“Valideynlər uşaqları zorla futbola yönləndirməli deyillər”

Sportinfo.az “Uşaq futbolu: problemləri necə aradan qaldırmalı?” mövzusunda layihənin icrasını davam etdirir. Layihənin növbəti yazısını psixologiyaya həsr etdik. əlbəttə, təsadüfi deyil. Yaşından və idmanın növündən asılı olmayaraq, insanların psixologiyasının və dietologiyasının düzgün formalaşdırılması ən başlıca səbəblərdən biridir. Futbolla məşğul olan azyaşlıların psixikasının tam formalaşmadığını, ümumiyyətlə, uşaqların yetkin bir insan kimi tam kamilləşmədiklərini nəzərə alsaq, deməli, psixologiya və fiziki sağlamlıq insan həyatında mühüm yerlərdən birini tutur.

 

 

Daha çox məsuliyyəti valideynlər daşıyır

Aydın məsələdir, idman insan sağlamlığı üçün çox əhəmiyyətli rol oynayır. Amma idmana nə zaman başlamaq lazımdır sualı ortaya çıxanda iş bir qədər qəlizləşir. Xüsusən söhbət azyaşlı uşaqlardan gedirsə, burada ikiqat diqqətli və məsuliyyətli olmaq şərtdir. Uşaqlar konkret olaraq hansısa idman növünə başlamazdan əvvəl mütləq psixoloji, fiziki sağlamlıq və dietik testlərdən keçməlidir. Bunu mütəxəssislər deyir.

 

Uyğun yaş dövrü

Mütəxəssislər də hesab edirlər ki, idman növünü seçərkən uşağın yaşı və fiziki inkişafının uyğunluğu nəzərə alınmalıdır. Təəssüf, hazırda - sürətlə inkişaf edən texnika əsrində uşaqlar daha çox oturaq həyat tərzinə - yəni, kompüter arxasında əyləşməyə üstünlük verirlər. Valideyn məsuliyyət(sizliy)i artıq burada ön plana çıxır. İdmana maraq balacalara əzəl olaraq valideynlər tərəfindən yaradılmalıdır. Mütəxəssislər uşaqların fiziki inkişafını yaşlara görə sıralayırlar – məsələn, 0-1 yaş - refleksiv hərəkətlər dövrü; 1-2 yaş - primitiv hərəkətlər dövrü; 2-6 yaş - təməl hərəkətlər dövrü; 7-12 yaş isə idmanla əlaqədar dövr.

 

Gəlin baxaq, görək mütəxəssislər uşaqların yaş dövrünə uyğun seçməli,yaxud istiqamətləndirilməli olduqları idman növləri hansı qanunauyğunluqla sıralanır. Sual olunur: uşaq hansı yaşda hansı idman növü ilə məşğul olsa, daha əlverişli və düzgündür? Ekspertlər cavablarda birmənalı olaraq bərabər düşüncə nümayiş etdirirlər: Gimnastika - 4-6 yaş, üzgüçülük - 5-6 yaş, tennis - 7-8 yaş, basketbol - 9-10 yaş, voleybol - 10-12 yaş, su topu - 10-12 yaş, həndbol - 10 -12 yaş, atletika - 10 -16 yaş, avarçəkmə - 11 -14 yaş, oxatma - 12 -14 yaş, futbol - 12 - 14 yaş, boks - 13 -15 yaş. Mövzu və istiqamətimizə uyğun olaraq, futbolun 12-14 yaş arasında oynanılmasının mütəxəssislər tərəfindən vacibliyi ortaya çox maraqlı suallar çıxarır. Bəs idmanın şahına xüsisi sevgisi, istedad və bacarığı olan, lakin yaş dövrü üzrə sahəyə uyğun gəlməyən uşaqlar, yaxud onların valideynləri nə etməlidirlər?

