Prezidentdən ŞOK açıqlamalar: "Rövnəq Abdullayev 2-3 il sonra biləcək ki, onu necə aldadıblar"

2017-ci il "Şərurspor" üçün üzücü xəbərlə başladı. Yanvarın ilk günlərində klubun prezidenti Sərdar Bağırov gözlənilmədən həbs olundu. O, vergidən yayınmaqda təqsirləndirilirdi. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin əməkdaşları tərəfindən saxlanılan iş adamı bu müddətdə Kürdəxanıda yerləşən istintaq təcridxanasında saxlanılırdı. Dəfələrlə məhkəmə qarşısına çıxarılan Bağırov 2 gün öncə yenə sürpriz şəkildə azadlığa buraxıldı. 

 

Üç ay dəmir barmaqlıqlar arxasında qalan klub patronu, yəqin ki, həmin günləri heç vaxt unutmayacaq. Barəsində müxtəlif şayiələr dolaşdı, söz-söhbətlər ayaq açıb yeridi. Əslində, vergiyə görə deyil, qeyri-leqal bukmeyker kontorları ilə gizli əlaqələri üzündən tutulduğu iddiaları gündəmdə yer dəyişdirdi. 


Miüzakirələrin davam etdiyi bugünlərdə Bağırova daha bir zərbə AFFA-dan gəldi. Danışılmış oyunlarda iştirakda suçu sübut olunmayan "Şərurspor" I Diviziondan kənarlaşdırıldı. İntizam Komitəsinin bu qərarı açıqladığı günün ertəsi isə o, azadlığa çıxdı. Son iki olay arasında bir bağ varmı? Bu və digər çoxsaylı suallara ən düzgün cavabı yalnız səbəbkarın özündən ala bilərdik. 


Sərdar bəyi tapmaq və görüşmək asan olmadı. Aylarla doğmalarını, yaxınlarını görməyən klub prezidentinin başı bərk qarışıq idi. Telefonlarına zəng çatmırdı. "Jurnalistlər məni bugünlərdə narahat etməsin" xəbərini göndərmişdi. Sportinfo.az-dan olduğumuzu bilincə, razılığını verdi. Hər halda ötən 3 ayda "Şərurspor"la ən çox maraqlanan, operativ informasiya media orqanı olmuşuq və sözsüz ki, o da bunu bilməmiş deyildi.


Görüşümüz çay evlərinin birində baş tutdu. Bağırov dostları ilə birgə futbol oynadıqdan sonra bizimlə stol arxasında görüşdü. "Həmişə azadlıqda" təbrikimizi qəbul edər-etməz, "İçəri"də heç bir problem olmadı. Ordan mənə qalan budu" - əliylə qarınını göstərib, kökəlməsinə işarə elədi və ilk sualı gözləmədən söhbətə körpü saldı.
 

(müsahibənin ilk bölümü ilə burda tanış ola bilərsiz- http://sportinfo.az/news/5803)


Bəlkə AFFA rəhbərliyi ilə üzbəüz əyləşib, bu iradları özlərinə bildirəsiz?
- Kimə? Ordan tanıdığım bir Ramin Musayevdi. Bildiyimə görə, İcraiyyə Komitəsinin iclasında ondan və Qurban Qurbanovdan savayı bir adam bu qərara etiraz etməyib. İkisi də deyib ki, əsassız, sübutsuz addımdı. Əgər Ramin Musayev kimi adam onlarla bacarmırsa, mən gedib neyləyə bilərm ki? "Şərurspor"la "Rəvan"ın uzaqlaşdırılması Ramin müəllimin özünə "minus"du. Bunlarla mən bacarmadım. Adımın ləkələnməyindən qorxuram. Mən bu işlə məşğul olsaydım, komanda saxlamağıma ehtiyac yox idi. "Göyəzən", "Energetik", "Turan", "Şəmkir"… Hamısı acından ölənlərdi. 


Adını çəkdiyiniz klublar da "qumar"a girişiblər?
- Onlar pul xərcləmirlər. Belə işlərlə məşğul olmaq istəsəydim, bir komandanı ələ alardım, istədiyimi də edərdim. Bilmirəm o klublar bu işlə necə məşğul olurlar. Hərənin öz işi var. 


AFFA-nın cəzalandırdığı və xəbərdarlıq etdiyi klubların hamısı "kənardan gələnlərdi". Yəni, SOCAR-ın maliyyələşdirdiyi bir komandanın adı "qara siyahı"ya düşməyib. Bu, sizə nəsə deyir?
- Belə çıxır ki, bizi "mətbəx"ə buraxmırlar. Çıxıb getməyimizi istəyirlər. 


