“Təəssüf ki, bu gün bəzi məşqçilər uşaqlara deyirlər..."

Sportinfo.az “Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?" mövzusunda layihənin mart ayı üçün icrasını davam etdirir. Layihənin budəfəki qonağını təsadüfi seçmədik. İlqar Tağıyevi futbol camiəsində, demək olar ki, hamı tanıyır - onu kimlərsə karyerasını zədə səbəbindən peşəkar karyerasını yarımçıq qoymuş keçmiş futbolçu, kimlərsə jurnalist, bəziləri də əkiz futbolçu yetişdirən ata kimi. İstənilən halda belə insanla sırf uşaq futbolunun problemləri mövzusunda danışmaq maraqlı və vacibdi.

 

 

Səbəbsiz deyil: çünki hömsöhbətimiz həm mətbuatda çalışır - sahənin problemi sarıdan ədalətli jurnalist mövqeyini ortaya qoya bilir. İkincisi, özü də keçmişdə futbolla ciddi məşğul olub - deməli, əsaslandırılmış formada fikir ifadə edib çatışmazlıqları rahat qabartmaq iqtidarındadı. Üçüncüsü isə iki oğlu hazırda futbolla məşğul olur. U-14 liqasında əkiz uşaqları çıxış edən bir valideyn kimi də mövqeyini ortaya qoyması çox sadədi. Məhz bu kriteriyaları və layihənin istiqamətinə birbaşa uyğunluğunu nəzərə alaraq “Het-trik news" qəzetinin baş redaktoru İlqar Tağıyevi redaksiyamıza dəvət etdik.

 

Uşaq futbolunda problemlər, çatışmazlıqlar o qədərdir ki, Tağıyevlə bu istiqamətdə baş tutan 1 saatlıq müsahibə, demək olar ki, problemləri qabartmaq, çatışmazlıqları göstərmək baxımından cüzi bir hissə olacaq. Amma zaman boşuna getmədi və əksər yalançı futbol adamları, futbol veteranları kimi söz oynatmadı, sözlə oynamadı. Təbii, jurnalistlər üçün də belə insanlarla ünsiyyət çox rahat olur. Ən azından belə müsahib normal cümlələr qurub fikirlərini əsaslandıra bilir.

 

"Premyer Liqa klubları uşaq futboluna ciddi yanaşmırlar"

- Bir valideyn, bir vətəndaş kimi Azərbaycanda uşaq futbolunun vəziyyəti məni qane etmir. Səbəblər çoxdur, mövzu kifayət qədər böyük və genişdir. Ən sadə formada izah etməyə çalışım: sabah lisenziya məsələsində desələr ki, uşaq futbolu vacib deyil, Premyer Liqada mübarizə aparan 8 klubdan minimum 6-ı bu sahəni dərhal ləğv edəcək. Çünki klublarımız uşaq futboluna ürəkdən can yandırmırlar. Klubların əksəriyyəti bunu sevərəkdən yox, məcburiyyətdən edirlər. Problemlərin birinci səbəbi budur. Klubların akademiyalarında olan uşaqların heç də hamısı uşaq futbolundan xəbəri olan məşqçilərlə, geyimlə, inventarla, vitaminlə və digər bu kimi vacib nəsnələrlə tam təmin olunmurlar. Əksəriyyəti işi başdansovdu edir. Bu gün biz AFFA-nı çox tənqid edirik, ancaq əslində bu gün federasiya uşaq futbouna daha çox diqqət-qayğı göstərir, nəinki klublar. Liqalarda oyunlar, yarışlar keçirilir, yaxşı-pis, məsələ bunda deyil. Düzdü, çatışmazlıqlar var. 2-3 il bundan əvvəl problem daha çox idi. İndi çoxu həll olunub. Ən böyük narahatlıq çempionat oyunlarının “Dalğa Arena"da keçirilməsidir. Mərdəkanda stadion uşaqlar üçün çox əlverişsizdir. Dəniz qırağıdı, daim külək olur, orada normal hava şəraitinə nadir hallarda rast gəlirik. Baxmayaraq ki, stadionda uşaqların futbol olmaları üçün bütün şərait yaradılıb. 2 il əvvəl orada uşaqlar adicə əl yumağa su tapmırdılar, indi bütöv bir kollektiv duşdan istifadə edir. Amma yaxşı olardı ki, aşağı liqalarda oyunlar fərqli, əlverişli məkanda keçirilsin.