 

Mütəxəssis yanaşması

Psixoloqların fikrincə, idmanla məşğul olmaq insanların özünə olan inamını, dəyərini, gücünü artırır. Söhbət azyaşlı uşaqlardan gedirsə, tenis, üzgüçülük, basketbol və ya voleybol - balacaların xüsus diqqətini çəkən idman növlərindən sayılır. Eyni zamanda idman uşaqlarda liderlik bacarığı formalaşdırır ki, bud a uşağın həyatında önəmli rol oynayır. Xüsusən komanda oyunlarında liderlik ön plana çıxır və bu, uşağın sürətli inkişafı anlamına gəlir. Təbii, söhbət sağlam rəqabət mühitindən gedir. Azyaşlılara idmanın müsbət təsirlərindən biri də xarakterik xüsusiyyətlərin formalaşmasıdır. Misal üçün, futbol uşaq üçün yalnız topa zərbə vurmaq demək deyil, eyni zamanda bu oyunu oynamağa başlayarkən həmin uşağın beynində qaydalar, bölüşmək, münasibət qurmaq, vaxtı səmərəli istifadə etmək və s. kimi müsbət, xoşməramlı keyfiyyətlər  formalaşır. Uşaqlar məhz idman sayəsində daha rahat dostluq münasibətləri qurur, çox özünə qapanan uşaqlar mənfi auradan çıxır. Hansısa bir komandada kollektiv şəkildə bir neçə saat birlikdə olmaq, səmərəli vaxt keçirmək, dostluq qurmaqla uşaqlar bir-birinə bağlanır və sosiallaşma baxımından artıq insani keyfiyyətləri formalaşmağa başlayır.

 

 

“Valideyn fikirləşməlidir, bəlkə uşağın futbola həvəsi yoxdur”

Bunu ayrı-ayrı alimlər, psixoloqlar, həkimlər və sairə sahə üzrə mütəxəssislər də təsdiq edir ki, bir insan-uşaq həyatda özünə istiqamət seçərkən mütləq normal düşüncə tərzinə malik olmalı, yönləndirilmədən daha çox, istəyə üstünlük verilməlidi. Təəssüf, bu gün cəmiyyətdə daha çox valideyn istəyi də yer alır. Misal üçün, əksər hallarda ata-analar uşaqların bilik və bacarıqlarının, istedadlarının hansı sahəyə daha uyğun, daha münasib olduğunu düşünmədən öz istədikləri istiqamətə yönləndirirlər. Bu isə birmənalı şəkildə yolverilməzdi. Bugünkü mövzuya uyğun olaraq üz tutduğumuz tanınmış psixoloq Vəfa Əkbər də məhz bu amilləri xüsisi qabartdı, valideynlərə, idmanla-futbolla məşğul olan azyaşlı uşaq sahiblərinə öz təklif və məsləhətlərini verdi.

 

- Təbii ki, futbolla məşğul olan uşaqların hər şeydən əvvəl fiziki sağlamlığı yerində olmalıdır. Bundan sonra uşağın bu istiqamətə maraq göstərib-göstərmədiyi dəqiqləşdirilməlidir. Bu gün bizdə elə bir psixologiya formalaşıb ki, sanki hamı uşağının futbolçu olmasını istəyir. Daha bir fikirləşən olmur ki, bu uşağın futbola marağı, istedadı var, ya yoxdur. Çox gəlirli sahə olduğuna görə valideynlərin uşaqları sınaqdan keçirmədən yalnız və yalnız futbola yönləndirmələri yalnış düşüncədir. Dəfələrlə belə hallarla rastlaşmışıq. Tarixdə də onlarla fakt var. Sizi inandırım, Azərbaycanda da elə uşaqlar var, düzgün istiqamətləndirilsələr, çox böyük uğurlar qazanarlar. Biz ölkədə olan azyaşlıların hamısı ilə eyni zamanda işləyə bilmərik, əlbəttə. Burada ən böyük yük və məsuliyyət valideynlərin, sonra isə məktəbdə müəllimlərin üzərinə düşür. Orta məktəblərdə, radio və tv-lərdə, qəzet-jurnallarda valideynlərin maarifləndirilməsi aparılmalıdır. Zorla uşaqları hansısa idman növünə yönəltmək olmaz. İstədiyi peşəni uşaq özü seçməlidir, buna marağı və bacarığı olmalıdır. Biz də əlimizdən gələni edirik və etməliyik. Çünki balacalar bizim gələcəyimiz hesab olunurlar. Sağlam gələcək üçün indidən düzgün seçim etməliyik. Futbol bu gün dünyada ən çox sevilən, ən çox pulun dövr etdiyi idman növüdür. Azərbaycanda da futbola maraq tarixən olub, davam edir. Bu mənada mən valideynləri başa düşürəm. Amma yaxşı yaşamaq xətrinə uşaqları şikəst etmək olmaz.