Böyük "mətbəx"di?
- Bunu jurnalistlər bilər (gülür). Hamıyla ünsiyyətdəsiz.


Bizə sizin nə fikirləşdiyiniz maraqlıdı.
- Ötən 10 ildə dövlətin futbola ayırdığı vəsaitdən, yəqin ki, xəbəriniz var. Ona əsasən müəyyənləşdirin ki, böyük, yoxsa kiçik məbləğdən söhbəti gedir. O qədər pul ayrıldı, nəticəsi nə oldu, futbolumuz inkişaf elədi? Bu gün Ermənistan yığmasıyla iki dəfə oynayaq, ikisində də bizi udacaqlar. Bu, reallıqdı. Norveçlə qələbə, Çexiya ilə heç-heçə reallıq deyil. Mən sizə sual verirəm: Ermənistan yığmasını uda bilərik? Ermənilər Avropaya Mxitaryan kimi oyunçu verib. Bəs biz kimi vermişik Avropaya? Hansı futbolçumuz "İnter"də, "Milan"da, "Mançester Yunayted"də oynayır? 


Bəzən deyirlər ki, futbolçularımız həmin klublarda oynamasa da, həmin klublarla Avropa Liqasında üz-üzə gəlirik…
- "Qəbələ"də, "Qarabağ"da oynayanlar kimlərdi? 


Təbii ki, əksəriyyəti legionerdi. Klublarımız yalnız yerli futbolçuların ümidinə qalsa, bu kimi turnirlərdə 1-2 mərhələdən artıq keçə bilməz.
- Yenə sağ olsun, o klubların sponsorları, rəhbərləri. Onlar vəsait ayırır, legionerləri Azərbaycana gətirmək mümkün olur. Bu gün söhbət Azərbaycan yığmasından gedir. 


Deməli, siz hesab edirsiz ki, bukmeyker kontorları millimizin üzərindən iş görür…
- Bəli. Əgər AFFA düşünürsə ki, totalizator şəbəkəsi "Şərurspor"un üzərindən bu işləri görür, mən də eyni sözləri milli haqda deyirəm. 


Bizə elə gəlir ki, "Şərurspor"u sizi arxasız gördükləri üçün "vurdular".
- Ola bilər.


Hər halda siz Mübariz Mənsimov, Hafiz Məmmədov və onlar kimi digər oliqarxlar qədər güclü deyilsiz.
- Ola bilər. Mən özümə arxayınam. Heç kəsə arxalanmamışam. Bu gün danışdığım sözü heç kəsə arxayın olub danışmıram. Vuracaqlarsa da, məni vuracaqlar. Blokun ağzında güllələdəcəklərsə də, məni güllələdəcəklər. Qorxmadan danışıram. Yenə deyirəm, Azərbaycan futbolu o insanlardan təmizlənməlidi. Azərbaycan futbolunu rus və ingilis dillərində danışmağı üstünlük sayanlar yox, vaxtilə futbol oynamış, futbolda ad qoymuş şəxslər idarə etməlidi. Kazbek Tuayevimiz, Vaqif Sadıqovumuz var. Vəzifəyə onlar gəlməlidi. Bu adamlar iş başında deyil, qalıblar kənarda. Ona görə də AFFA nə deyir, əllərini yuxarı qaldırmağa məcburdular. Susurlar ki, Sərdar müəllimin gününə düşməsinlər.

 

Amma faktdı ki, dediyiniz veteranlar 200-300 manat pensiya alıb susurlar.

- Məcburdular. Yoxsa onları da mənim kimi edəcəklər.


Maşallah Əhmədov dələduzluq maddəsi ilə həbs olunub və hazırda Kürdəxanı təcridxanasında saxlanılır. Onunla üz-üzə gəlmək imkanınız oldumu?
- Görmədim, açığı. Mən kamera şəraitində oturan adamam, türmənin həyətində gəzməyə çıxmırdıq ki, onu da görəm. 
 

Sirr deyilsə, axır 2 ildə futbolda nə qədər pul itirdiz?
- Bunu özünüz də asanlıqla hesablaya bilərsiz. Komandamızda 30-35 nəfər adamın olmasını, səfər oyunlarına getməyi, hər məşqə görə yerpulu verməyi, futbolçuların, məşqçi və texniki işçiilərin maaşını bir-birinin üstünə gəlin, orta rəqəmi tapacaqsız.


İllik hardasa 250-300 min manat.
- Rahat. İlə 250 min manatım gedib. Son illərdə bütün dünyada devalvasiya gedir. Mən bu çətin vaxtlarda Azərbaycan futboluna kömək etmişəm. Halbuki mənim Azərbaycanda heç bir biznesim yoxdu. Nə biznesim varsa, ölkə xaricindədi. Mən burda heç bir iş görmürəm.


