EKSKLÜZİV! "Həbsimdən 1 həftə əvvəl AFFA-da mənə dedilər ki, səni tutacaqlar" - MÜSAHİBƏ

2017-ci il "Şərurspor" üçün üzücü xəbərlə başladı. Yanvarın ilk günlərində klubun prezidenti Sərdar Bağırov gözlənilmədən həbs olundu. O, vergidən yayınmaqda təqsirləndirilirdi. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin əməkdaşları tərəfindən saxlanılan iş adamı bu müddətdə Kürdəxanıda yerləşən istintaq təcridxanasında saxlanılırdı. Dəfələrlə məhkəmə qarşısına çıxarılan Bağırov 2 gün öncə yenə sürpriz şəkildə azadlığa buraxıldı. 

 


Üç ay dəmir barmaqlıqlar arxasında qalan klub patronu, yəqin ki, həmin günləri heç vaxt unutmayacaq. Barəsində müxtəlif şayiələr dolaşdı, söz-söhbətlər ayaq açıb yeridi. Əslində, vergiyə görə deyil, qeyri-leqal bukmeyker kontorları ilə gizli əlaqələri üzündən tutulduğu iddiaları gündəmdə yer dəyişdirdi. 


Miüzakirələrin davam etdiyi bugünlərdə Bağırova daha bir zərbə AFFA-dan gəldi. Danışılmış oyunlarda iştirakda suçu sübut olunmayan "Şərurspor" I Diviziondan kənarlaşdırıldı. İntizam Komitəsinin bu qərarı açıqladığı günün ertəsi isə o, azadlığa çıxdı. Son iki olay arasında bir bağ varmı? Bu və digər çoxsaylı suallara ən düzgün cavabı yalnız səbəbkarın özündən ala bilərdik. 

 


Sərdar bəyi tapmaq və görüşmək asan olmadı. Aylarla doğmalarını, yaxınlarını görməyən klub prezidentinin başı bərk qarışıq idi. Telefonlarına zəng çatmırdı. "Jurnalistlər məni bugünlərdə narahat etməsin" xəbərini göndərmişdi. Sportinfo.az-dan olduğumuzu bilincə, razılığını verdi. Hər halda ötən 3 ayda "Şərurspor"la ən çox maraqlanan, operativ informasiya media orqanı olmuşuq və sözsüz ki, o da bunu bilməmiş deyildi.


Görüşümüz çay evlərinin birində baş tutdu. Bağırov dostları ilə birgə futbol oynadıqdan sonra bizimlə stol arxasında görüşdü. "Həmişə azadlıqda" təbrikimizi qəbul edər-etməz, "İçəri"də heç bir problem olmadı. Ordan mənə qalan budu" - əliylə qarınını göstərib, kökəlməsinə işarə elədi və ilk sualı gözləmədən söhbətə körpü saldı.

 

 

- Məni şərləyən bəzi dırnaqarası jurnalistlər oldu. Klubu yaradandan sonra haqqımda o qədər yalan, şər-böhtan yazdılar ki…Axırda bu da bəzi orqanların diqqətini mənə çəkdi. Başladılar maraqlanmağa ki, görən, bu adam kimdi, nə işlə məşğul olur, niyə bunun haqqında belə şeylər yazırlar. Başqa söhbət yox idi. Yenə şükür, bu gün azadlıqdayam, uşaqlarımın, dostlarımın yanındayam. Təbii ki, yuxarıda dediyim sözlər sizlərə aid deyil. Bu üç ayda bir dəfə eşitdizmi ki, komanda məşqə çıxmayıb, futbolçular maaş almamaqlarından şikayət edib? Yəni, klubun prezidenti yox idi də, küçə komandasına oxşadı "Şərurspor"? Ola da bilməzdi.

