Bakıya gələn Modriç - müharibə çocuğu, meydanda dağıdıcı və...

Dünyanın ən yaxşı yarımmüdafiəçisi olan xorvatiyalı  ailəcanlı adamdır, həmkarlarından fərqli olaraq gecə klublarında əylənməyi sevmir...

 

Xorvatiya milli komandasının yarımmüdafiəçisi Luka Modriç Rusiyada başa çatmaqda olan dünya çempionatının ən yaxşı oyunçuları sırasındadı.

 

Onu rəqib komanda üçün “dağıdıcı”, öz komandası üçün isə “yaradıcı” yarımmüdafiəçi də adlandırırlar. Bu gün onun haqqında maraqlı bilgiləri oxucularla paylaşırıq.

 

Müharibə çocuğu   

Eduard Modriç  1985-ci ilin 9 sentyabrında   Xorvatiyanın Zadar şəhərində anadan olub. 1990-cı illərin Yuqoslaviya müharibələri zamanı Lukanın ailəsi Zatona köçmək məcburiyyətində qalıb. Onun babası hərbi əməliyyatlar zamanı ələ keçib və güllələnib. Həm müharibəni, həm babasının başına gələnləri ondan gizlədiblər.

 

Atası ordudan döndükdən sonra Luka yerli idman akademiyasında futbol oynamağa başlayır. Çətin vaxtlara baxmayaraq, Modriçin atası pulunun bir hissəsini maaşından ayıraraq oğlunun yaxşı məşq etməsinə şərait yaradır.

 

2002-ci ildə 16 yaşlı Luka ilə Zaqrebin “Dinamo” klubu maraqlanır və elə həmin ilin iyununda onunla  müqavilə imzalanır. Luka “Dinamo”da öncə gənclərdən ibarət komandasında meydana çıxır. Bir il sonra “Dinamo”  rəhbərliyi Lukanı “Zrinski”  klubunda icarə müqaviləsi ilə transfer edir.

 

Luka Bosniya və Herseqovina çempionatının 2003/2004 mövsümündə universal oyun stili göstərir və Bosniya Premyer-Liqasının “Ən yaxşı oyunçusu” olur.  2004-cü ildə Modriç Xorvatiyanın “İnter” klubuna keçib. Bu klubda da məhsuldar oynayan Modriç həmin mövsümdə “İnter”in heyətində Xorvatiya çempionatında gümüş medalını qazanır. Bu isə kluba UEFA kubokuna bilet demək idi.

 

Elə həmin mövsüm o, “Xorvatiyanın Futbol Ümidi”adına layiq görülür. 2005-ci ilin əvvəlində Zaqreb “Dinamo”su Modriçi yenidən kluba qaytarıb. Luka tezliklə “Dinamo”nun əsas heyətində özünə yer tutmağı bacarıb. Sonrakı üç mövsümdə də Zaqreb komandasında qalan Modriç 112 oyunda meydana çıxır və 31 qol vurur.

 

2007-ci ildə Zaqreb “Dinamo”su Xorvatiya çempionluğunu bayram edir. Elə həmin il klub Xorvatiya kubokunu da qazanır. Luka Modriç isə  Xorvatiyanın ən yaxşı futbolçusu adına layiq görülür. “Dinamo” UEFA kubokunda pis nəticə göstərmir, 2008-ci ildə 1\4 finaladək yüksəlir. Modriçin Avropa meydanlarındakı parlaq oyunu bir sıra klubların dərhal diqqətini çəkir.

 

“Tottenhem” yolçuluğu

Bu diqqət onunla nəticələnir ki,  2008-ci ilin aprelində Modriç İngiltərənin “Tottenhem” klubu ilə  müqavilə imzalayır.  “Totenhem” Modriçə 6 ilik müqavilə və  16,5 milyon avro təklif edir. Bu, 2007-ci ildə Darren Bentin alınmasından sonra “Tottenhem” üçün rekord transfer ödənişi hesab olunurdu. Modriç klubun heyətində ilk oyuna “Norviç City” yə qarşılaşmada çıxır.

 

“Tottenhem” bu matçda 5: 1 hesabı ilə qalib gəlib və Luka 45 dəqiqə meydanda olur. Avqustun 16-da oynadığı ilk rəsmi matçda  “Tottenhem” “Midlsbro” klubuna uduzur.  Modriç həmin oyunda hücumameylli yarımmüdafiə xəttində ilk dəfə özünü sınayır. Amma Modriç kluba transfer olmamamışdan “Tottenhem”in turnir vəziyyəti kifayət qədər qəliz idi. Bu vəziyyətdə isə əsas tənqid hədəflərindən biri Modric idi.