Bu, nədən irəli gəlir?
- Belə alınıb da…


Xaricdəki biznesinizi nə vaxtdan qurmusuz?
- Çoxdan, lap çoxdan.


Biznesinizin olduğu ölkələrdə klub yarada bilməzdiz? Niyə bu klubu iş qurmadığınız Azərbaycanda yaratmaq qərarına gəldiz?
- Mən öz millətimin qabağa getməsini istəyirəm. Mən bukmeyker kontorları ilə iş görən olsaydım, elə xaricdə, lap elə Abramoviç kimi İngiltərədə gedib bir klub götürərdim. 


İngiltərədə lub almağa maddi gücünüz çatar?
- Mən məsəlçün dedim. İngltərədə klub almağa gücüm çatmaz.


Onda gücünüz nəyə çatır?
- Gücüm Azərbaycan futbolunu idarə etməyə çatır. Mən futbolu, idarəçiliyi Rövnəq müəllimin o adamlarından yaxşı bacarıram. 


Belədisə, sizcə, Rövnəq müəllim həmin insanları AFFA-da niyə saxlayır?
- Bu, onların şəxsi işidi, mən qarışa bilmərəm. Hərənin öz "komanda"sı var. Bu gün dəqiq bildiyim odu ki, Rövnəq müəllimi aldadırlar. 


O, bunu nəvaxtsa bilməyəcək?
- Millimiz 2-3 il sonra gedib San Marinyo, Andorraya uduzanda, biləcək ki, onu necə aldadıblar. 


Baş məşqçiniz Əfqan Talıbov saytımıza bildirmişdi ki, Naxçıvanda stadion və baza tikmək, "Şərurspor"u orda yerləşdirmək fikriniz var. Artıq bu planlarınızın da üstündən xətt çəkirsiz?
- Qardaş, biz bu respublikada yaşayırıq. AFFA ötən 15 ildə ulu öndərimiz Heydər Əliyevin xatirəsinə bir turnir keçirməyib. Onun qurub-yaratdığı ölkədə yaşayırıq, pul qazanırıq, amma bir turnir təşkil etmirik. Nəhayət, ötən ilin mayında mənim təşəbbüsümlə Naxçıvanda keçirdik. Ramin Musayev, təklif elədi, mən də canla-başla razılıq verdim. O yarış da bukmeyker kontorlarına salınmamışdı ki, vəsait ödəyib komandamı Naxçıvana aparım. CBC Sport kubokunu keçirəndə də təklif etmişdim ki, 10000 manat mükafat qoyum, turnir maraqlı olsun. Onda da razılıq vermədilər. 


Başınıza gələn bütün bu hadisələrdən sonra bir də üzünüzü futbola tərəf çevirəcəksiz?
- Mən futboldan tamamilə aralanmamışam. Özüm hər gün dostlarla futbol oynayıram. Mən elə futbola marağımın üzündən klubu yaratmışam da…Görmüşəm Əfqan Talıbov işsiz qalıb, ona görə "Şərurspor"u yaratmağı qərara aldım. Biz onunla yaxın dostuq. "Şərurspor" ilk dəfə 4 il qabaq həvəskarlar liqasında çıxış edib. Əfqan müəllim baş məşqçimiz idi, komandanı çempion elədi. Sonra ona eyni gündə həm "Turan", həm də "Qaradağ Lökbatan"dan təklif gəldi, dedim, dostluq öz yerində, sən get pulunu qazan. "Qaradağ"dan çıxandan sonra da çağırdım bura. Bu bir neçə ildə çox əsəb keçirmişəm, əzab-əziyyət görmüşəm. Əgər futbolda bir iş görə bilsəydim, çəkdiyim əzab-əziyyətə heyfim gəlməzdi. Heç nə edə bilmədim. Adamları nə qədər aldatmaq olar e?! Bunu yadınızda saxlayın, millinin səviyyəsi deyil Norveçi udmaq. Millinin səviyyəsi San Marinonu 1:0 udmaqdı. O da rəqib 58-ci dəqiqədə 1 nəfər azlıqda qalandan sonra. Xorvatiya ilə 0:0 oynadıq Bakıda, heç o da futbolumuzun səviyyəsi deyil. Öz aramızdı, biz Xorvatiya kimi komandayla 0:0 edə bilərik? 


Çox incə mətləblərə toxunursuz.
- Həqiqətdi bu. Gürcüstanla oynayaq, birini udsaq, deyərəm, bizdə inkişaf var. Ermənilərə uduzmağı təsəvvür etmək istəmirəm, biabırçılıq olar. Bəlkə düşmən olduqları üçün vətənpərvərlik hissi futbolçularımıza güc gələr, udar - bunu deyə bilmərəm. 


