I Divizionun çirkaba bulaşmış "mələklər"i: Kim alır, kim satır?

 

Dünən AFFA İntizam Komitəsinin (İK) növbəti iclası keçirildi, aparılan müzakirələrdən sonra aşağıdakı qərarlar çıxarılıb: UEFA-dan daxil olmuş danışılmış oyunlarla bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsaslanaraq, “alver"də iştirak edən futbol subyektləri ilə bağlı aşağıdakı qərarlar qəbul edilsin:


- Aşağıda adları göstərilmiş 9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə onlara 2016/17 mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilsin:
 
Şahdağ (Qusar)
1. İqrar Səmədov
2. Uce Cukenyere
 
Rəvan (Bakı)

1. Elvin Əliyev
2. Cəmşid Məhərrəmov
 
Göyəzən (Qazax)
1. Arzuman Vəliyev
2. Tunar Şahtaxtinski
 
Energetik (Mingəçevir)
1. Elvin Əlizadə
2. Kamran  Lalayev
3. Ruslan Həmidov
 
- Adları danışılmış oyunlarda ən çox hallanan “Rəvan” FK və “Şərurspor” FK I diviziondan kənarlaşdırılsın.
 
- Hər iki klub I divizionda oyunların 50 % -dən çoxunda iştirak etdyinə görə hər iki kluba növbəti oyunlarında  0:3 hesablı texniki məğlubiyyət verilsin.
 
- I Diviziondan kənarlaşdırılmış “Rəvan” FK və “Şərurspor” FK-nın oyunçularına “azad agent” statusu verilsin.
 
- Adları “danışılmış oyunlarda” hallanan “Şahdağ” FK, “Energetik” FK, “Bakılı” FK və “Göyəzən” FK-ya xəbərdarlıq edilsin. Bu klubların “danışılmış oyunlarda” iştirakı ilə bağlı hər hansı yeni fakt qeydə alınarsa, bu klublar I Diviziondan kənarlaşdırılsın.
 
- Hakim Anar Niyazova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilsin.
 
- “Şahdağ” FK-nın inzibatçısı Rəfael Kübərova 2 il müddətinə futbola aid hər bir məşğuliyyət qadağan edilsin.


İK-nın qərarları Rövnəq Abdullayevin iradəsini əks etdirir. AFFA prezidenti komitənin toplantısından öncəki gün, federasiyanın illik hesabat konfransında bu barədə geniş danışmış, UEFA-nın oyun alqı-satqıları ilə bağlı hər həftə onlara serkulyar məktublar göndərdiyini bildirmişdi. Abdullayev İntizam Komitəsinə tədbir görmələri üçün müvafiq göstərişlər verdiyini də açıqlamışdı. Budu, göründüyü kimi, AFFA-nın "cəza aparatı" faturanı cəmi 2 kluba kəsdi.


Komitə "Rəvan" və "Şərurspor"u diviziondan uzaqlaşdırmaqla, güman ki, UEFA-dan göndərilən aramsız "məktub yağışı"nın altından quru çıxmağı planlayıb. Biz bilmirik, özləri də açıqlamır: amma güman etmək olar ki, Avropa futbol qurumu AFFA-ya müəyyən "ipucu" da verib. Hər halda ola bilməz ki, İsveçrədən Bakıya "selləmə namə" axsın, birində, yaxud bir neçəsində konkret adlar çəkilməsin, rəqəmlər göstərilməsin, hansı bukmeyker kontorlarının bu işlərdə barmağının olması vurğulanmasın. 


Bunlar AFFA tərəfindən ictimaiyyətə açıqlanmalıdı. Yoxsa cəzalanan klubların öndə gələn isimləri daş atıb, başını tutur, bu çirkin prosesdə iştirak etmədiklərini bildirir. AFFA onsuz da geniş rezonans doğuran ilk addımı atıb. Əllərinə fakt keçibsə, onları həmin komandaların rəhbər şəxslərinin stolunun üstünə də qoya bilərlər. Təbii, əgər yenə bu məsələni bağlı qapılar arxasında çözmək fikirləri varsa.

 

Gizli bilgiləri yaymaq niyyətləri yoxdusa, heç olmasa, "qara siyahı"ya düşənlərin başdakı adamlarını o faktlarla tanış eləsinlər. Bəlkə, doğrudan da, onlar bundan xəbərsizdi? Belə olan halda, Nuru Əliyevin, Sərdar Bağırovun adı niyə bədnam olmalıdı? İki-üç, uzaqbaşı, 6-7 futbolçu "alver"ə girişibsə, cəzanın bütöv kluba aid edilməsi prinsipcə, doğru deyil. Özü də qərarda göstərilən "danışılmış oyunlarda iştiraka dair qismən sübut" anlaşılmaz izahdı. Necə yəni qismən? İntizam Komitəsinin üzvləri "sübut" kəlməsinin mənasını bilirsə, "qismən" yarlığını onun əvvəlinə necə yapışdırır axı? O cümlədən, "adları danışılmış oyunlarda ən çox hallanan" açıqlaması anlaşılan deyil. Bu cür təqdimata bişmiş toyuğun da gülməyi gələr. Bir qərarda həm "fakt", həm "ən çox hallanan", həm də "qismən sübut" ifadələri yer alır: məntiqsizliyin miqyasını təsəvvür edirsizmi? Bir bədəndə 3 "ürək"…  Üçü də bir-birinə zidd məfhumdu. 


AFFA "mus-mus" eləyir, qərarının canını gizlədir. UEFA faktları aşkarlayıbsa, AFFA daha nədən belə əndişələnir? Digər tərəfdən, "Rəvan"la "Şərurspor" "alver"də ən çox adı hallanan klublardı və buna görə çempionatdan qovulublarsa, “Şahdağ”, “Energetik”, "Bakılı” və “Göyəzən”ə xəbərdarlıq etmək hansı məntiqə sığır?

 

Oğru məhkəmə zalına gətirilməyənə və günahı bir neçə proses ərzində sübut olunmayanadək cinayətkar sayılmır. AFFA-nın yaratdığı xüsusi komissiya ötən 4 ayda ortalığa bir dəlil qoymağı bacarmayıbsa, İntizam Komitəsinin bir 1 saatın içində neçə-neçə məşqçi və futbolçunun qələmini qırması, çörəyini əlindən alması Allahsızlıqdı!


İK-in cəza və xəbərdarlıq siyahısında adları çəkilən klublar birbaşa və ya dolayısı ilə AFFA-nın nəzarəti altında olmayanlardı. Federasiyanın xətti ilə SOCAR-ın neft borusuna "birləşənlər"dən birinin də adı "qara siyahı"ya düşməyib. Ən şübhəli məqamın üstünə gəlib çıxdıq. Axı onlar süddən çıxmış qaşıq, UEFA da bunu bilməmiş deyil.

 

İsveçrədəki mənzil-qərargahda əyləşənlər bizim I Divizionu diqqətlə izləyirsə, nə dərəcədə inandırıcıdı ki, SOCAR-a bağlı komandaların nə hoqqalardan çıxdığını da dəqiqləşdirməsin? AFFA divizionu rəsmən "SOCAR çempionatı"na çevirmək istəyirsə, gərək, onun-bunun adını "oğru" qoyub, özünküləri təmizə çıxarmasın. Bu, hər hansı niyyətlə futbola sərmayə yatıran iş adamlarını qeyri-sivil formada "ofsayd"a salmaqdı.


Elvin

Tarix: 17 Mart 18:12    Oxunub: 513    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Sentyabr 2017
23 Sentyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.