 

“Bu, uşaqlara qarşı cinayətdir!"

- Federasiyaya birbaşa aidiyyatı olan başqa problemi deyim, 14 yaşına qədər liqalarda ilkin mərhələ adətən dekabrda, uzağı fevralda qədər başa çatır. Bu, bir neçə il əvvəl də belə idi, indi də dəyişilməyib. Söhbət Bakı zonasından gedir. Yanvarda çempionatı bitirən və ilk “6-lığ"a, yaxud “8-liy"ə düşə bilməyən klublar hardasa 8-9 ay futboldan kənar qalırlar. 8-9 ay uşağı futbolsuz qoymaq cinayətdir! Bu barədə yarışların təşkili departamentinin rəhbər işçilərinin, AFFA-nın uşaq futbolu ilə əlaqəsi olan digər əməkdaşlarının fikirlərini öyrənmişəm. Hamısı qrafikin sıxlığını əsas gətiriblər. Ancaq istənilən halda həmin komandalar arasında başqa bir turnir keçirməklə uşaqların futbolsuz qalmamasını təmin etmək olar. Məsələn, yanvar ayında 14 yaşlı futbolçulardan təşkil olunmuş komandalar arasında kubok oyunları keçirilməli idi, olmadı. Bildiyimə görə səbəb sponsorluqla bağlıdır, “Bakcell"lə müqavilə başa çatmışdı. AFFA bu turnirin xərclərini üzərinə götürsəydi, yaxşı olardı. Ən azından yeni yaranan U-15 milli komandası üçün bütün uşaqları rahatlıqla bir arada - bu kubok yarışında sınamaq, yoxlamaq, baxışdan keçirmək olardı. Həmin millinin məşqçiləri uşaqları izləmək üçün məcbur olub hər tur Mərdəkana, yaxud regionlara gedirlər, hər dəfə filan qədər xərc çəkilir. Ondansa, daha az məbləğ sərf edib kubok yarışlarını keçirməklə daha rahat iş görə bilərdilər. Və yaxud kubok yarışları niyə təkcə U-14 liqasında olmalıdır?

 

 

"Bir çox klublar tapşırıqla, “tanış-biliş"lə işə götürürlər"

- Keçək klublara, burda ən böyük problem işlərin düzgün qurulmamasıdır. Adını çəkmək etikaya ziddir, özləri də yaxşı bilirlər. Elə klublar var ki, uşaq futbol məktəblərinə, yaxud akademiyalarına koordinatorları, cavabdeh şəxsləri, təşkilatçılıq edənləri sırf tapşırıqla, tanışlıqla götürürlər. Hansıların ki, futbol bilikləri çox aşağı səviyyədədir. Klublarda ən birinci bu problemi aradan qaldırmaq lazımdır. İkincisi, uşaqlara biganə yanaşmanı yığışdırmaq, onlara konkret qayğı göstərmək lazımdır. Adi avadanlıqlar - forma, geyim, top və.s. ilə təmin etməlidirlər. Daha sonra həmin uşaqlar bir neçə məşqçinin nəzarəti altında olmalıdır. Səfər problemləri də həll olunmalı vacib məqamlardan biridir. Eyni zamanda uşaqların təhsil və sağlamlıq məsələlərinə də xüsusi önəm verməlidirlər. Bunlar haqda bir qədər ətraflı danışım. Ən vacib olan təhsil və sağlamlıqdan başlayım. Məlum məsələdir ki, 1000 nəfər uşaq futbolla məşğul olursa, 18 yaşına çatanda onların hamısı futbolu peşəkar səviyyədə davam etdirmir, heç də hamısı futbolçu olmur. İçindən maksimum 15-20 nəfəri futbola davam edir. Bu, uzağı 2 faiz deməkdir. Bəs qalan uşaqlar? Bizdə valideynlər tərəfindən futbola çox anormal yanaşma formalaşıb: hamısı düşünür ki, övladı futbolçu olacaq və yaxud olmalıdır. Hər bir uşaq öz valideyni üçün Maradona, Pele, Messi, nə bilim Ronaldodur. Düşünürlər ki, uşaq futbolçu olub çoxlu pul qazanacaq, ailənin bütün qayğılarını, problemlərini həll edəcək. Çox məntiqsiz və absurd düşüncədir. Birincisi, övladına təhsil vermək, onu sağlam düşüncə tərzində, yaxşı bir vətəndaş kimi yetişdirmək hər bir valideynin mənəvi borcudur.