Nə əcəb, qarşılaşdığınız hadisələri ictimailəşdirmirsiz, səsinizin daha yuxarı instansiyalara çatmasını istəmirsiz?
- Bax, ucadan deyirəm: tülkü tülkülüyünü sübut eləyənə qədər dartıb dərisini boğazından çıxarırlar. Bu, mənim həyat və futbol təcrübəmdən çıxardığım nəticədi.


Futbolda qarşılaşdığınız "tülkü"lərin başqa sahələrdə gördüyünüz tülkülərdən fərqi nədi?
- Qardaş, bunlar Banişevskinin xatirəsinə keçirdikləri turnirin finalında oynamağa top tapmayıb, mən alıb vermişəm - indi siz nədən danışırsız? 


Bu, sözün bitdiyi yerdi…
- Özünüz baxıb qiymət verin də indi… "Dalğa Arena"da finaldı, təşkilatçı gəlib məndən top xahiş edir. Bəlkə də AFFA-nın anbarında tonlarla top var. Bunların futbola göstərdiyi "qayğı" budu da. 


Biznesdə necə, əliniz gətirir?
- O artıq şəxsi məsələdi. 


Sizdən xahiş eləsələr ki, geri qayıdasız, yenə "xeyr" cavabı verəcəksiz?
- Əgər Rövnəq müəllim AFFA-nı həmin adamlardan təmizləyərsə, mümkündü qayıtmağım. Rövnəq müəllim bizim ağsaqqalımızdı. Dövlət məmuru olduğuna görə AFFA-ya çox vaxt ayıra bilmir. Odu ki hərə öz "iş"indədi orda. Nə istəyirlər, edirlər. Rövnəq müəllimə yaxın olsaydım, sözümü deyə bilsəydim, mən hər şeyi izah edərdim. Təəssüf ki, sözümü ona çatdırmaq imkanım yoxdu, həmin adamlar da özlərinə sərf edəni Rövnəq müəllimə deyirlər. 


Niyə yayda yeni klub yaradıb, divizionda iştirak etmək istəmirsiz?
- Niyə yaradım, "Şərurspor" yaşayır və yaşayacaq. Rövnəq müəllim AFFA-da kadrları dəyişsə və icazə versələr, "Şərurspor"la çempionata qayıdaram. Başqa komanda yaratmaq fikrim yoxdu. Naxçıvan Futbol Federasiyasına müraciət edəcəm. Şərurlu gənclərdən ibarət komandayla gələn sezondan Naxçıvan çempionatında olacağıq. Şərur rayonunun özündə 4 meydança var. Həm təbii, həm süni. Hamısı standartlara cavab verir. Ordan problem olmadan istifadə edə bilərik. AFFA-nın dediyi kimi, əgər mən bukmeyker kontorları ilə iş görən olsaydım, 1 il həvəskarlar liqasında havayı komanda saxlamazdım. 200 min manatım da orda getdi. Futbolçulara 300-500 manat maaş verirdim. Bu maaş heç birinci dəstə klublarının çoxunda yoxdu. Futbolu atanların bir neçəsini mən geri qaytarmışam.


Naxçıvandan söz düşmüşkən, "Araz" da ötən mövsümün əvvəlində çempionatı tərk etdi.
- Haqq qazandırıram. Düzgünlük olsaydı, "Araz" niyə çempionatı tərk edirdi ki? Haqsızlığa dözə bilməyənlər bu çempionatdan tez çıxır. Gəldiyim ilk vaxtlarda mən bu qara qüvvələrin futbolda belə kök atdığını bilmirdim. 


Hafiz Məmmədovdan soruşa bilərdiz.
- Onunla şəxsi tanışlığım yoxdu. Ümumiyyətlə, futbol adamlarını son 3 ildə tanımışam. Əfqan Talıbov mənə ən yaxın adamdı. Çox sadə insandı. Çörəyi olmasa, gəlib deməz ki, acam. Təmiz və düzgün məşqçi olduğu üçün qıraqda qalıb. "Şərurspor"un dağılması mənə ona görə təsir edir ki, 30-35 nəfər çörəksiz qaldı. 500 manat maaş alırdılar, evlərini birtəhər dolandırırdılar. Rayonda komanda saxlamağa nə var?! Hamısı yerli uşaqlardı, 50 manata oynayırlar. Ad da olur ki, Qazaxda, Qusarda, Mingəçevirdə futbol var.

 

Söhbətləşdi: İlkin, Elvin

Tarix: 19 Mart 19:36    Oxunub: 715    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Mart 2017
26 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.