Qurban Qurbanov 2 klubun dağıdılmasının əleyhinə çıxdı

AFFA-nın İcraiyyə Komitəsinin (İK) son iclasında 11 qərar qəbul olundu. Onlardan biri də danışılmış oyunlar və oyun nəticələrinin manipulyasiyası ehtimalı ilə bağlı UEFA-dan daxil olmuş xəbərdarlıqlar barədə qərar qəbul olunmasının İntizam Komitəsinə tapşırılması haqdadı.


Ertəsi gün gözlənilən hadisə baş verdi - İntizam Komitəsi AFFA-nın ali orqanının tapşırığını yerinə yetirib, "Rəvan" və "Şərurspor"u I Diviziondan uzaqlaşdırdı. Mövsümün qalan oyunlarında 3:0 hesablı texniki məğlubiyyətlə "mükafatlandırılan" komandaların futbolçularına azad agent statusu verilib.


Son qərarı rəğbətlə qarşılayanlar olduğu kimi, əksini düşünənlər də az deyil. AFFA-nın oyun "alver"inə qarşı, nəhayət ki, sərt mübarizəyə start verməsi təqdirəlayiqdi. Federasiya UEFA vasitəsilə əldə etdiyi faktları açıqlasaydı, son şübhələr də aradan qalxardı. Bunu isə etmirlər. Niyə etmirlər, onları üstübağlı iş görməyə kim inanlırıb, nəyin məcburiyyətində qalıblar – bilinmir. Demək istəmirlər və belə bir niyyətdə olduqlarını sezdirmirlər. 


Hə, UEFA-dan aramsız xəbərdərlıq siqnalları gəlib, biz də cəza mexanizmini işə salmışıq… Bu, gülməlidt. Heç bir hüquqi əsası yoxdu. Dörd aydan artıqdı ki, AFFA-nın nəzdində xüsusi araşdırma komissiyası yaradılıb, bura daxil olan "ekspertlər" isə boş-boş danışmaqdan və şübhələndiklərinə veyil-veyil sual verməkdən başqa heç nəylə yadda qalmayıb. Çağırıb, ordan-burdan mənasız sual verib, "sənə yaxşı yol" deyib, qapıdan yola salıblar.


"Rəvan" federasiyanı məhkəmə ilə hədələyib. "Bu qərarı verənlər bizə qarşı insafsızlıq elədilər. Belə vicdansızlıq olmaz! Üstümüzə atdıqları ləkəni təmizləmək üçün sonadək mübarizə aparacağıq. Lap AFFA-nı məhkəməyə vermək olsa belə, biz bunu edəcəyik. Heç kimə icazə vermərik ki, klubumuza şər atsın. "Rəvan" bu ləkəni üzərindən təmizləmək üçün bütün addımları atacaq, nə lazımdısa, edəcək! Ömründə qoymarıq ki, klubumuz bu iyrənc işlərə görə tarixdə qalsın. "Rəvan" fəaliyyətini dayandırar, "oğru" damğasıyla barışmaz. AFFA tamamilə əsassız, sübuta söykənməyən absurd qərar çıxarıb - bu sözləri Sportinfo.az-a ötən açıqlamasında vitse-prezident İlqar Axundov deyib.


Sportinfo.az-ın məlumatına görə, İcraiyyə Komitəsinin iclasında bu iki klubun çıxışına xitam verilməsinə yalnız Qurban Qurbanovla Ramin Musayev etirazını bildirib. Komitənin üzvü olan "Qarabağ"ın baş məşqçisi bildirib ki, aşağı dəstə təmsilçilərinə diqqəti artırmaq lazımdı, onları çempionatdan uzaqlaşdırmaq risklidi. Yəni ki, bu, gözlənilən effekti verməyə bilər.

 

Peşəkar Futbol Liqasının prezidenti isə xüsusi komissiyanın UEFA-dan gələn siqnalları araşdırdığını və heç birini doğrulamadığını xatırladıb, bildirib ki, divizionda çıxış edən futbolçuların mütləq əksəriyyətinin səviyyəsi aşağıdı, onları nəinki peşəkar, hətta həvəskar belə saymaq olmaz. Odu ki, şübhəyə səbəb verən halları sübuta yetirmək çətindi və 1-2 nəfər bu çirkli işlərə əl bulayıbsa, buna görə klubları yarışdan xaric etmək çox ağır qərardı. Komitədə yer alan futbol adamlarından Vaqif Sadıqovla Kazbek Tuayev isə ağzına su alaraq, fikir bildirməkdən imtina edib.

 

Tarix: 18 Mart 17:17    Oxunub: 718    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2017
27 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.