“Konkret olaraq cavabım budu ki, mən ateist deyiləm, aqnostikəm”

Sportinfo.az “Sumqayıt”ın müdafiəçisi Bəhlul Mustafazadənin müsahibəsini təqdim edir:

 

- “Sumqayıt”da özümü əla hiss edirəm. Burda komanda yoldaşlarımın əksəriyyətini çoxdan tanıyırdım. Ona görə adaptasiya problemi yaşamadım. Hər şey qaydasındadı.


Yəni, demək istəyirsən ki, “Sumqayıt”da da özünü “Qəbələ”dəki kimi rahat hiss edirsən.
- Tamamilə düzdü, çox rahatam.


Bildiyimiz qədərilə “Neftçi” və “Zirə” də sənin xidmətində maraqlı olub. Niyə məhz “Sumqayıt”?
- Bəli, varinatlar var idi, konkret adlar çəkmək istəmirəm. Ən münasib variant “Sumqayıt” idi, ona görə seçimi bu klubdan yana etdim. Mənə oynamaq lazımdı, məqsədim daha güclü çempionatda çıxış etməkdi. “Sumqayıt”ın tramplin olacağını düşündüm. Bura məhz bu məqsədlə gəlmişəm. Planlarım böyükdü, ilk öncə davamlı oynamaq lazımdı. Ailəmlə, “Qəbələ” rəhbərliyi ilə məsləhətləşdik, Sumqayıta yollanmağıma daha isti münasibət göstərdilər. Fikrim Azərbaycanda qalmaq deyil. Buna görə maksimum çalışıram.


Azərbaycandan kənarda hansı ölkədə oynamağı düşünürsən, istəyirsən?
- “Top-5” ölkələrin çempionatlarını nəzərdə tuturam. Bunu çoxdan müəyyənləşdirmişəm, hədəflərim çox böyükdü, ciddidi. “Barselona” olsa, niyə də yox? Ancaq “Böyük beşlik” ölkələrində istənilən bir klubda oynayaram.


Doğrudan ciddi yerlərdən danışırsan. Digər tərəfdən baxsaq, “Sumqayıt”a gələndən geridə qalan 8 turda yalnız iki dəfə meydana çıxmısan. “Kəpəz”ə qarşı 90, “Qarabağ”a qarşı 62 dəqiqə oynamaq qarşına qoyduğun məqsədə çatmaq üçün nə dərəcədə ümidverici göstəricidi?
- Bura gəlməmişdən qabaq mənə vəziyyəti başa salmışdılar, demişdilər ki, planları gələn mövsüm üçün qururuq. Bu transfer növbəti mövsüm üçün planlaşdırılıb. Ona görə bu mövsüm mənə lazım olan maskimum çalışmaqdı.


Deməli, cari mövsümün sonuna qədər Samir Abasov sənə nə qədər şans versə, qənimətdi.
- Düzdü, mən də gələn mövsümü gözləmək fikrində deyiləm. Bacardığım qədər çalışıram ki, tam hazır olum və baş məşqçi mənə şans verib oynatsın.


Bu gün “Sumqayıt”ın müdafiə xəttində kifayət qədər problemlər var. Sənin istedadına, bacarığına bələd olan adam kimi deyə bilərik ki, komandaya xeyir verə bilərsən. Amma fakt budu: 8 oyuna cəmi 2 dəfə meydana çıxmısan.
- Bu baş məşqçinin qərarıdı, ona hörmətlə yanaşıram. Nə vaxt şans versə, çıxıb oynamağa hazıram. Hələliksə mənə düşən məşqlərdə var gücümlə çalışmaqdı. Samir Abasovun işinə, seçiminə qarışa bilmərəm, onunla münasibətim də çox yaxşıdı.


Bəhlul, indisə keçək həlledici məqama. Bəri başdan deyək ki, sənin şəxsi fikrin, seçimin var və buna kimsə müdaxilə edə bilməz. Sadəcə, dini mövqeyin, dini baxışlarınla bağlı iddialar doğrudu? Həqiqətən komanda yoldaşlarına demisən ki, mən Allaha inanmıram, Quranı qəbul etmirəm?
- Belə şeylər barədə danışmaq istəmirəm, yazdıqlarınızı ailəm oxuyub, çox narahat olublar. Sizin o yazıda iddialarınızın çoxu yalandı.


Bəhlul, biz heç nə iddia etməmişik. Bunu bizə klubun daxilindən deyiblər, eləcə də səni yaxından tanıyan futbolçu yoldaşların saytımızın “feysbuk” səhifəsinə yazmaqla bildiriblər.
- Mən klubda ab-havanı pozduğuma görə guya, məşqçi ilə, komanda yoldaşlarımla aramızda narazılıq yaşanıb. Bunların heç biri həqiqət deyil. Klubda hamı ilə çox gözəl münasibətim var, o cümlədən məşqçilər korpusu ilə.


