"Türməyə xəbər göndərdim ki, klubumuzu çempionatdan çıxarıblar, nə edək?"

"Bu gün saat 2-də "Bakı"nın bazasında məşqimiz olmalıdı. Demişəm, bütün futbolçular gələcək. Əvvəl ümumi iclas edəcəm, sonra komanda məşqə çıxacaq. Çünki sabah "Energetik"lə oyunumuz olmalıdı. Bu oyun keçirilməsə belə, məşqlərə ara verə bilmərik" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Şərurspor"un baş məşqçisi Əfqan Talıbov deyib.


Xəbər verdiyimiz kimi, bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Yığıncağın əsas mövzusu UEFA-dan daxil olmuş “danışılmış oyunlarla” bağlı hesabatlardı. İcraiyyə Komitəsinin bununla bağlı dünən verdiyi tövsiyələrə əsaslanan İK “danışılmış oyunlarda” iştirak edən futbol subyektləri ilə bağlı qərarlar qəbul edib. 9 futbolçunun “danışılmış oyunlarda” iştirakı qismən sübut edildiyinə görə onlara 2016/17 futbol mövsümünün sonuna qədər futbola aid hər bir məşğuliyyət qadağan edilib:
 
Adları “danışılmış oyunlarda” ən çox hallanan “Rəvan” və “Şərurspor” I Diviziondan kənarlaşdırılıb. Hər iki klub oyunların  50 %-dən çoxunda iştirak etdiklərinə görə növbəti oyunlarında  0:3 hesablı texniki məğlubiyyət veriləcək. I Diviziondan kənarlaşdırılmış “Rəvan”la “Şərurspor”un oyunçularına “azad agent” statusu verilməsi qərara alınıb.


Ə.Talıbov: "Bu informasiyanı az əvvəl aldım. Elə o dəqiqə də prezidentimizə yaxın insanlarla danışdım, dedim ki, tez bu xəbəri Sərdar müəllimə verin. Bilirsiz, o, hazırda Kürdəxanı təcridxanasındadı. Klubumuzun fəaliyyətinin dayandırılıb-dayandırılmaması yalnız onun verəcəyi qərardan asılıdı. Ya bu gün, ya da sabah həbsxanadan cavab gəlməlidi. Mən onun əvəzinə danışa bilmərəm. Deyə bilmərəm ki, sabah nə olacaq. Çünki bunu özüm də bilmirəm. 

 

Çempionatın sonuna 6-7 tur qalıb. İkinci dövrədə zəif çıxış etməyimizin səbəblərini mən o gün elə sizin sayta bir-bir açıqlamışam. Düz sözdü ki, adamın adı çıxınca, canı çıxsın. 15-20 ildi məşqçi işləyirəm, özümə görə hörmət qazanmışam. Həmişə adımın təmizliyinə çalışmışam, şükür, buna da nail olmuşam.

 

Mən alın tərimlə, halal zəhmətimlə ailəmə çörək qazanmışam. Ona görə də, bir velosipedim belə yoxdu. Amma dünən futbola gələnlər bu gün bahalı xarici maşınla yanımdan "vız" eləyib keçir. "Şərurspor"un çempionatdan çıxarılmasıyla guya, bütün problemlər düzələcək?

 

Cəzalanan və xəbərdarlıq olunan klubların siyahısına baxın, özünüz hər şeyi başa düşəcəksiz. Mən heç bilmirəm bukmeyker nədi. Futbolçularımıza azad agent statusu veriblər. Onların gələcəyindən çox narahatam. Qalacaqlar küçədə. İstəmirəm getsinlər. Prezident nə qərar verəcək, onu gözləyirəm".

 

Tarix: 16 Mart 12:24    Oxunub: 278    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 Mart 2017
27 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.