 

İnişil, "Şərurspor" divizionda ilk oyununu keçirən gün demişdiz ki, mənim futbola gəlməkdə məqsədim "qara qüvvələr"i yox etməkdi. Yadınızdadı bu açıqlama?
- Amma çox çətin məsələymiş…Kök atıblar, necə lazımdı. Mübariz Mənsimov, Hafiz Məmmədov, Nuru Əliyev niyə diksindilər, aralandılar futboldan? Belə şeyləri görüb, qaçırlar da. Səmimi deyirəm, mən bu il çempionatda iştirak etməyəcəkdim, komandanı buraxacaqdım. Peşəkar Futbol Liqasına bank zəmanəti vermişdim deyə, atıb getmədim. Yayda jurnalistləri çağıracaqdım, deyəcəkdim ki, nə qədər AFFA-da bu ünsürlər var, Azərbaycanda komanda saxlamağın heç bir mənası yoxdu. Düzdü, komandanı buraxsaydım, mənə "minus" olacaqdı, deyəcəkdilər ki, gücü çatmadı, yükün altından qaçdı. Ancaq mən artıq söz-söhbətlərdən bezmişdim. Udursan, Sərdar müəllim oyunu aldı. Uduzursan, Sərdar müəllim oyunu satdı. Heç-heçə edirsən, Sərdar müəllim oyunu danışdı. Belə çıxdı ki, futbolda qara qüvvə mənəm, mən də çəkiləcəkdim qırağa, görək, nə iş görürlər? Beş ildən sonra Azərbaycanda futbol olmayacaq. Beş ildən sonra olacaq 4 komanda, onunla da çempionat keçirəcəklər, ya keçirməyəcəklər, bilmirəm. 


Artıq zarafatyana da olsa, bu söhbətlər ortalığa atılıb. Dörd komandadan ibarət çempionat sakit keçəcək, dördü də Avropaya gedəcək, hamı da razı qalacaq.
- Yaxşıdı da onda. Dörd komanda saxlasınlar, bəsdi.


Bəlkə "qara qüvvə" deyərkən nəzərdə tutduğunuz şəxslərin son nəticədə istədiyi də budu elə?
- Qara qüvvələrin istədiyi, qazandığı bu deyil. Onların istədiyi, qazandığı dövlətin futbola ayırdığı pulu mənimsəməkdi, Rövnəq müəllimi aldatmaqdı. Üç-dörd ay əvvəl müsahibə vermişəm, qəzetə, sayta getmir. Niyə vermirlər, özləri bilir. Qardaş, deyirəm də, Azərbaycanda futbol olmayıb, olmayacaq da. Necə ki, orda Rövnəq müəllimi aldadanlar var, bu, mümkün deyil!


Kim aldadır?
- Daha kim aldatmır ki? Orda aldatmayan var? Azərbaycan yığması Norveçi uda bilər? 


Yaxşı sualdı…
- Gürcüstanla nəticəsi əvvəlcədən razılaşdırılmayan 3 oyun keçirsinlər, millimiz birini udsa, onda deyərəm ki, hə, Norveçi də uda bilərik, 


İddia edirsiz ki, Norveçi Bakıda 1:0 udduğumuz qarşılaşmanın nəticəsi öncədən razılaşdırılmışdı?
- Mən həmişə demişəm, yenə deyirəm: Azərbaycan futbolunun səviyyəsi Şimali İrlandiyaya 0:4 uduzduqları, San Marinoya 1:0 qalib gəldikləri oyundu. Bax, Azərbaycan futbolunun əsl tərtəmiz səviyyəsi bu iki oyunda oynanılıb. Çexiya və Norveçlə oyunların nəticəsi Azərbaycan futbolunun səviyyəsi deyil. 


Sizcə, milli buna nəyin sayəsində nail olub?
- Bu, qara qüvvələrin işinin bəhrəsidi. 
 

Bir qədər əvvələ qayıdaq. Həbs olunduğunuz yanvarın ilk günlərinə. Bu hadisə bukmeyker kontorları ilə əlaqələndirildi. İddialar çox idi ki, siz onlarla əlbir olmusuz, "Şərurspor"u da bu məqsədlə yaratmısız.
- Özünüz jurnalistsiz, Bakı şəhərini də yaxşı tanıyırsız. Mən bu işlə məşğulamsa, əlaqəm varsa, nə əcəb bir jurnalist o kontorların birinə girib şəklimi çəkməyib: 

 

"Qara biznes"ə girişən tanınmış insanlar o qədər düşüncəsiz deyillər ki, göz görə-görə, hamının toplaşdığı yerə gedib bu işi görsünlər.
- Rövnəq müəllim deyir, "Göyəzən" - "Şərurspor" oyununun nəticəsi danışılıb, Çində "stavka" qoyulub. Mən türmədə oturub Çində iş görürəmsə, orda nəyisə həll edirəmsə, onda niyə çölə çıxıram, elə "içəri"də qalıb öz işimi görərəm də… 


