Bu gün ilk finalçı bilinəcək: 78-ci qarşılaşma, “xoruz”ların bəxti və...

Bu gün Rusiyada keçirilən XXI dünya çempionatında ilk finalçının adı bilinəcək.

 

Saat 22:00-da Sankt-Peterburqda Fransa-Belçika mililəri ilk yarımfinalda, amma... 78-ci dəfə qarşılaşacaqlar.

 

İki qonşu dövlətin mili komandalarının qarşılaşma tarixi ötən əsrin əvvəlinə gedib çıxır. Belə ki, komandalar ilk dəfə 1904-cü ildə aralarında yoldaşlıq görüşü keçiriblər. Həmin oyun 3:3 hesabı ilə başa çatıb. Mundiallar tarixində ilk qarşılaşmaları isə 1938-ci il çempionatında olub. 1\8-də Fransa rəqiblərini 3:1 hesabı ilə məğlub edib.

 

Komandalar bir neçə dəfə Avropa çempionatının seçmə mərhələlərində də bir qrupda mübarizə aparıblar. 1984-cü il Avropa çempionatında isə bir qrupa düşüblər. Həmin görüşdə fransızlar rəqib qapısında 5 cavabsız top keçiriblər.  1986-cı il Avropa çempionatında isə 3-cü yer uğrunda  görüşdə əsas vaxt 2:2 hesabı ilə başa çatıb. Əlavə olunmuş vaxta isə Fransa milisi daha 2 top vuraraq Belçikanı medalsız qoyub.

 

Sonuncu dəfə bu komandalar 2015-ci ildə yoldaşlıq görüşündə güclərini sınayıblar. Fransada keçirilən görüşdə qonaq komanda 3:4 hesabı ilə qələbə qazanıb. Ümumilkdə, Belçika 31, fransızlar isə 26 dəfə sevinən tərəf olublar, 20 görüş heç-heçə bitib. Qolların sayına görə belçikalılar irəlilədədilər:166:135.

 

Fransa qrupda 7 xal toplayaraq ilk mərhələnin lideri olub. 1\8-də Argentinanı, 1\4-də isə Uruqvayı evə göndərən fransızlar çempionluğa iddialarını ortaya qoydular. İlk oyunlarda rəqiblərinin qapısına minimal top vuran fransızlar “pley-off” mərhələsində həm məhsuldar, həm də baxımlı oyun nümayiş etdirirlər. Sonuncu dəfə 20 il əvvəl çempionluğu bayram etmiş Fransa millisi bu tilsimi Rusiyada qırmağa çox iddialıdır.

 

Fransa məlumdur ki, dünya çempionatının ən bahalı komandasıdır, heyətində çox məşhur futbolçular var. Komanda həm də xeyli gəncləşib. Xüsusilə 19 yaşlı Kilian Mbappenin bu gün Argentina ilə oyunda olduğu kimi (2 top vurub, bir məhsuldar ötürmə və penalti qazanıb) özünü göstərəcəyi gözlənilir. Antuan Qrizmann, Usman Dembele də Belçinanın müdafiəsini yarmağa çalışacaqlar. Didye Deşam artıq 6 ildir ki, komandaya rəhbərlik edir, amma Fransanın heç bir uğuru yoxdur. Bu, böyük ehtimalla onun üçün də son şansdır.

 

Belçika da son illərin ən yaxşı komandası ilə mundiala gəlib və əla nəticələr göstərib. Bu komandanın oyununa baxmaq doğrudan da xüsusi zövqdür. Belçika mundialda yeganə komandadır ki, keçirdiyi 5 görüşün hamısında və əsas vaxtda qalib gəlib. Belçika 23 oyundur ki, məğlubiyyət nə olduğunu bilmir.

 

Mütəxəssislərə görə, Belçikanın orta xətti indi dünyada ən güclü və etibarlıdır. Komandanın ispaniyalı baş məşqçisi Roberto Martinesin qurduğu taktika oyun planı hələ ki komandaya uğur gətirir. Məşqçilər korpusunda olan Terri Anri isə Fransa millisini yaxşı tanıyır və bu gün onun məsləhətləri də çox işə yarıyacaq. Fransa milisinin forvardı Olivye Jiru Anrinin rəqib düşərgəsində yer almasından məyusluğunu gizlətməyib. Futbolçu Anrininin Fransa futbolunun ən məşhur simalarından biri olduğunu qeyd edərək, “Təəssüf ki, o, bilik və bacarığını mənə yox, başqasına öyrədir” deyib. Jiru “İstərdim ki, Belçika ilə matçın sonunda o, səhv etdiyini başa düşsün” deyərək incikliklərini gizlətməyib.

 

Belçika millisinin müdafiəçisi Tomas Vermalen DÇ- Fransanın mundialda ən ambisiyalı komandalardan biri olduğunu deyib. Onun sözlərinə görə, yarımfinal Braziliya ilə oyundan da çətin olacaq: “Fransa əvvəldən də turnirin favoritlərindən biri idi. Bu səbəbdən də düşünürəm ki, qarşıdakı matç Braziliya ilə oyundan da çətin keçəcək. Artıq Braziliya ilə matçı unutmuşuq. Hazırda bütün fikrimiz Fransa ilə oyuna yönəlib. Bu komandanı necə məğlub etmək barədə düşünürük. Yarımfinalda uduzsaq, çox məyus olacağıq”.

 

Belçikanın yarımmüdafiəçisi Eden Azar Fransa ilə oyun ərəfəsi rəqib gənc forvardı Kilian Mbappeni tərifləyib.   “Mən onunla bir neçə dəfə telefonla danışmışam. Uşaqlıqda o mənim necə oynamağıma baxırdı, indi mən onun necə oynadığına baxıram. 19 yaşında bu cür oyun göstərmək hər cür tərifə və hörmətə layiqdir. O, ”Qızıl top" almağa ən potensial namizəddir. Mən isə düşünürəm ki, Mbappe artıq bu mükafatı almağı haqq edib" deyə, Azar bildirib.

 

Yeri gəlmişkən, Fransa millisinin heyətində xüsusi dəyişiklik olmasa da, Belçika oyuna itkilərlə çıxır. Belə ki, komandanın əsas müdafiə xətt oyunçularından olan Menye Braziliya ilə oyunda ikinci sarı vərəqə aldığı üçün bu oyunu buraxmalı olacaq. Onu Yannik Karraskonun əvəz edəcəyi gözlənilir.  Fars əsilli Naser Şadlinin də zədə səbəbindən meydana çıxa bilməyəcəyi deyilir. 

 

Bəs şanslar? Mənə qalsa, bu oyunun fovariti Belçika millisidir. Onlar tənqidlərə rəğmən,  bu mundialın ən yaxşı beş komandası sırasında olan Braziliyanı evə göndərməklə çempionluğa çox yaxınlaşdılar. Fransızların həmişə bir az bəxtləri “xoruz” olur, pley-offda lotereya kimidir, bir qol hərdən hər şeyi həll edir. Məncə, Fransa-Belçika oyunu mundialın yarımfinalına layiq qarşılaşma olacaq. 78-ci dəfə kim qalib gələcək? Dünyanın bukmeyker kontorları əsasən Fransa deyir, biz Belçika deyək...   

     

Fransa - Belçika matçını uruqvaylı hakimlər birqadası idarə edəcək. Görüşün baş hakimi  Andres Kunya olacaq. Ona həmyerliləri Nikolas Taran və Maurisio Espinoza kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi funksiyasını meksikalı Sezar Ramos yerinə yetirəcək.

 

Nazim SABİROĞLU

Tarix: 10 İyul 10:48    Oxunub: 109    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.