"Hər şey necə olmalıdırsa, elə də yekunlaşacaq" - Qriqorçuk

Topaz Premyer Liqasında XXIII turun ikinci oyun gününə start verilib. Günün ilk qarşılaşması “AZAL Arena”da baş tutub. “Qəbələ” səfər oyununda AZAL-la görüşüb. Milli komandaların qarşılaşmaları ilə əlaqədar yaranacaq fasilə ərəfəsindəki son matça “qırmızı-qaralar” fərqli heyətlə çıxıb. Belə ki, baş məşqçi Roman Qriqorçuk start heyətində 4 dəyişiklik edib.

 

Ötən tur ilk dəqiqələrdən meydanda olan Cavid Hüseynov, Məhəmməd Mirzəbəyov, Rafael Santos və Araz Abdullayevin yoxluğunda baş məşqçi Rasim Ramaldanov, Ruslan Qurbanov, Teo Uiks, Ürfan Abbasova şans verib. Cavidin oynamadığı matçda kapitan sarğısını Ürfan daşıyıb.

 

Gözlənildiyi kimi qarşılaşmaya “Qəbələ” daha fəal başlayıb. Lakin meydan sahibləri üstünlüyün tamamilə rəqibə keçməsinə imkan verməyib. Bu üzdən də azarkeşlər daha çox qarşılıqlı hücumlar izləyib. “Qırmızı-qaralar”ın kiçik ərazi üstünlüyü isə real qol vəziyyətlərinin yaranmasında əksini tapmayıb. Düzdür, Daniel Subotiç fasiləyədək bir neçə dəfə çərçivəni nişan alıb. Amma legionerin zərbələrində dəqiqlik çatmayıb. Qriqorçuk hissənin ortalarında Uiksi Rəşad Eyubovla əvəzləsə də, bu da kəsərli hücumlar təşkil etməyə yetərli olmayıb. Nika Kvekveskiri və Ürfan Abbasovun yaddaqalan zərbələri də ciddi təhlükə yaratmayıb.


İkinci hissədə də oyunun ssenarisi dəyişməyib. Lakin qarşılıqlı hücumlar şəraitində keçən dəqiqələrdə “qırmızı-qaralar”ın həmlələri daha kəsərli alınıb. 52-ci dəqiqədə isə hesab açılıb. Eyubovun ötürməsindən sonra Məmmədovun zərbəsi müdafiəçilərdən dönsə də, topa yiyələnən Qurbanov onu Mütəllimova verib. Müdafiəçinin qapıçı meydanının küncündən endirdiyi zərbə qarşısıalınmaz olub – 1:0.

 

Ardınca isə Subotiç qapıçı ilə üz-üzə qalsa da, fərqlənə bilməyib. Ozobiçin cərimə meydanının küncündən zərbəsi də meydan sahiblərinə gərginlik yaşadıb. Meydana sonradan daxil olan Sergey Zenyov da azı 3 dəfə əlverişli mövqe əldə edib. Qolkiperlə üz-üzə qalan estoniyalının yaxşı zərbə endirməsinə özünü yetirən müdafiəçilər mane olub. Asifin fərqlənməsinə isə qapı tiri imkan verməyib. Bakılıların bərabərlik qolu vurmaq cəhdləri isə ciddi təhlükə ilə nəticələnməyib.

 

Final fitindən 7 dəqiqə əvvəl isə Voislav Stankoviç qapını nişan alıb. Onun zərbəsini qapıçı dəf edib. Matçın 90-cı dəqiqəsində isə meydan sahiblərinin azsaylı hücumlarından biri qolla nəticələnib. Nuqzar Kvirtiya cərimə meydanı daxilindən qapını dəqiq nişan alıb – 1:1. Bu epizodda Dmitri Bezotosnının səhvi də həlledici olub. Qoldan sonra böyük qüvvə ilə irəli atılan “Qəbələ” üstünlüyünü bərpa edə bilməyib. Son saniyələrdə Ramaldanov qapıçı meydanı daxilindən başla zərbə endirsə də, qeyri-dəqiq olub. Beləliklə, “Qəbələ” paytaxt səfərindən 1 xalla dönüb - 1:1.