 

Tezliklə komandanın baş məşqçisi Xuanda Ramos işdən çıxarılır və “Portsmut”un sabiq texnik direktoru Harri Redknapp “Tottenhem”ə baş məşqçi gətirilir. Onun gəlişi ilə klubun vəziyyəti yaxşılaşdı.  Redknapp əsas oyunu Luka Modriçin üzərində qurmaq niyyətində idi. 

 

Modriç tədricən mərkəz yarımmüdafiəçi mövqeyində möhkəmlənir. Modriç “Stoke City” və “Çelsi”yə qarşı oyunlarda özünü ən yaxşı tərəfdən göstərməyə nail olur.    “Tottenhem”də ilk rəsmi qolunu Modriç Moskva “Spartak”ilə qarşılaşmada vurur, matç bərabərliklə sona çatır (2: 2). Üç gün sonra Modriç, nəhayət,  Premyer-Liqada da ilk qolunu vurur. 

 

“Tottenhem” 2010/2011-ci illər  mövsümündə  dördüncü yeri tutur və tarixində üçüncü dəfə Çempionlar Liqasında oynamaq şansı qazanır.  2010-cu ilin sentyabr ayında “Tottenhem” Modriçə daha 6 il müddətinə müqavilə təklif edir və qiyməti iki qat artırır. Artıq “Tottenhem”in heyətində Qaret Beyldə vardı və o, Modriçlə əla ikili kimi oynayırdılar. 2011-ci ildə Modriç və Beyl “Tottenhem”in əzəli rəqiblərindən olan “Arsenel”la qarşılaşmada komandasının 2:1 hesablı qələbəsini təmin etdilər.

 

Modriç “Tottenhem”də oynadığı son mövsümdə 6 qol vurdu və 8 qol ötürmə etdi. Həmin il klub  Çempionlar Liqasının 1\4 finalına  çıxdı. Yarımfinalda “Tottenhem” Modriçin gələcək klubu olan “Real”la qarşılaşdı. “Real” iki oyunda “Tottenhem”in qapısından beş top keçirərək Modriçin klubuna heç bir şans vermədi.

 

Avropa çempionatından əvvəl Madrid klubu Luka Modriçi transfer etmək istəyirdi və bu istəkləri alındı. 2012-ci ilin avqustunda “Real”Modriçlə 5 illik müqavilə imzalayır.  İspan klubu “Tottenhem”ə bu transfer üçün 33 milyon funt-sterlinq ödədi. 

 

2012-ci ilin payızında Modriç “Saraqosa” ilə qarşılaşmanın ikinci dəqiqəsinə “Real”da ilk qolunu vurdu. Amma İspaniyanın “Marca” jurnalı Modriçi 2012-ci ilin ən pis transferi adlandırdı. Lakin zaman keçdikcə xorvat futbolçu “Real”ın əsas mərkəz yarımmüdafiəçisi oldu. 2017/2018 mövsümündə Modriç “Real”ın ən yaxşı xorvat futbolçusu kimi tanındı. Çempionlar Liqasının qalibi kimi də sevindi.

 

Milli komandada

Luka Modriç Xorvatiya milli komandasında ilk dəfə 2008-ci ilin 1 martında Argentina ilə qarşılaşmada debüt edib. 2008-ci il Avropa çempionatında o, komandasının əsas oyunçularından birinə çevrildi və turnirin simvolik milli komandasına daxil oldu.

 

Həmin çempionatda Modriç həm qol vurdu və bir neçə dəfə uğurlu qol asissenti oldu. Komanda 1/8 finalda penallarda Türkiyəyə uduzaraq turniri tərk etdi. 2010-cu il mundialında Luka Modriç komandasının bütün matçlarında iştirak etdi, yaddaqalan oyunu ilə seçildi, bir oyunda həm qol vurdu, həm uğurlu ötürmə etdi. 2018-ci il Rusiya mundialında da Modriç komandasının əsas ümidlərindən biridir. Luka Modriç Rusiya mundialında da ən yaxşı sözlərə layiqdir.

 

Üç uşaq atası

Luka 25 yaşı olanda ailə qurub. Həyat yoldaşı Vanya Bosniç onun agenti olub. Dörd il birgə olduqdan sonra münasibətlərinin rəsmiləşdiriblər.  Modriçin üç uşağı var: bir oğlan, iki qız. Modriç ailəcanlı adamdır, həmkarlarından fərqli olaraq səs-küylü məclislərdə, gecə klublarında əylənməyi sevmir.

 

Nazim SABİROĞLU

Tarix: 12 İyul 16:36    Oxunub: 193    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.