"Sumqayıt" özbaşnalıq edən Cavid İmamverdiyevi transferə çıxardı

«Sumqayıt»la Cavid İmamverdiyevin yolları ayrılmaq üzrədi.

 

Sportinfo.az-ın məlumatına görə, gələn mövsümdən medallar uğrunda mübarizəyə qoşulmaq iddiasında olan «kimyaçılar» yarımmüdafiəçisini transferə çıxarıb.

 

Bu, klubun istəyi ilə deyil. Səbəbkar Cavidin özüdü. Belə ki, «Sumqayıt»la 1 illik müqaviləsi qalan millinin üzvü komandanın son məşqlərində iştirak etmir.

 

Belə demək mümkünsə, aldığı təkliflərdən gözü qamaşan İmamverdiyev burdan getmək üçün hazırlıq prosesini boykot edib. Onun intizamsız hərəkətini görən klub rəhbərliyi transfer bazarının qapısını taybatay açıb.


Mətbuatda yayılan məlumatlara görə, «Qəbələ», «Keşlə», «Qarabağ» və yetirməsi olduğu «Neftçi» təklif göndərib. «Sumqayıt»da aylıq qazancı 6000 manat olan İmamverdiyev bu çağırışlardan birini qəbul eləməyə qərarlıdı. 


Görünür, o, ötən günlərini unudub. Cavid yaxşı futbolçudu, istedadlıdı və düşünürük ki, hələ də potensialını tam açmayıb. Zamanında öz üzərində çalışsaydı, yalnız futbol barədə düşünsəydi, nizam-intizama riayət edib, gecə həyatına aludə olmasaydı, bu gün biz səsini və sorağını Avropanın göbəyindən – «böyük beşlik» ölkələrindən birindən alırdıq.

 

Bu potensal onda var, amma təəssüf ki, Allahın ona verdiyi istedadın istisinə kor olan Cavid yen də səhvlərindən nəticə çıxarmır.


İmamverdiyev «Sumqayıt»a ötən yay «Neftçi»dən gəlib. Yəqin ki, həmin günlər yadından çıxıb artıq. Yoxsa ki, aradan 1 il ötəndən sonra havada uçmazdı. «Sumqayıt» onu böyük futbola qaytardı, diriltdi.

 

«Neftçi»də itib-batan, hesabdan silinən yarımmüdafiəçi bir az da belə getsəydi, heç kimin yadına düşməyəcəkdi, qiyməti 0-a enəcəkdi, bəlkə də artıq divizionda ayaq sürüyürdü. Onu qyunun dibindən Kamran Quliyevlə Ceyhun Sultanov – «Sumqayıt»ın ovaxtkı prezidenti ilə baş meneceri dartıb çıxardı.

 

Böyük risk etdilər. Çünki Sadıq Sadıqov kimi «mənəm-mənəm» deyən bir prezident 5 il ərzində onu çərçivəyə sala, əl-ayağını yığışdıra bilməmişdi. «Sumqayıt»da isə bu, mümkün oldu.

 

Cavid gəldi, oynadı, itirilmiş mövqelərini bərpa etdi, adını geri qaytardı, nəticədə Qurban Qurbanov uzun fasilədən sonra millinin qapılarını üzünə açdı. O, bunları unutmalı deyil, qiymətləndirməlidi. 


Üç il öncə Türkiyədən qayıtdı. Bir neçə aylıq «Elazığspor» reydindən sonra. PTT I Liqasında uğursuz günlər keçirən Cavidə yaxınlarda Rusiyanın premyer-liqasından təklif gəlib.

 

«Neftçi»də oynadığı futbolla yalnız Türkiyənin aşağı dəstə təmsilçisinin diqqətini çəkən və gedib orda da özünü göstərə bilməyən İmamverdiyev bilməlidi ki, əgər «Sumqayıt» rəhbərliyi ruslardan gələn dəvəti qəbul etsməyibsə, səbəbi var.

 

O. ikinci dəfə «Sumqayıt»da Cavid oldu və klubun haqqı çatır ki, şərtlərini diqtə etsin, müəyyən bir məbləğdə təzminat alsın. Onlardan, yaxud yerli komandalardan hansısa biri xidmətində maraqlıdısa, «Sumqayıt»ın istəklərini yerinə yetirməlidi, İmamverdiyev yalnız özünü fikirləşməməlidi. Görünür, rus klubu onu havayı əldə etmək niyyətində olub, 


«Sumqayıt» da razılaşmayıb. Bəs bunun üçün məşqə çıxmaqdan imtina etmək niyə?

 

Cavid bu gün «Sumqayıt»da belə edirsə, sabah getdiyi komandanı da bir qeyrisinin ayağına verəcək. Hər bir halda onun bu addımının başqa məntiqi izazı və əsası yoxdu.

Tarix: 11 İyul 09:24    Oxunub: 460    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.