Mən buna “dostluq” və “çalışdığım sahəyə hörmət” deyirəm

Adının Əfqan olduğunu son hadisələrdən sonra bilmişəm. Fotoşəkillərdə, miks-zonalarda, konfrans zallarında görmüşəm. Üz-üzə gəlmişik. "Salam-sağol"umuz olub, ya yox, bilmirəm, həqiqətən yadımda deyil. Yəqin ki, mənim CBC Sportda şərhçi-aparıcı olduğumu bilir. Və böyük ehtimalla, bildikləri elə bununla da məhdudlaşır. Mən də bilirdim ki, bu oğlan "Qarabağ"ın tərcüməçisidir. Vəssəlam. Abzasın əvvəlinə qayıtsaq, Əfqanın "o Əfqan" olduğunu son hadisədən sonra öyrənmişəm.


Facebook-da dostluq siyahımda yoxdur.


İstənilən məsələyə - doğru və ya yanlış - öz mövqeyim var. Amma hər zaman o mövqeyi ortaya qoymuram. Sual verilməyənə, soruşulmayana qədər. Bəzi şeyləri "mənim işim deyil" deyib keçirəm, bəzi şeyləri "filankəs dediyimi/yazdığımı səhv anlamasın, qəlbinə toxunmasın" deyə.


Heç vaxt jurnalist həmrəyliyinə inanmamışam. Jurnalistika həmrəy ola biləcəyin sahə deyil, çünki burada auditoriya, populyarlıq, dolayısıyla pul qazanmaq mübarizəsi gedir. Yəni idealda, normal cəmiyyətlərdə.
Bizdə işlər bir az fərqlidir. Jurnalist olmaq da, baş redaktor olmaq da, az-çox, pis-yaxşı pul qazanmaq da asanlaşıb. Yuxarıdakılara (sözün bütün anlaşılan mənalarında) bir "domain" kifayətdir. Və bu şəraitdə hər kəsə "həmkar" deyə bilərsən, lakin hər kəsə "jurnalist" (istər kiçik, istər böyük hərflə başlasın) deyə bilməzsən.


Jurnalistikada öz bilik və təcrübəmin icazə verdiyi qədər yanlışlıq, aşkar səhv, jurnalistika prinsiplərinə zidd olan yazılara hər zaman öz mövqeyimi açıqlamışam. Lakin bir qayda olaraq, yanlışlıq/səhv gördüyüm materialın müəllifi ilə şəxsi söhbətdə, daxili yazışmalarda. Məsələni heç vaxt (demək olar ki, heç vaxt) ictimailəşdirməmişəm. Bunu bir çox həmkarım təsdiqləyə bilər. 


Və məhz buna – bir həmkarın səhvlərini, bacarıqsızlığını, savadsızlığını ictimailəşdirməməyə “həmrəylik” deyirsinizsə, deyin. Mən buna “dostluq” və “çalışdığım sahəyə hörmət” deyirəm. Başqa da heç nə.
Amma istənilən məsələ ilə bağlı fikir bildirmək hüququnu heç kəs heç kəsdən heç vaxt ala bilməz. Daxili azadlıq alınmır, alına bilmir. Azadlıq əbədidir. 


Yaşadığın ölkədən asılı olmayaraq.


Çünki daxili azadlıq futbol klublarına, assosiasiyalara, telekanallara, əmək müqavilələrinə, ölkələrə, siyasi sistemlərə bağlı olmayan bir şeydi.

 

Rüstəm Əfsərli / CBC Sport

Tarix: 16 Mart 19:48    Oxunub: 381    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.