"Səhv aradan qaldırılmasa, növbəti görüşə çıxmayacağımızı onlara çatdırdıq"

İranın Kirmanşah şəhərindəki Dünya Kubokunda bürünc medal qazanan Azərbaycanın sərbəst güləş üzrə yığma komandasının üzvləri Bakıya qayıdıb. Sportinfo.az-ın məlumatına görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərin suallarını cavablandıran baş məşqçi Firdovsi Umudov qazanılan qələbənin ilk növbədə dövlətin qələbəsi olduğunu bildirib.

 

O, komanda üzvlərinin sona qədər mübarizə apararaq möhtəşəm möhtəşəm qələbə qazandıqlarını vurğulayıb: "Biz çox güclü güləş ölkələri - Rusiya, ABŞ və Gürcüstanla eyni qrupda mübarizə apardıq. Rusiya və Gürcüstanı məğlub etdikdən sonra ABŞ idmançıları ilə qarşılaşdıq. Yarışdan öncə biz ilk "üçlük"də qərarlaşmağı planlaşdırmışdıq. Görüşləri keçdikcə isə qızıl medalları qazanmağa daha ümidli idik. Ancaq ABŞ-la görüşdə 74 kq çəki dərəcəsində hakim haqzıslığı ilə üzləşdik.

 

Görüşün sonuna 1 dəqiqə qalmış ardıcıl 3 xəbərdarlıqla Murad Süleymanova texniki məğlubiyyət verilməsi görüşün nəticəsinə ciddi təsir etdi. Dünya Kuboku mənim baş məşqçi təyin olunduğum məşçilər korpusunun 2017-ci ildə ilk ciddi yarışı idi. Bu, bizim hamımızın birlikdə əldə etdiyimiz nəticədir. Bu nailiyyət həm də Azərbaycan Güləş Federasiyası rəhbərliyinin, federasiya prezidenti Fazil Məmmədov, I vitse-prezident Namiq Əliyevin komandamıza göstərdiyi diqqətin nəticəsidir".

 

Heyətdə əsasən gənc və təcrübəsi az olan güləşçilərə yer verdiklərini bildirən baş məşqçi komandanın hər bir üzvünün sona qədər mübarizə aparıb, əzmkarlıq nümayiş etdirdiyini xüsusi qeyd edib: "Dövlətimizin və federasiya rəhbərliyinin qarşımıza qoyduğu tələblərdən biri 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün ehtiyat qüvvənin formalaşdırılmasıdır. Bu məqsədlə heyətdə Hacı Əliyev, Cəbrayıl Həsənov, Georgi Edişeraşvili, Şərif Şərifov və Cəmaləddin Məhəmmədov kimi təcrübəlilərlə yanaşı, Mahir Əmiraslanov, Əli Rəhimzadə, Məhəmməd Müslümov, David Suynuçxanov, Murad Süleymanov, Nurməhəmməd Hacıyev, Aslanbek Alborov kimi gənc güləşçilərimizə də yer vermişdik.

 

Onlar da özlərini yaxşı tərəfdən göstərə bildilər. 61 kq-da mübarizə aparan Əli Rəhimzadə Rusiya ilə görüşdə Olimpiya çempionu Camal Otarsultanovu məğlub etdi. ABŞ-la görüşdə isə dünya çempionuna 12:11 hesabı ilə uduzdu. Müəyyən səhvlər var idi ki, əsas da təcrübəsizlik, onların üzərində gələcəkdə işləyəcəyik. 97 kq-da mübarizə aparan Aslanbek Alborov ABŞ-la görüşdə "Rio-2016"nın qalibi Kayl Snayderi məğlub etdi. Güləşçilərimizin hər birini təbrik edir, əsl xarakter nümayiş etdirdiklərinə görə onlara təşəkkür edirəm".

 

Yarış zamanı meydana gələn bayraq probleminə münasibət bildirərkən yığmanın baş məşqçisi bildirib ki, bayrağı qorumaq hər kəsin borcudur: "Bayrağımız bizim canımızdır, qanımızdır. Bu bayraq ata-babalarımızın, şəhidlərimizin qanı bahasına qorunub saxlanıb. Ona görə də hər birimiz bayrağımızı sevməli, onu qorumalıyıq. Dövlətindən, gücündən, əhalisinin sayından, ərazisinin böyüklüyündən asılı olmayaraq kimlərsə bizim dövlətimizə, bayrağımıza qarşı haqsızlıq edərsə, biz buna etirazımızı bildirməliyik.

 

Dünya Kuboku zamanı da təşkilatçılar ilk görüşdə bayrağımızı səhv çıxarmışdılar. Biz bunu görəndən sonra öz etirazımızı bildirdik. Səhv aradan qaldırılmasa, növbəti görüşə çıxmayacağımızı onlara çatdırdıq. Hər bir ehtimalı nəzərə alaraq özümüzlə apardığımız şanlı Azərbaycan bayrağımızı yarış zalına gətirdik və təşkilatçılara təqdim etdik. Bu gün biz bütün dünyaya sübut edirik ki, heç kəs bizim dövlətimizə yuxarıdan aşağı baxa bilməz. Biz dövlətimizi, millətimizi sevirik. Mən həm güləşçilərimiz, həm komandamız adından bildirirəm ki, biz cənab Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşmişik. Bizim bir dövlətimiz, bir bayrağımız var. Hər birimiz daha diqqətli olmalıyıq ki, baş verə biləcək bu cür təxribatların qarşısını alaq".

 

2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi ili" elan edilməsinə də diqqət çəkən F.Umudov qarşıda görüləcək işlərin hələ çox olduğunu bildirib: "Qarşıda bizi IV İslam Həmrəyliyi Oyunları, Avropa çempionatı kimi mötəbər yarışlar gözləyir. Təqvim planımız olduqca gərgin və sıxdır. Çalışacağıq ki, dövlətimizin, Federasiya rəhbərliyinin etimadını, güləş azarkeşlərinin ümidlərini doğruldaq və daha yaxşı nəticələr qazanaq. Gənc və peşəkar komandamızla birlikdə biz hələ çox nailiyyətlər qazanacağıq. Qarşımızda böyük hədəflər var, bu hədəflərə nail olmaq üçün var-gücümüzlə çalışacağıq".

Tarix: 20 Fevral 13:12    Oxunub: 247    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Oktyabr 2017
18 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.