 

Roman Qriqorçuk: “Komandamın bugünkü oyunundan ümumilikdə razıyam. Düzdür, xal itirməyimizdən razı qala bilmərik. Lakin buna baxmayaraq, yaxşı oyun nümayiş etdirdik. Yalnız istifadə etməli olduğumuz, amma qaçırdığımız epizodlar istisnadır. Aşkar qələbəyə layiq oyun göstərdik. Futbolçuları qınamağa əsas yoxdur. Onlara da bunu dedim ki, həqiqətən də yaxşı oynadılar. Bizə yalnız qollar yetmədi.

 

Bundan sonra sakit məcrada, özünəinamla hazırlığımızı davam etdirməliyik. “Zirə” - “Qarabağ” oyunu haqda fikirləşib, özümü yormaq istəmirəm. Bizim vəziyyətimizdə Ağdam klubunun xal itirməsinə ümid etməliyik. Bunun nə vaxt baş verəcəyini bilmirik. Amma bu da mümkündür. Biz isə özümüzdən asılı olanları etməli, liderlə oyunda da qələbə qazanmalıyıq ki, şansımız olsun.

 

Hər şey necə olmalıdırsa, elə də yekunlaşacaq. Bizim komanda isə düzgün düşünüb, yoluna düzgün davam etməlidir. Komandanın çempionluğa nə dərəcədə hazır olduğuna isə mövsüm başa çatmamış cavab verə bilmərəm. Qarşıda hələ 5 matç var. Bu da az deyil, 15 xaldır. Başa düşürük ki, gələcəkdə bizə yaxşı nəticə qazanmağa imkan verəcək məqamlar üzərində çalışmalıyıq”.

 

AZAL – “Qəbələ” 1:1
“AZAL Arena”, 300 tamaşaçı  
Baş hakim: Ömər Paşayev
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Akif Əmirəli          
Dördüncü hakim: Rəvan Həmzəzadə 
AFFA nümayəndəsi: Ramiz Abdullayev 
Hakim-inspektor: Rövşən Əhmədov
Sarı vərəqələr: Tural Hümbətov, 42 (qeyri-idman hərəkəti); Nuqzar Kvirtiya, 81 (qeyri-idman hərəkəti); Sadio Tounkara, 88 (qeyri-idman hərəkəti) // Teo Uiks, 16 (perspektivli hücumun qarşısını kəsdiyinə görə); Nika Kvekveskiri, 90+2 (qeyri-idman hərəkəti)
Qollar: Nuqzar Kvirtiya, 90 // Tellur Mütəllimov, 52
Artırılan vaxt: I hissədə 1 dəq.; II hissədə 3 dəq.

 

AZAL
23. Aqil Məmmədov
3. Tural Hümbətov
(21. Samir Məsimov, 77)
5. Kamil Hüseynov
18. Ruslan Əmircanov
24. Emin Cəfərquliyev (k)
91. Mehdi Taouil
77. Arkadi Qalperin
(11. Frank Madu, 73)
27. Rəşad Abdullayev
(10. Nuqzar Kvirtiya, 68)
8. Sadio Tounkara
70. Vaqif Cavadov
6. Bəxtiyar Soltanov

Ehtiyat oyunçular: 
1. Tərlan Qasımzadə
55. Qeyrət Qənbərov
16. Feyzi Aşkan
19. Elnur Süleymanov

Baş məşqçi: Tərlan Əhmədov

“Qəbələ”
22. Dmitri Bezotosnı
3. Voislav Stankoviç
5. Rasim Ramaldanov
7. Nika Kvekveskiri
10. Ruslan Qurbanov
(17. Məhəmməd Mirzəbəyov, 89)
11. Asif Məmmədov
19. Filip Ozobiç
27. Teo Uiks
(32. Rəşad Eyubov, 25)
31. Daniel Subotiç
(9. Sergey Zenyov, 57)
34. Urfan Abbasov (k)
88. Tellur Mütəllimov

Ehtiyat oyunçular:
33. David Pietrzkeviç
8. Qismət Alıyev
18. Baqali Dabo
77. Araz Abdullayev

Baş məşqçi: Roman Qriqorçuk

Tarix: 20 Mart 09:45    Oxunub: 135    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 İyun 2017
26 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.