 

Oxşarlıq çoxdur, amma...

Deyərdik ki, fiziki sağlamlıq, anadangəlmə zədə, ümumiyyətlə uşaqların kiçik yaşlarda zədələrə meylli olub-olmamaları, idmanla məşğul olmağa uyğunluq sertifikatı psixologiyadan ön planda gəlməlidir. Bu mənada aidiyyatı üzrə peşəkar mütəxəssisin, həkim-travmatoloqun da fikirlərini öyrənmək, paylaşmaq vacibdir. Futbolla, ümumən idmanla məşğul olan azyaşlıların fiziki sağlamlığı, zədələrdən necə qorunması, qabaqlayıcı tədbirlər və zədədən sonrakı adaptasiya istiqamətində suallarımızı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun stajlı, tanınmış həkimi Şəmistan Hacıyev cavablandırdı. Bu barədə ətraflı bilgini növbəti yazımızda təqim edəcəyik. Qısaca olaraq Hacıyevin fikirlərini diqqətinizə çatdıraq.

 

- Əvvəlcə onu deyim ki, idmanla-futbolla məşğul olmaq uşaqların fizioloji və psixoloji sağlamlığı üçün çox faydalıdır. Buna görə də uşaqların əsasən yeniyetməlik yaşlarından idmana yönləndirilməsi məsləhət görülür. Araşdırmalarıma görə deyə bilərəm ki, idman nəinki insana fizioloji, eyni zamanda psixoloji fayda da gətirir, normal düşüncə tərzi formalaşır. Bu baxımdan psixologiya ilə fiziki sağlamlığı hərdən eyniləşdirirlər. Amma oxşar cəhətləri çox olsa da, bu sahələr arasında fərqlər də kifayət qədərdi.

 

Vacib dietik şərtlər

Travmatoloqla yanaşı, dietoloqlar da psixi normal inkişaf edən uşaqların idmanla məşğul olmalarını vacib və çox müsbət hal kimi qiymətləndirir. Futbolla məşğul olan uşaqlar üçün konkret bir proqram tərtib olunmasa da, ən azından reseptik məsləhətlər mütləqdir. Bu mənada bəzi sıralamanı diqqətə çatdırırıq. Əvvəla onu deyək ki, uşağın yaşına və fiziki fəaliyyətinə görə normal bir yemək rejimi qurulmalıdır. Adətən məşqdən 1 saat əvvəl yüngül bir yemək yeyilməsi lazımdır. Uşağın tamamilə ac, yaxud tox olması mənfi təsirlərə yol açır. Buna görə məşqin əvvəlində uşaqlara quru yemiş, pendirli bir tort, yaxud kiçik bir şirniyyat yedizdirmək yaxşı olar. Aydındır ki, uşaqlar məşq əsnasında və məşqdən sonra çoxlu su içməli, məşqdən sonra meyvə, kompleks karbohidratlar qəbul etməlidirlər. Ümumiyyətlə isə zülallı yeməklər və süd məhsulları daimi idmanla, futbolla məşğul olan uşaqlar üçün münasib sayılır. Xüsusən uşaqlara çox şəkərli qidalar və yağlı yeməklər qadağan olunmalıdır.

 

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Elvin ƏHƏD

Tarix: 25 Fevral 20:00    Oxunub: 365    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Oktyabr 2017
16 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.