 

“Təhsillə futbolu bir araya gətirmək çox asandır”

- Problem bundadır ki, klublar da təhsilə qeyri-ciddi yanaşırlar. Valideynləri hardasa başa düşə bilərik: bəziləri bəlkə dünyagörüşünün azlığından, bəlkə savadsızlıqdan, yaxud övladını daha yaxşı yerlərdə görmək arzusundan dolayı belə fikirləşə bilərlər, bəs klublarda çalışanlar? Onlar ki, peşəkar insanlardır. Təbii, peşəkardırlarsa əgər. Hələ elə bir klub görməmişəm ki, birbaşa uşağın təhsili ilə maraqlansın. Dəfələrlə olub ki, övladlarımı dərsə biganə münasibət bəslədiini hiss edən kimi məşqçilərindən onların cəzalandırmasını tələb etmişəm. Əlbəttə, futbolu zədəyə görə erkən başa vurmuşam və futbolla bağlı arzularıma övladlarımın timsalında çatmaq istəyirəm. Ancaq təhsil daha vacibdir. Uşaq da bunu dərk dərk etməlidir. Əgər valideyn uşaqla bacarmırsa, bunu məşqçilər etməlidirlər. Təəssüf ki, bu gün əksər valideynlər, elə bəzi məşqçilər uşağın yaxşı futbolçu olmaqdan ötrü təhsildən uzaqlaşmasını məsləhət görürlər. Çox yanlış yanaşmadır və real olaraq özümü misal çəkirəm: 17 yaşımda “Turan-2"də oynayır, həm də 11-ci sinifdə oxuyurdum. Futbola görə təhsilimi Tovuza köçməli oldum. Təhsilimi Bozalqanlı kənd orta məktəbində davam etdirdim. MƏlumdur ki, Tovuz Ermənistanla həmsərhəddir. 1993-cü ildə elə gün olmurdu ki, şəhərə və ətraf kəndlərə “Qrad” mərmisi atılmasın. İşıq, su, qaz yox idi, çörək “norma” ilə verilirdi. Müharibə və soyuğa görə qışda 1 dərs 15 dəqiqə olurdu. Yəni, bütün bu çətinliklərə rəğmən, gündüzlər futbolla məşğul olur, gecələr isə lampa işığında dərslərimi oxuyurdum. Nəticədə öz savadım hesabına BDU-nun Tətbiqi Riyaziyyat fakultəsinin ödənişsiz bölməsinə qəbul oldum. İndi zəmanə çox dəyişib. Uşaqların yaxşı təhsil almaları üçün hər şey var. Bununla demək istəyirəm ki, təhsillə futbolu bir araya gətirmək çox asandır. İstək olsa, hər şeyə vaxt tampaq olar. Futbola da, təhsilə də, əyləncəyə də. İnanın ki, məşqə gedən uşaq avtobusda qulaqcıqla mahnıya qulaq asmaq, internetdə qurdalanmaq əvəzinə kitab oxusa, heç kim onu məzəmmət etməyəcək.

 

 

 

(Ardı var)

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Elvin ƏHƏD

Tarix: 17 Mart 15:48    Oxunub: 302    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 Aprel 2017
27 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.