Nazirin klubu səriştəsiz, futboldan bixəbər adamın əlinə keçib

Premyer Liqanın debütantı “Sabah”ın sabahı qaranlıqdı. Mövsümün startına az müddət qalsa da, bu klubun strukturu müəyyənləşməyib, rəhbərinin, sponsorunun kim olduğu bilinmir.
 
Futbolinfo.az-ın əməkdaşları bir neçə dəfə klubun mətbuat xidmətinə bununla bağlı müraciət edib, həmişə də “növbəti həftə” cavabını alıb. Lakin həftələr sıralanır, klubun sahibinin kim olması isə sirr olaraq qalır. Sanki sponsorlar idarəçiliklə bağlı yekdil qərara gələ bilmirlər.
 
Yenə qarşıdakı həftə nişan verilir. Yəqin ki, bu dəfə yalançı çıxmazlar, biz də klubun sahiblərini tanıyarıq. Bəlkə onlar da “Xəzər” rəhbərliyi kimi sıradan adamlardı və hansısa qara işlərlə məşğuldular? Çünki kluba Təhsil Nazirliyinin himayədarlıq etməyəcəyi dəqiqləşib, sponsorun kim olduğu, bu komandanın sabahının nə dərəcədə sabit olacağı məhz bu təyinatlarla bilinəcək.
 
AFFA-nın baş katibi Elxan Məmmədovun yalanının ömrü uzanmaqdadı. O, bu klubu elitaya buraxmaq qərarlarına don geyindirərkən, klubun bütün sənədlərinin qaydasında olduğunu bildirmişdi. Zaman keçir, nə onun vəd etdiyi sənəd şəffaflığını görürük, nə də klubdan konkret addım. “Sabah”ın maliyyə dayaqları, idarəediciləri bəlli deyil və bu da şübhələrə yol açır.
 
Deyilənlərə inansaq, bu həftə “Sabah”la bağlı əksər suallara aydınlıq gəlməlidi. Klubun Müşahidə Şurasını, yoxsa prezident üsul-idarəsini seçəcəyi tezliklə bəlli olacaq, olmalıdı. Daha sonra idarə heyətindəki adlara diqqət yetirib, bu klubun perspektivini müzakirə edəcəyik.
 
Hələlik klubda bir söz sahibi var. Klubun icraçı direktoru olacağı deyilən, hazırda isə qeyri-rəsmi fəaliyyət göstərən Maqsud Adıgözəlov “Sabah”da tək söz sahibidi. Məşqçilər də, futbolçular da onunla razılaşaraq müqavilə imzalayıb. Onun yeni strukturda önəmli post tutacağı, söz sahibi olacağı şübhəsizdi.
 
İş ondadı ki, Maqsud bəyə baxaraq, klubun sabahı barədə müəyyən fikir söyləmək olar. Ötən mövsüm divizionun ən imkanlı klublarından olan “Sabah” sonda 5-ci pilləni tutdu və AFFA-dakı dostların sayəsində Premyer Liqaya yüksəldi. Təkcə bu fakt idarəçiliyin hansı səviyyədə olduğunun göstəricisidi. Büdcə, imkanlar uğur gətirmədi. Adıgözəlov yalnız ətrafının, yaxınlarının hesabına vəzifə etibar edilən birisidi və onun ağır yükün altında əziləcəyini demək olar.
 
Maqsud bəy mərhum Rauf Adıgözəlovun qardaşı oğludu. Ailə bağlarında yazmasını lazım bilmədiyimiz, hamıda qıcıq doğuracaq bəzi məqamlar var. Lakin nə yazıq ki, Azərbaycanda məhz bu əlaqələr yüksəlmək, vəzifə sahibi olmaq üçün yetərlidi.
 
Rauf Adıgözəlov sovet vaxtı uzun illər İdman Komitəsində futbol bölməsinin rəhbəri, daha sonra “Neftçi”nin rəisi olub. Onun haqda kiminsə yaxşı xatirəsi yoxdu. AFFA-nın ilk prezidenti Fuad Musayevlə bağlı UEFA-ya, FIFA-ya yazılan danoslarda məhz onun rolu olduğu deyilirdi. Vaxtilə Seul Olimpiadasına yollanan SSRİ yığmasının heyətində olan Yunis Hüseynovun kənarda qalması da Adıgözəlovun əməyidi. Toplanışlarda iştirak edən Hüseynov istedadı sayəsində bu şərəfə layiq bilinmişdi, amma məhz azərbaycanlı olması Adıgözəlovu narahat etmiş və o, Yunisin siyahıdan çıxarılmasına nail olmuşdu. Son anda Seula sonradan Azərbaycanı pisləyib, qaçqın statusu alan və İsveçə yollanan İqor Ponomaryov yollanmış, 1 oyuna çıxaraq çempion adını qazanmışdı.
 
“Neftçi”nin azərbaycanlılardan təmizlənməsində də rolu olan Adıgözəlovun hansısa xidməti barədə kimsədən bir söz eşitməmişik. Buna baxmayaraq, daim əlaqələri, himayədarları hesabına vəzifədə olan Rauf bəy məsul postları tuturdu.
 
Təbii ki, onun fəaliyyəti Maqsud bəyin karyerasına kölgə salmamalıdı. Lakin düşünmək üçün əsas var: əcəba, bu sirri-xuda nədir? Ölkədə futbol mütəxəssisi yoxdurmu ki, debütant dost-tanışa, səriştəsiz birinə tapşırılır?
 
İstəsək də, istəməsək də, Maqsud bəy “Sabah”da mühüm post tutacaq. Bu, Azərbaycan reallığıdı. Ölkə futbolu bir qrup insanın monopoliyasındadı və onları inkişaf yox, hansısa səviyyədə dövlət məmurları tərəfindən ayrılan milyonları xərcləmək düşündürür. Futbolun inkişafı, təbliğatı, kütləviliyi kimsənin vecinə deyil.
 
İndi Adıgözəlov da dostlarını başına yığıb, klub idarə etməyi düşünür. Menecer, marketoloq tanışları, məclis dostları onlar üçün ayrılan piroqdan ən yekə hissəni qamarlamaq üçün səfərbər olublar. Xeyirli olsun! Klub strukturu açıqlananda həmin dəstəni tanıyacağıq, üstəlik, baş katib Elxan Məmmədova da suallarımız olacaq...
 
Yeri gəlmişkən, klub hələ ictimai birliyə çevrilməyib, bu proses indi reallaşır. Strukturun indiyədək müəyyənləşməməsi də bununla bağlıdı. O zaman çox maraqlıdı: AFFA hansı əsasla “Sabah”a lisenziya verib? (futbolinfo)
Tarix: 9 İyul 11:48    Oxunub: 200    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 İyul 2018
20 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.