PFL-in prezilenti Ramin Musayev deyib ki, "Rəvan" və "Şərurspor"un çempionatdan kənarlaşdırılması o demək deyil ki, həmin klubların rəhbərliyi, sponsorları bu işi görüb. Onun fikrincə, bu komandaların hər hansı işçisi, futbolçusu da rəhbərdən xəbərsiz "qumar" oynaya bilər.
- AFFA deyir, UEFA-dan siqnal almışıq. O siqnalı nətəhər alırlar, mən bilmirəm. Yəqin ki, özlərinə məlumdu. O siqnalı versinlər mənə, göndərim hüqüq-mühafizə orqanlarına, qoy, dövlət də araşdırsın. Görsünlər ki, Çinlə kim danışıb? Həmin gün Azərbaycandan Çinlə, uzağı, 100 nəfər danışsın. Yaxud üçüncü-dördüncü dövlətin, misalçün, Türkiyə üzərindən Çinlə kim əlaqə saxlayıb? Verək bunu, dövlət araşdırsın da…Son 3 ayda istəmədim kimsə bilsin ki, mən həbsdəyəm. Hətta mətbuatın da bunu bilməsini istəmirdim. Onlar həbs olunmağımı niyə belə canfəşanlıqla işıqlandırırdı, bilmədim. Azərbaycan güclü dövlətdi. Bizim ölkə başçımız ağıllı insandı. Hüquq-mühafizə orqanları bu 3 ayda hər şeyi araşdırdılar. Yəqin ki, günahım olsaydı, cəzamı verərdilər, hələ bir neçə il türmədə qalardım. 


Hansı şübhələrə görə həbsdə saxlanıldığınızı açıqlaya bilərsiz?
- Vallah, heç nə yoxdu ortada. Olmayan şeydən mən nə danışım? Bir şey ki yoxdu, sizcə, yoxdan nəsə danışmaq olar? 


Mətbuat həbsinizdən və sizə qarşı irəli sürülən ittihamlardan vəkilləriniz vasitəsilə xəbər tutdu. Vəkilləriniz bildirib ki, problem biznes obyektləri və vergidən yayınma halları ilə bağlıdı.
- Mənim qeyri obyektlərlə bağlı işlərimin idman ictimaiyyətinə nə aidiyyatı var axı? Bəzi dırnaqarası jurnalistlər bu söhbəti gətirib çıxarmışdılar bukmeyker kontorlarına. Hələ tutulmağımdan bir həftə əvvəl AFFA-da danışırlarmış ki, mən həbs olunacam. 


Bunu hardan bildiz?
- AFFA-da dedilər mənə.


Bu xəbərdarlıq konkret nə vaxt olub sizə?
- Həbs olunmamışdan əvvəl AFFA-ya getmişdim, yoldaşlardan biri dedi, burda hamı danışır ki, sən həbs olunacaqsan. Mən heç bilmirdim həbs olunacağımı, amma görürsüz, AFFA-da bilirdilər. Mən qanun qarşısında cavab verirəm. Düşmənim yoxdu, dostum isə çoxdu. İstintaq yekunlaşdı, mən də çıxdım azadlığa. İstintaq sirrridi, mən bu haqda heç nə danışa bilmərəm. Proses bir az uzandı. Artıq işə xitam verilib. 


Həbsdə qaldığınız müddətdə özünüz üçün nələri saf-çürük etdiz?
- Aydınlaşdırdım ki, futboldan çəkilib kənarda durmaq lazımdı. Mənim adıma qara ləkə yaxmasınlar, futbolda işim yoxdu. Bilirsiz, o kontorları yaradanlar, idarə edənlər ağıllı adamlardı. Əgər bir komanda kontoru bir dəfə "yandırırsa", adını sonra dəftərdən silirlər. Çünki görürlər ki, bir dəfə bu onlara 10 milyon ziyan vurub. Necə ola bilər ki, "Şərurspor" hər həftə danışılmış oyuna çıxsın, pul udsun, o kontorlar da buna göz yumsun? Məgər həmin insanlar pullarının dəlisidi? AFFA deyir ki, "Göyəzən"lə "Şərurspor"un oyunu danışılıb. Elə isə bu iki komandanı çempionatdan çıxarın da, "Rəvan"ı niyə cəzalandırırsız? 


Bəlkə sizin klubda kimsə bu işlərlə məşğuldu, xəbəriniz yoxdu?
- Yox, ola bilməz!


