Sadıqov: "Bu post heç kimə ata-babasından miras qalmayıb"

Bakıda keçirilən cüdo üzrə “Böyük Dəbilqə” yarışlarında iki gün geridə qalıb. Sportinfo.az Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqovun müsahibəsini təqdim edir:

 

- Təbii ki, bu günü uğurlu hesab edirəm. Belə bir yarışda qızıl medal qazanmaq uğurdur. Bu gün bizə qızıl medal qazandıran Rüfət İsmayılov tapıntımızdır. Düzdür, onun perespektivinə bələd idik, gənclər arasındakı çıxışlarını da bilirdik, amma o, ilk dəfə idi ki, belə bir böyük yarışda iştirak edirdi. Buna görə də Rüfət bizim üçün tapıntıdır. Və nəzərə almaq lazımdır ki, 81 kq çəki dərəcəsi hər zaman millimizdə yaralı yer olub. İndi cüdoda yeni qaydalar var, bunlar da bir qədər çətinlik yaradır. Bu yarış bizim İslam Oyunlarına bir hazırlıqdır. Əsas məsələ isə zədə almamaqdır. Biz hər bir idmançımızdan medal gözləyirik. Onlara göstərilən diqqət və qayğı yüksək səviyyədədir. Onlardan tələbimiz də yalnız medal qazanmaq, uğurlu çıxış etməkdir. Cüdo ən elitar idman növüdür. Biz istəyərik ki, bütün çəki dərəcələrində medalların hamısı bizim olsun. Amma cüdo hər yerdə inkişaf edir. İlk oyun günü İsrail idmançıları, bu gün isə monqollar çox uğurlu çıxış etdi. Bunlar heç adamın ağlına da gəlməzdi. İnkişaf hər yerdə göz qabağındadır. Biz də çalışırıq ki, yeniyetmə və gəncləri usatalaşdıraq.

 

Milli komandanın eks-baş məşqçisi Peter Zayzenbaxer geri qaytarıla bilər?

- Yox, bundan söhbət gedə bilməz. Tam əminliklə deyə bilərəm ki, İslam Oyunlarına kimi heç bir əcnəbi baş məşqçi olmayacaq. Bu gün öz məşqçilərimizlə yola davam edirik. Hazırda milli komandamızın məşqçisi Fərhad Məmmədovun çox yaxşı yetirmələri var. Pis məşqçi olsaydı belə yetirmələri olmazdı. Bizim də borcumuzdur ki, onlara şans verək.

 

Qadınlarda uğur qazana bilmirik...

- Düzdür, bu, bir qədər yaralı yerimizdir. Amma bu yöndə də inkişaf hiss olunur. Məsələn, yeni məşqçi dəyişikliyindən sonra qadın cüdoçularımız artıq mübarizə aparmağa başlayıblar. Daha əvvəl elə ilk cəhddəcə məğlub olurdularsa, bu dəfə daha qabağa gedə bildilər.

 

Bəs qadınlardan ibarət milliyə əcnəbilər dəvət oluna bilər?

- Bəli, bu yöndə işlərimiz davam edir. Siyahımızda 3-4 idmançı var. Biz fikirləşirik ki, milliyə 3-4 perespektivli gənc idmançı cəlb edək ki, həm uğur qazanmaq üçün şansları olsun, həm də bizim qadın cüdoçular onlarla birlikdə inkişaf etsin, rəqabət olsun.

 

İdmançılarla söhbət zamanı məlum olur ki, onlar hazırkı məşqçi Fərhad müəllimin qalmasnı istəyirlər...

- Biz idmançılarla razılaşmalıyıq. Rəhbərliyin işi idmançılara və məşqçilərə ən yüksək səviyyədə qayğı göstərməkdir. İdmançı ardıcıl olaraq nəticə verməyəndən sonra rəhbərlik nə etməlidir? Dəyişiklik mütləq gözlənilir. Bu, elə idman növüdür ki, dünyanın hər yerində belədir. Baş məşqçilik heç kimə ata-babasından miras qalmayıb. Kim yaxşı işləyirsə ona da şans verilir. Rio olimpiadasında qazandığımız uğurlar da bu məşqçilərimizin böyük zəhməti hesabına qazanılıb. Əsas məsələ nəticədir. Bu gün bir qızıl medal qazanıldı, kim onların işinə pis deyə bilər ki?! Amma heç nə olmayanda dəyişiklik qaçılmaz olur. Hazırda məşqçilər heyətində dəyişiklikdən söhbət belə getmir.

 

Bildiyim qədəriylə Cüdo Federasiyasının bazası yaradılacaq...

- Bu yöndə işlərimiz gedir, amma çox böyük işdir. Baza yaradılan zaman bura həm federasiyanın binası, həm təlim-məşq bazası, həm idmançılarımızın qalacağı otel də daxildir. Yəni xırda bir iş deyil, çox böyük bir plan olacaq. Buna görə də, Cüdo Federasiyasının bazasının yaradılması balaca iş deyil. Bəzi şirkətlərlə də danışıqlarımız olub. Ərazi federasiya prezidenti tərəfindən seçilib. Buna start verilsə bazanın tam istifadəyə verilməsi 1-2 ilə başa gələcək iş də olmayacaq. Bunu həll edə bilsək, cüdonun heç bir problemi qalmayacaq. Hazırda rəsmi olaraq Cüdo Federasiyasının ofisi yoxdur. Məşq zalı olaraq “Neftçi İdman Klubunun” bazasından istifadə edirik. Regionlarda məşq zalları, hətta tatamilər belə yoxdu. Regionlara mütəxəssislərimizi yolladıq, yerində hər şeylə maraqlandılar və ən perespektivli rayonlarda zallarımızın açılmasına qərar verdik. Respublikada 8 zonada Cüdo Federasiyasının zalları açıldı. Cüdoya axın həddindən artıq çoxdur. O zalları hər şeylə təmin edirik ki, gənclər təmənnasız çalışsın. İndi federasiya prezidenti Rövnəq Abdullayevin də çalışdığı budur ki, cüdonun maddi texniki bazası yaradılsın.

 

Qarşıda əsas planlar var?

- Bayaq da bildirdiyim kimi, əsas hədəfimiz İslam Oyunlarıdır. Hər çəki dərəcəsində mübarizə aparacağıq və maksimum dərəcədə uğur qazanmaq üçün əlimizdən gələni edəcəyik.

Tarix: 12 Mart 16:44    Oxunub: 304    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 İyun 2017
27 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.