasıdır. Məşq etmək üçün lazım olan adi avadanlıqlar, geyim dəstləri bütün klublarda yoxdur. Uşaqlarda boy artımı davamlı olduğu üçün geyimlər hər il dəyişməli, yenisi verilməlidir. Məşq forması, oyun forması, “xb”, nümayiş forması, sumka, papaq və.s. Bunlar elementar şeylərdir, klublar təmin etməlidirlər.


Məşqçi çatışmazlığı?..
Bu gün Azərbaycanda məşqçi problemi də var. Əslində, məşqçi çatışmazlığı yoxdur. Sadəcə, işsiz məşqçi çoxdur. Bir yaş qrupunda ən azından 3 məşqçi olmalıdır. Uşaqlarımın oynadığı “İnter”dən götürək elə, artıq neçə vaxtdır ki, bir məşqçi işləyir. 1 məşqçi 2 saat ərzində 20-25 uşağa hansı biliyi verə, nə öyrədə bilər? 500, maksimum 1000 manat əmək haqqı alan insan bu qədər uşağı bir arada öyrətmək iqtidarında deyil, istəsə belə. Yadınızdadırsa, AFFA klublara əcnəbi koordinatorlar təyin edirdi. Düzdür, buna həmişə tənqidlə yanaşmışam. Həmin koordinatorlar o boyda pula layiq deyildilər və zaman da göstərdi ki, federasiyanın seçimi yanlış idi. Demirəm ki, iş görmədilər, gördülər, amma konkret olaraq hansı xeyiri verdilər, mən bilmirəm. Fəqət, həmin pullara perspektivli azərbaycanlı məşqçiləri xaricə göndərib kurs keçmələrinə, təcrübə toplamalarına şərait yaratmaq lazım idi və əgər belə olsaydı, indi faydasını daha çox görərdik.

 

 

“Uşaqlar səfərə valideynlərin hesabına getdilər”
Uşaq futbolunda başqa bir problemi qabardaq: uşaq liqalarında bir futbolçu il ərzində maksimum 30 oyun keçirir. 365 günə bir uşaq üçün bu, həddindən artıq zəif göstəricidir. Xüsusən rayon komandaları əziyyət çəkirlər. Çünki paytaxt klubları yoxlama-yoldaşlıq görüşləri keçirirlər, çox da bekar qalmırlar. Bəs rayonlardan liqalarda təmsil olunan klublar, uşaqlar nə etsinlər? Komandalar öz aralarında nə qədər yoldaşlıq oyunu oynamalıdırlar, uzağı 3-4 dəfə. Bundan başqa, Premyer Liqa klubları aşağı yaş qrupu üzrə komandaları, heç olmasa, il ərzində 1 dəfə xaricə göndərməlidir. Necə ki, bunu “Qəbələ” edir, bir də “Neftçi”. Digər klublardan görməmişəm. Uşaqların inkişafı, daha çox öyrənməsi, artırması, daha səviyyəli futbolçu olması üçün səfərlər, xarici turnirlər mütləq şəkildə olmalıdır. Mənim uşaqlarım 2012-ci ildən “İnter”dədirlər, Bakıdan qırağa çıxmayıblar. Yeganə hal keçən yay oldu, Dərbəndə elə də ciddi olmayan bir turnirə getdilər, bu da valideynlərin hesabına oldu. Sizi inandırım, bu səfərdən sonra uşaqların oyununda əməlli-başdı artım müşahidə olundu. Ən azından başqa ölkəni, onun futbolunu, havasını gördülər. Futbolu təkcə Azərbaycan çərçivəsində qavramaq lazım deyil.

 

Sizcə, klubların uşaq futboluna dırnaqarası yanaşmasının səbəbi nədir, nə etmək lazımdır ki, onlar bu sahəyə ciddi yanaşsınlar?
- Birincisi, bizdə klubların bir çoxunun futbola yanaşması düzgün deyil, insfrastruktur tamamilə yanlış sistem üzərində qurulub. Onlarda əsas məqsəd Premyer Liqada ortabab klub yaradıb Avropaya düşmək, 1-2 mərhələ keçmək və müəyyən məbləğ qazanmaqdır, vəssalam. Fikir versəz, özünüz də görəcəksiz ki, həmin klublarda öz yetirmələri oynamır. Razıyam, futbola biznes kimi yanaşmaq lazımdır. Amma yaddan çıxarmayaq ki, əsl biznes uşaq futbolunu inkişaf etdirməkdir. Çox az sərmayə qarşılığında yaxın illərdə kifayət qədər gəlir əldə etmək mümkündür. Dünya praktikasında da bu gün əsl məqsəd futbolçu yetşdirmək, bir az uğur qazanmaq, satmaq və qazanc əldə etməkdir. Bizdə isə klubları idarə edənlərin yarısından çoxu futbol adamları deyillər. Belə olan halda ciddi uğurdan, inkişafdan danışmaq olmaz. Çox az klubumuz var ki, düzgün sistem qurub yavaş-yavaş addım atır. Bu baxımdan “Qəbələ”nin infrastrukturunu qeyd edə bilərəm. Hərçənd ki, onlar da ortalığa güclü futbolçu çıxarmayıblar. “Neftçi”, “İnter” bu baxımdan “inkubator”a bənzəyir, görün son illərdə nə qədər futbolçu yetişdiriblər. Elə “Bakı”nın özündə, hər bir şərait yaradılmışdı, əla plan qurulmuşdu. İndi klub özü Həvəskar Liqasında oynasa da, baxın-görün Premyer Liqa klublarında “Bakı”nın nə qədər yetirməsi var. Çəx təəssüf ki, “Bakı” və “Xəzər Lənkəran” kimi klublar dağıldı. “Bakı”nın gördüyü işləri indiyə qədər heç bir klubumuz görməyib. Təkcə “Atletiko” və “Lans”la əməkdaşlığı, azərbaycanlı uşaqların bu klublara göndərilməsini yadımıza salaq. Həmin Mahir Mədətov bu gün "Qarabağ"ın və Azərbaycanın ən istedadlı futbolçularından biridir.

 

“Akademiya yaradılmalıdır”
Uşaq futbolunu inkişaf etdirməyin yolu ilk növbədə konkret olaraq akademiya açmaqdır. Uşaq-futbol məktəbi ilə ciddi uğur qazanmaq olmaz. Akademiyanın nəzdində hər bir şərait yaradılmalıdır. Bir neçə il əvvəl bu imkan “Bakı”da, “Xəzər Lənkəran”da var idi, indi “Qəbələ” də belədir. Qalan klublarımızın akademiyası yoxdur. 2005-2015-ci illərdə Azərbaycanda futbolun inkişafına dair dövlət proqramı imzalanmışdı. Tovuzda, Gəncədə və digər böyük rayonlarda futbol akademiyaları açılsaydı, indi bəhrəsini görərdik. Bu qədər vaxt itirdik...

 

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Elvin ƏHƏD

Tarix: 26 Mart 17:48    Oxunub: 393    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 İyun 2018
17 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.