AFFA-nın şübhələndiyi oyunların hər hansı birini özünüz üçün araşdırmısız?
- Baxmamışam. Bu qərarı verəndən sonra nə AFFA-ya getmişəm, nə də soruşmuşam ki, niyə belə elədiz? Sağ olsunlar, kömək elədilər.


Nəyə kömək elədilər?
- Biri var, yayda özüm deyərdim ki, mən futboldan gedirəm, biri də var, bunlar dedilər ki, çıx get. Mən də çıxıb getdim. İşimi asanlaşdırdılar. 


Buna görə AFFA-ya dırnaqarası minnətdarlıq düşür, yoxsa..?
- Elə hər iki mənada minnətdarlıq düşür (gülür). Klubumuzun bu işlərlə məşğul olan adamları var, onlara demişəm ki, gedin, AFFA-dan o faktları istəyin. Belə də ki, özləri həmin faktları mətbuata təqdim eləsinlər.  Açıqlasınlar ki, Qazaxdakı oyun günü filankəs filan saatda filan dəqiqədə zəng vurub Çinə, filan qədər "stavka" atıb. Hansı kontora pul vurulduğunu desinlər. Mən türmədəyəm də, qoy, hüquq-mühafizə orqanları həmin uşağı çağırsın, izahat alsın. Lazımi orqanlar, yəqin ki, bu işin öhdəsindən gələr. Araşdırsınlar, qoy, uşaq desin ki, tapşırığı Sərdar müəllim verib, mən də gedib Hindistanda, Malayziyada bu işi görmüşəm. Boş-boş söhbətlər eləməyin nə mənası var ki? Boş-boş danışmaqdansa, dağıstanlıları, zənciləri milli komandalara doldurmaqdansa, uşaq futboluna fikir versinlər, süni qələbələr qazanmasınlar, süni heç-heçələr etməsinlər. 50 il də keçsə, milli nə Çexiya ilə səfərdə heç-heçə edə, nə də Norveçi uda bilər. Bunlar boş oyunlardı. 

 

Sözlərinizdən belə çıxdı ki, əslində bukmeyker kontorları ilə əlbir olanlar AFFA rəhbərliyində təmsil olunan şəxslərdi.
- Rövnəq müəllimi bura aid etməyək. Onun dövlətlə, neft şirkəti ilə bağlı o qədər işləri var, AFFA-nı kimlərə tapşırıb, onlardı bu işləri görən. Təbii ki, Rövnəq müəllim AFFA-da gəlib oturub bu işlərlə məşğul olmur. Vallah, mən cəhd eləmirəm çempionata qayıtmağa. Əgər biabır olmaq istəmirlərsə… "Fənərbağça"nın 2013-cü ildə başına gələnləri hamı gördü. Klubun prezidentini belə işlərlə məşğul olmaq ittihamı ilə həbs etdilər. Komandanı isə çempionatdan və Avropa Liqasından uzaqlaşdırmadılar, gözlədilər ki, mövsüm bitsin. Cəzanı sonra kəsdilər, bunu gələn il üçün tətbiq etdilər. Burda isə çempionatın ortasında, heç bir fakt göstərilmədən komandanı çıxarırlar. Bu sübutlar varıydısa da belə, bunu birbaşa "Şərurspor"la, onun rəhbərinin adıyla bağlamaq heç bir hüquqi çərçivəyə sığmır. Versinlər o faktları hüquq-mühafizə orqanlarına, bəlkə bu işlərlə "Şərurspor" məşğul olmayıb, başqa klubların işidi? 

 

Beynəlxalq təcrübədən bilirik ki, adətən, bu kimi məsələləri birinci mərhələdə federasiya araşdırır. Ramin Musayev bildirib ki, bu klubları çempionatdan kənarlaşdırmazdan xeyli əvvəl onlara müraciət etmişik, ancaq heç bir tədbir görməyiblər, araşdırma aparmayıblar. Deməli, marağında olmayıblar…
- Başda Ağasəlim Mircavadov olmaqla, AFFA-nın Məşqçilər Komitəsinin üzvləri dəfələrlə bizim oyunlara gəliblər. AFFA əvvəl "qumar" oynayan futbolçunun adını açıqlayardı, sonra da klubu cəzalandırardı. Belə biri yoxdu, amma komandanı çempionatdan uzaqlaşdırırlar. 


