“Bəxt üzüyü” filmindəki Tanrıverdi dayıya oxşayan “Neftçi”!

80 il. Bu bilirsiniz, nə deməkdir? 1937-ci ildə Hitler hələ SSRİ-yə hücum etməmişdi, Mikayıl Müşfiq və Hüseyn Cavid sağ idi, Respublika stadionunun yerinde itlər ulayırdı. 


Bu gün “Neftçi” “Bəxt üzüyü” filmindəki Tanrıverdi dayıya oxşayırdı. Qocalıb, əldən düşüb, yaşayır, hələ də həyat eşqi var. Amma uşaqları, nəvələri hamısı onu atıb gedib və tək yaşayır. 12 minlik stadiona uzağı 1500 adamın (protokolda göstərilən qədər 2500 olmazdı) gəlməsi məğər biganəlik deyil? Axı bu şəhər sizin, bizim, Çingiz Abdullayevin, Kazbek Tuayevin, Ruslan Abışovun - hamımızındır. Axı vətən blokdan, məhlədən, rayondan, şəhərdən, şəhərin komandasından başlayır.

 

Axı Bakının 32 kəndi, Sovetskisi, Kubinkası, Yasamalı, mikrorayonları, tini-dalanı, “ağı-qara”sı var. Axı Bakının “bakintsı eto natsiya” deyən “russskoyazıçnılar”ı var. Hardaydılar bu gün? Əks arqumenti bilirəm, “camaat indi bir tikə çörəyinin hayındadı, nə futbol”. Amma doğma klubu sevmək, ona çətin gündə dəstək olmaq həm də bir mübarizədir, bir yaşamaq həvəsidir, bir döyüşdür. Bu gün müdürünə bir qarın yeməyə görə bir söz deyə bilməyənlər sabah ailəsinə, məhəlləsinə, şəhərinə yiyə dura bilməyəcəklər. 

 

80 yaşlı axsaq kişi “Qəbələ” ilə oyunda “Maribor”a dəstək olmaq üçün stadiona gəlmişdi. Oyun qutardı, “Maribor” mərhələ keçə bilmədi, ağsaqqal hələ 15 dəqiqə stadionda qaldı, hamı kimi komandasını alqışladı. Həmin an diabetik olduğunu, insulininin vaxtının çatdığını, ayağındakı sızıltını yaddan çıxarmışdı. Çünki “Maribor” onun üçün həm məktəbə getməyə hazırlaşan sevimli nəvəsi, həm yuxularına girən ilk məhəbbəti, həm həftədə üç dəfə sevə-sevə yediyi qarabaşaq, həm də pensiya kartı idi. 


Həftələrlə “Neftçi”dən yazıldı, sosial şəbəkələrdə təbliğat getdi, Banişevskidən tutmuş Cavadova, Tağızadəyə kimi hər kəs yada düşdü və son nəticə...boş tribunalar. Bu futboldan iyrənmək deyil, bu Azərbaycan çempionatının maraqsız olması anlamına da gəlmir. Bu biganəlikdir! Həyatda ən təhlükəli şey – BİGANƏLİK!

 

Elnur Məmmədli

Tarix: 19 Mart 12:10    Oxunub: 259    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2017
27 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.