"Qarabağ"ın bundan sonra yaşayıb-yaşamayacağını bilmirik"

Futzal üzrə Moskva çempionatı başa çatıb. Rusiya paytaxtında fəaliyyət göstərən "Qarabağ" mövsümü 3-cü yerdə bitirib. Komandanın oynayan məşqçisi Elnur Vəliyev yarışın təşkilatçıları və azarkeşləri arasında keçirilən sorğuya əsasən, "ən yaxşı oyunçu" seçilib. 17 yaşlılardan ibarət millimizin kapitanı olmuş Zeynal Hüseynov 42 topla çempionatın bombardiri ünvanını ələ keçirib. Millimizin və "Araz"ın formasını geyinmiş Andrey Tveryankin "ən yaxşı qapıçı" adına layiq görülüb. 


Bu, "Qarabağ"ın artıq neçənci uğurudu. Qonşu ölkədə Azərbaycanı layiqincə təmsil edən klub keçən sezon çempion olmuşdu. Buna rəğmən, "Qarabağ" yenə də diqqət və dəstəkdən məhrumdu. Moskvadakı diaspora təşkilatlarımız, təəssüf ki, onlarla maraqlanmır, edilən müraciətləri cavabsız qoyur. Təbii, bu münasibətə dözmək çətindi. Belə vəziyyətdə hələ də yaşayır və fəaliyyətinə son vermirsə, hər bir "Qarabağ"lıya böyük minnətdarlıq düşür. Sözün həqiqi mənasında qəhrəmanlıq edir, savaşır, kişilik mücadiləsi verirlər.


Zeynal Hüseynovun Sportinfo.az-a açıqlamasından: "Çempionatda 3-cü, kubokda 2-ci olduq. Yenə bir nəfər bizimlə maraqlanmır. Adicə gəlib təbrik edən də olmadı. Çempionluğa oynayırdıq, alınmadı. Bu il zəif çıxış etməyimizin səbəbi var. Komandamızın üzvləri bir yerdə məşq edə bilmədi. Lazımlı futbolçuları gətirmək mümkün olmadı. Arenaya gəlib-getməyə pul tapmadılar. Gücümüz nəyə çatdısa, axıra kimi vuruşduq.

 

Kömək gözlədik, eləmədilər. Moskvada Əli adlı bir iş adamı var, yalnız o kömək elədi komandaya. Forma aldı, üzvlük haqqını ödədi. Özü də bizimlə oynayırdı. Yenə sağ olsun, imkanı çatan qədər komandaya əl tutdu. Çempionat gedən müddətdə məşq keçsəydik, tam heyətlə oyunlara çıxsaydıq, həm çempion olardıq, həm də kuboku götürərdik. Kubokun finalında hakim bizi sıxdı. Onun səhvləri imkan vermədi ki, qələbə qazanaq.

 

Əslində, komanda dağılmaq üzrə idi. Mən Elnurdan xahiş elədim ki, çempionatı axıradək oynayaq. Dedim ki, 3 ildi bütün çətinliklərə dözürük, gəl, indi komandanın başını buraxmayaq. Bütün yük Elnur Vəliyevin üzərindədi. O özü də hazırda məşqçilik üzrə B kateqoriyasını oxuyur. Çətindi ona köməksiz komanda saxlamaq. Maddi cəhətdən vəziyyət çox pisdi. Bizi bir çox turnirlərə çağırırlar, bu səbəbdən iştirak edə bilmirik. Özüm bu ilin əvvəlində Azərbaycana qayıtmalıydım. C kateqoriyalı məşqçilik kursunu oxumağa gəlirdim. "Qarabağ"ı yarıyolda qoymaq istəmədim.

 

Çətin oyunlarda komandanın yanında olmaq istədim. Məşqçi olmağa böyük həvəs göstərirəm. Futbolçu kimi edə bilmədiklərimi məşqçi kimi etməyi qarşıma məqsəd qoymuşam. Futbolu çox sevirəm, ayrı qala bilmirəm. İnanıram özümə. Əminəm ki, məşqçilikdə nəyi bacardığımı hamıya sübut edəcəm. AFFA rəhbərliyindən dəstək gözləyirəm. "Qarabağ"ı təmsil etdiyim üçün yeni işimdə kömək əllərini uzatsınlar mənə.

 

Qoy, AFFA-nın baş katibi Elxan Məmmədov və PFL-in prezidenti Ramin Musayev burdan səsimi eşitsin, məşqçi karyerama təkan versinlər. "Qarabağ"ın bundan sonra yaşayıb-yaşamayacağını bilmirik. Müəyyən iş adamlarıyla danışıqlar aparırıq, istəyirik ki, komanda gələn mövsüm yüksək liqada mübarizə aparsın. "Qarabağ"ı böyütmək lazımdı. Akademiya yaradıb, yetişdirəcəyimiz uşaqları Azərbaycana göndərmək istəyirik.

 

Maddi problemlər aradan qalxsa, "Qarabağ" çox şey edə bilər. AFFA yazıq kimə kömək eləsin? Azərbaycanda bir çox klublara elə AFFA baxır da…Hamı ondan nəsə istəyir, biri gəlib AFFA-ya əl tutmur. İstəsə, "Qarabağ" bizə yardımçı ola bilər. Elnur Bakıda olanda Rəşad Sadıqovla görüşməli idi. O, millinin düşərgəsinə getdiyindən, görüş baş tutmadı".

Tarix: 7 Mart 18:48    Oxunub: 710    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 May 2017
22 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.