Nədənsə, birinci gündən, "Şərurspor" ortalığa çıxan gündən adınız "qara siyahı"ya düşdü. İki ildi bu klubdan söz düşəndə ancaq belə şeylərdən danışılır.
- Axı futbola gəldiyim gündən demişdim ki, məqsədimiz qara qüvvələri ortadan çıxarmaqdı. Onlar da öz işlərini gördülər. 


Qara qüvvələri futboldan necə təmizləyəcəkdiz?
- Belə getsə, heç cür. Bunun çox asan yolları vardı. 


Məsələn…
- Mən artıq futboldan aralanmaq istəyirəm. Bezmişəm söz-söhbətlərdən. Qoy, bundan sonra öz işlərini rahat görsünlər. Ən böyük döyüşçü zaman və səbrdi. Bunları buraxaq zamanın ixtiyarına, özümüz isə səbrli olaq. Gec-tez hər şey öz yerini tutacaq. Belə davam eləyə bilməz. 


Bəs klubun aqibəti sizə yer eləmir?
- AFFA bütün futbolçularıma azad agent statusu versə də, mən hamısının mart ayına olan maaşını ödəyəcəm. Sonra kim hara istəyir, ora da getsin.  


Aydın məsələdi ki, Azərbaycanda futbol gəlir gətirmir. Bəzən bizdən də soruşurlar ki, Sərdar Bağırovun bunu bilə-bilə bu sahəyə gəlməsində marağı nədi?
- Cənab prezidentimiz futbola qayğı göstərən insanlara vergi məsələlərində güzəştə getməyə göstəriş verib. Marağım o idi ki, komandanı Premyer Liqaya çıxarım, başqa sahələrdə yeni biznes qurum və vergidən müəyyən dərəcədə azad olunum. Bəs Mübariz Mənsimovun, Hafiz Məmmədovun, Nuru Əliyevin marağı nə idi ki, klub saxlayırdılar? Nədənsə bir çoxları futbola pul buraxan insanlara qəribə baxır. Bütün klublar AFFA-dan maliyyələşməlidi? Avropada hər çempionatın öz büdcəsi, mükafat fondu var. Yalnız medal qazananlara yox, adicə iştirakçılara da müəyyən bir məbləğ ayırılır. Mən iş adamıyamsa, fikirləşirəm ki, 10 milyon qoyub, iki dəfə artığını qazanacam. Belə olsa, həm kluba əlavə büdcə qalar, həm də istedadlı gəncləri satıb yaxşı pul qazanaram. Azərbaycanda isə pulu verir bir nəfərə, deyirlər ki, al bu 15 mini, komanda birinci divizionda 1 ay başını girələsin. 


Deməli, təslim olmusuz…
- Yorulmuşam. 


Əgər günahsızsızsa, niyə sonadək haqqınızı müdafiə etmək istəmirsiz?
- Günahım varsa, sübut eləsinlər. Qanun qarşısında həmişə cavab verməyə hazıram. 


Siz ittiham olunan tərəfsiz.
- Mənə konkret deməyiblər ki, sən günahkarsan. Deməyiblər ki, bu işi məhz sən görmüsən. Komandama aid bir fakt da qoymurlar ortaya. 


Bəlkə AFFA rəhbərliyi ilə üzbəüz əyləşib, bu iradları özlərinə bildirəsiz?
- Kimə? Ordan tanıdığım bir Ramin Musayevdi. Bildiyimə görə, İcraiyyə Komitəsinin iclasında ondan və Qurban Qurbanovdan savayı bir adam bu qərara etiraz etməyib. İkisi də deyib ki, əsassız, sübutsuz addımdı. Əgər Ramin Musayev kimi adam onlarla bacarmırsa, mən gedib neyləyə bilərm ki? "Şərurspor"la "Rəvan"ın uzaqlaşdırılması Ramin müəllimin özünə "minus"du. Bunlarla mən bacarmadım. Adımın ləkələnməyindən qorxuram. Mən bu işlə məşğul olsaydım, komanda saxlamağıma ehtiyac yox idi. "Göyəzən", "Energetik", "Turan", "Şəmkir"… Hamısı acından ölənlərdi. 


Adını çəkdiyiniz klublar da "qumar"a girişiblər?

(ardı var)

Tarix: 18 Mart 19:52    Oxunub: 777    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyul 2017
27 İyul 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.