"Qarabağ"ı atıb getmədi: "Mənim üçün pulun önəmi yoxdu"

“Qarabağ”ın serbiyalı qapıçısı Boyan Şaranovun “Qafqazinfo”ya müsahibəsi

 

“Qarabağ”dan gedəcəyinizlə bağlı xəbərlər var...

- Hazırda Serbiyadayam. Bu söhbətlərin hardan qaynaqlandığını bilmirəm. Komandamla iyun ayına qədər müqaviləm var. Özüm də burda qalmaq fikrindəyəm. Getmək haqqında düşünmürəm.

 

Qurban Qurbanovla söhbətiniz olub?

- Yaya qədər burdayam. Klubla bu barədə danışmışam və hər şey qaydasındadır.

 

Bəs baş məşqçi sizə niyə şans vermir?

- Bu barədə mənim fikirlərim belədir ki, limit oynamağıma mane olur. 21 yaşadək futbolçu və yerli oyunçu limiti baş məşqçini başqa qərarlar verməyə məcbur edir. Mən onu anlayıram. Həmçinin komandada 3 qapıçı var. Şahruddin Məhəmmədəliyev də limitə düşdüyü üçün meydana çıxmaq şansı qazanıb.

 

Bəlkə şans verilən oyunlarda etdiyiniz səhvlərə görə Qurbanov digərlərini meydana buraxır? Çünki elə oyunlar var ki, komandanın heyətində meydana 7 yerli futbolçu çıxır və sizin üçün oynamaq imkanı olur...

- Ola bilər. Siz elə düşünə bilərsiz. Çünki futbolda hər şey mümkündür. Sadəcə mən bir oyunda ciddi səhvimi xatırlayıram. Gəlin, karyerama nəzər salaq. Arxada qoyduğum 400-dən çox matç var. Onların saysanız, 10 -15-də səhv etmişəm. Buna görə bütün karyeram pis sayılmalı deyil. Ona görə də mən fərqli düşünürəm. Qurbanovun bütün qərarlarına hörmət edirəm. Məşqlərdə daha səylə çalışmaq lazımdır. Bu qapıçı həyatıdır. Ehtiyatda otura-oturaq çalışıb şansınız qazanmalısan.

 

Son 5 ildə oynadığınız bütün klubların əsas qapıçısı olmusunuz. İndi oynamamaq sizi düşündürmür?

- Yox. Məni düşündürən bir şey var ki, imtina etməməliyəm. Burada qalmalıyam.

 

İmtina etmədiyiniz şey pul ola bilər?

- Mənim üçün pulun önəmi yoxdur. Üzərimdə çalışıb oynamaq lazımdır. Peşəkar məşqlər edib hazırlaşmalıyam. Yoxsa asanlıqla çəkilib gedə bilmərəm.

 

Azərbaycan çempionatının səviyyəsi də elə yüksək deyil ki, ona görə qaldığınızı düşünək...

- Razıyam. Əvvəllər ölkə çempionatının səviyyəsi daha yaxşı olub. Güclü komandaların sayı çox olsaydı, çempionat daha yaxşı keçərdi. Bundan “Qarabağ”da xeyir görərdi. İndiki vəziyyət bizim komandamızın ziyanına işləyir. Bizim gərgin oyunlarımızın sayı çox azdır. Biz Avropa Liqasında oynadığımız zaman çempionatdakı rəqabətsizliyin əziyyətini çəkirik.

 

“Partizan”da oynadığınız zaman çılğın azarkeşlərin necə olduğunu gördünüz. Azərbaycan çempionatında onun olması üçün nə etmək lazımdır və indiki vəziyyət komandaya nə dərəcədə mane olur?

- Futbolçular üçün 500,1000 azarkeşin önündə oynamaq çox çətindir. Belə olan halda əlavə motivasiya da qalmır. “Qarabağ”ın da ev oyunlarına bu qədər azarkeş gəlir. Ümid edirəm ki, gələcəkdə daha yaxşı olar. Futbol azarkeşlər üçün oynanılır. “Qarabağ” Avropa Liqasında oynayarkən hər şey fərqli olur. Fanatların sayının çox olması bizə kömək edir. Avropada yaxşı oyunların sayı çoxaldıqca azarkeşlər də gələcək.

Tarix: 28 Dekabr 16:24    Oxunub: 650    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.