Prezident həbsxanadan xəbər göndərdi: "Qulağıma çatıb ki…"

"Bir neçə gün Yasamal rayon məhkəməsində növbəti proses keçirildi. Mən də getmişdim. Məhkəmə zalında prezidentlə bir az söhbət etməyə imkan tapdım" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Şərurspor"un baş məşqçisi Əfqan Talıbov deyib. I Divizion klubunun çalışdırıcısı bildirib ki, bu görüşdə bəzi məsələlərə aydınlıq gətirib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib. İclasda 120 müraciətə baxılıb. İndiyədək keçirilən iclaslarda ümumilikdə 1000-ə yaxın müraciət araşdırılıb və onların 450-sinə müsbət rəy verilib. Bununla da komissiya işini yekunlaşdırıb. Sonda tövsiyə xarakterli qərar layihəsi hazırlanaraq, ölkə başçısına təqdim olunacaq.


Novruz bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir. Yanvarın ilk günlərində həbs olunan "Şərurspor"un prezidenti Sərdar Bağırov əfv üçün müraciət edənlər arasındadı. İş adamı vergidən yayınmaqda ittiham olunur. Vergilər Nazirliyi yanında Bakı Vergilər Departamentinin əməkdaşları tərəfindən saxlanılıb. O, hazırda Kürdəxanı təcridxanasındadı. 


Ə.Talıbov məlumatı təsdiqləyib: "Sərdar müəllimin işinə bir neçə təcrübəli vəkil cəlb olunub. Onlar bu məsələylə ciddi məşğuldu. Hazırda son sənədləri toplayırlar. Burda söhbət vergidən yayınma hallarından gedir. Prezidentimizin bir neçə il əvvəl fəaliyyətini dayandırmış bəzi biznes obyektləri olub. Problem onunla bağlıdı. Həmin obyektlərdən büdcəyə vergi daxil edilməyib.

 

Sərdar müəllimin adı əf üçün müraciət edənlərin siyahısındadı. Hələ ona iş kəsilməyib. Məhkəmə 2 aydan artıqdı davam edir. Yasamal məhkəməsində görüşdük, Sərdar müəllimə komandanın son vəziyyətini dedim. İzah etdim ki, filan-filan problemlər var. O, futbolçuların hər birinin çıxışını nəzarətdə saxladığını dedi. Ən çox hücum və müdafiə xəttindəkilərin oyunundan məyusdu.

 

Klubun fəaliyyətini dayandırmaq fikri yoxdu. Tapşırdı ki, gələn mövsümün komandasını indidən qurmağa başlayım, seleksiya aparım. Heyəti daha da gücləndirməyimi istədi. İnşallah, bayram günlərində azadlığa çıxmalıdı. Əslində, ötən ayın ilk günlərində aramıza dönməliydi. Vergi sənədlərində bəzi məqamlar var ki, bunun araşdırılmasına görə proses uzanır.

 

Sərdar müəllim mətbuatdan razılıq elədi. Sizin saytınıza minnətdarlığını çatdırmağımı istədi. Dedi, sağ olun, daim bizə diqqət göstərirsiz, komandamızla yaxından maraqlanırsız. Həbsdən çıxandan sonra mətbuat konfransı keçirəcək. Bəzi yalan xəbərlər onun da qulağına çatıb. Eşidib ki, həbs olunmasını danışılmış oyunlarıyla əlaqələndirənlər var. Bu, kökündən yanlış xəbərdi. Məhkəmə iddianaməsində də göstərilib ki, prezident bir neçə il ərzində vergidən yayınmaqda təqsirləndirilir. 

 

Pprezidentin nə qədər borclu olduğunu bilmirəm. Bildiyim odu ki, ödəmələr edilir. O da inanır ki, əfvə düşəcək. Futbol üçün çox darıxıb. Söhbətimizdə futboldan başqa heç nədən danışmadı. Səhhəti normaldı. Azadlığa çıxan kimi gəlib birinci futbolçularla görüşəcək. Çünki ürəyi doludu, onlara deyəcəyi söz çoxdu". 

 

Tarix: 15 Mart 15:48    Oxunub: 399    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Avqust 2017
19 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.