Ola bilər ki, kimsə bizə yalnış informasiya versin, yaxud məsələni şişirtsin. Sən özün əsl həqiqəti açıqlaya bilərsən?
- Dini baxışlarım barədə mən sizə konkret fikir deməyəcəm. Şəxsi işimdi. Açıqlamağa məcbur deyiləm. Kimsə sizə nəsə deyibsə-yazıbsa, sübutu olmayan şeylərdi.


Nə təkzib verirsən, nə də təsdiq. Deməli, dini baxışlarınla bağlı iddialar doğrudu...
- Tam olaraq doğru deyil. Mənimçün problem deyil, istədiyinizi yaza bilərsiz, hazıram belə şeylərə. Sadəcə, ailəmin pis olmasını istəmirəm, onlar oxuyub narahatlıq keçiriblər. Sübut olunmamış iddialardı, yazmısız.


Sübut olunmamış iddia nəyə deyirsən, Bəhlul?
- Bu barədə sizə düzgün məlumat verməyiblər. Siz də götürüb yazmısız. Əgər klubda komanda yoldaşlarımla, yaxud məşqçilərlə bir problemim olsa, özüm çıxıb gedərəm.


Allahın varlığını qəbul etmirsən?
- Mən özümü tam olaraq ateist saymıram. Nə də kiminsə yanında deməmişəm ki, Allahı qəbul etmirəm. Bu kluba gələndən heç kimə bir söz deməmişəm, nətər çıxıb, başa düşə bilmirəm.


“Qəbələ”də də bu barədə heç kimlə söhbətin olmayıb?
- Xeyr, olmayıb. Şəxsi məsələdi bu, gedib kiməsə deyəsi deyiləm ki.


Konkret nə təkzib edirsən, nə də təsdiq...
- Mən məcbur deyiləm Allahın varlığını təsdiq, yaxud təkzib etməyə. Mənim işim futboldu. Allaha inansam da, inanmasam da, ümumiyyətlə nəyə inandığımı sizə demək məcburiyyətində deyiləm. Şəxsi həyata qarışa bilməzsiz. Ailəm oxuyub pis olur, onlara görə narahatam.

 

Bəhlul, biz sənin şəxsi həytına müdaxilə etmirik. Atesit də olsan, deist də olsan, bizə aidiyyatı yoxdu, sənin şəxsi işindi. Əgər deyilənlər həqiqəti əks etdirmirsə, bu futbolçuların sənlə nə şəxsi qərəzi ola bilər ki? Eyni zamanda konkret fikir də bildirmirsən və bu, ictimaiyyətdə şübhə yaranmasına əsas verir. Həqiqətən elə deyilsə, konkret olaraq cavab verib şübhələri üzərindən ata bilərsən. Sənin hansı əqidədə olmağının bizim üçün heç bir fərqi yoxdu. Amma futbolçusan, üzdə olan insansan, milli komandanın kapitanısan. Nə şübhəli məqam varsa, buna yalnız sən aydınlıq verə, söz-söhbətlərə son qoya bilərsən.
- Konkret olaraq cavabım budu ki, mən ateist deyiləm, aqnostikəm (Tanrıların varlığının və ya yoxluğunun bilinə bilməyəcəyini nəzərdə tutan elmi fəlsəfi cərəyan. Aqnostisizm bütün dinləri və onların irəli sürdüyü tanrıları qəti sürətdə rədd edir. Aqnostiklər tanrının varlığı barədə dəqiq bir qərar vermək üçün uyğun şərait olmadığını düşünür. Dinlərin tanrıdan gəldiyini qəbul etmir-red). Amma bunu hər yerdə deməyi xoşlamıram. Kimdənsə qorxmuram, problem yoxdu, sadəcə hər yerdə demək istəmirəm.


Əlbəttə, kiminsə kimdənsə çəkinəcəyi-qorxacağı yoxdu. Biz yalnız Allahdan qorxuruq. Nə də səninlə şəxsi-qərəzimiz yoxdu ki, əleyhinə kampaniya aparaq, yazı yazaq. Bununla bağlı özümüzdən bir cümlə də yazmamışıq. Hamısı sənə yaxın olan insanların, futbolçu yoldaşlarının dedikləridi. Biz jurnalist olaraq istədik ki, mübahisəli məsələyə birbaşa sənin sözünlə son qoyaq. Nəhayət ki, konkret cavab verdin. Sənə biz uğurlar arzu edirik, inşallah, istədiyin klublarda oynayıb, yaxşı karyera qurarsan.
- Çox sağ olun.


Elvin ƏHƏD

Tarix: 18 Mart 16:25    Oxunub: 1133    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 Mart 2017
26 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.