AFFA prezidentindən “yox” cavabı - " “Hər adamı yazmaqla..."

AFFA 2016-ya yekun vurdu. Konfransda ötən ilin hesabatı təqdim olundu. Bununla yanaşı, İcraiyyə Komitəsində (İK) olan vakant yerə üzv seçildi. Daha sonra isə İK-nın toplantısı keçirildi və bir sıra qərarlar qəbul olundu. İstər 2016-cı ilin maliyyə hesabatı, istərsə də İK-nın bəzi qərarları diqqəti çəkdi və belə məqamlara nəzər salmağı lazım bildik (Futbol+).

 

AFFA prezidentindən Axundova “yox” cavabı
Məlum olduğu kimi, İK-dakı vakant yerə Futzal Federasiyasının prezidenti Zaur Axundovun namizədliyi irəli sürülmüşdü və o quruma üzv seçildi. Toplantının ardından jurnalistlərin suallarını cavablayan Zaur bəy futzala ayrılan maliyyə ilə bağlı bunları demişdi: “Maliyyə problemlərinə baxmayaraq, AFFA bizə lazım olan dəstəyi verir. Heç bir narazılığımız yoxdu”. Ancaq maraqlıdı ki, assoasiasiya 2015-lə müqayisədə ötən il futzala daha az vəsait ayırıb. Konkret 70 minə yaxın azalma var. AFFA 2015-ci ildə Futzal Federasiyasına 410000, ötən il isə 331030 manat vəsait ayırıb. 


Futzalla bağlı ən maraqlı məqam isə AFFA prezidentindən Axundova “yox” cavabının verilməsi oldu. Belə ki, bir müddət öncə Zaur bəy belə bir təklif irəli sürmüşdü ki, Qazaxıstanda olduğu kimi, premyer-liqa klublarının nəzdində də futzal komandası yaradılsın. Ancaq həmin vaxt klublar maliyyə sıxıntılarını əsas gətirib, bu təklifə isti yanaşmamışdı. Axundov həmin məsələni yenidən aktuallaşdıracağını söylədi: “Gələn iclaslarımızda bu məsələni bir daha qaldıracam. Hər bir klubun futzal komandası olsa, daha məqsədəuyğun olar. Maliyyə problemi bütün düyanda var, tək Azərbaycanda deyil. Bunu zamana buraxıb müzakirə edəcəyik. İmkan vermərik ki, Azərbaycanda futzalın səviyyəsi aşağı düşsün. Dünya reytinqində millimiz ilk “10-luq”dadı. Bu nəticəni daha da yaxşılaşdırmalıyıq. Buna görə də AFFA rəhbərliyi də lazımı dəstəyi verir”. Bununla belə, İK-nın toplantısından sonra təşkil olunan mətbuat konfransında Rövnəq Abdullayev Axundovun təklifinə isti yanaşmadı: “Futbol komandalarını piləyə-piləyə saxlayırıq. Hələ ki klublarda futzal komandası yaratmaq planımız yoxdu”. Bununla da Zaur bəyin istəyinin gerçəkləşməsi real görünmür.

 

Oqtay Abdullayev: “Hər adamı yazmaqla ona təqaüd verilmir”
İK-nın iclasında 7 futbol veteranına AFFA-nın təqaüdünün verilsməsinə də qərar verildi. Bunlar Səməd Qurbanov, Asəf Namazov, Rafiq Mirzəyev, Abdulla Məmmədov, Məzahir Süleymanzadə, Rafiq Quliyev və Rafiq Yusubovdu. Razılaşaq ki, siyahıdakı adların əksəriyyəti bizə tanış olsa da, bəzilərinin ölkə futbolundakı rolunu anlamaq çətindi. Məlum olduğu kimi, təqaüd almaq istəyənlər Futbol Veteranları İttifaqına müraciət edir, həmin qurum isə siyahını İK-ya verir. Bu üzdən Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevlə danışmağı lazım bildik: “Biz sənədləri hazırlayıb İK-ya təqdim edirik, onlar qərar verir. Həmin siyahıda 7 yox, 40-dan çox adamın adı vardı. Rafiq Yusubov Gəncədə oynayıb, yaxşı futbolçu olub. “Neftçi”yə də cəlb edilib. Ancaq karyerası əsasən Gəncə ilə bağlıdı. Hazırda da Gəncədə yaşayır. Rafiq Quliyev də tanınmış futbolçulardan biridi. Hazırda Moskvada yaşayır. SSRİ dövründə futbolçu karyerasını bitirdikdən sonra hakimlik edib. Özü də güclü hakimlərdən olub. Orda futbolla bağlı olmayan birini biz yazsaq da, İK qəbul etməyəcək. Ancaq biz özümüz də yazmarıq axı. Hər adamın adını yazmaqla ona təqaüd verilmir. Onun ölkə futbolundakı xidmətlərinə baxılır. Təqaüd birdən-birə verilmir. Bütün sənədlər hazırlanmalıdı. Bizə müraciət edirlər, özləri sənədləri toplayıb gətirirlər. Müavinim Rüstəm Rəhimov baxır, verir AFFA-ya. Orda sənədlərə baxıb, qərar verirlər. Bizim verdiyimiz siyahıda Vaqif Davudovun da adı var idi. O özü də sənədlərini bizə vermişdi, biz də AFFA-ya təqdim etmişdik. İK-da araşdırılır, səsə qoyulur və qərar verilir. İstənilən futbol veteranı müraciət edə bilər. Təbii, 63 yaşdan yuxarı olanlar”.

 

İki ilin müqayisəsi: gəlir də artıb, xərc də...
Ötən il AFFA-ya daxil olan vəsait 2015-ci ildəkindən daha çox olub. Bu fərq 1845495 manatdı. Ancaq çəkilən xərc də eyni deyil. 2015-lə müqayisədə 2016-cı ildə AFFA daha çox pul xərcləyib. İki il arasında fərq 1342602 manatdı. Göründüyü kimi, gəlirlə yanaşı, xərc də artıb. Həmçinin bəzi maraqlı rəqəmlər də var. Tutaq ki, U-17-nin püşkatma mərasiminə 157 min manatdan artıq vəsait ayrılması diqqəti çəkməyə bilməz. Hansısa Avropa ölkəsinin qrupların tərkibini müəyyən edən mərasim üçün bu qədər pulundan keçəcəyi inandırıcı görünmür.

Tarix: 19 Mart 13:15    Oxunub: 275    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 Aprel 2017
27 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.