Novruz bayramında doğulan dünya ulduzu “Qızıl buts” alacaqmı?

İki il əvvəl “Avro-2016"-da Fransa yığmasının forvardı Antuan Qrizmann 4 qol, iki uğurlu ötürmə ilə bombardirlər sıralamasında yer almışdı.

 

Xatırlayanlar bilir, Fransa yarımfinalda Rusiyada qrupdan çıxa bilməyən keçmiş dünya çempionu Almaniya üzərində 2:0 hesabı ilə qələbə qazandı və hər iki topun müəllifi Qrizmann oldu.

 

“Qızıl buts” o çempionatda ona qismət olmadı. Rusiyada sona çatmaqda olan mundialda onun aktivində 4 qol var. Bu mundialda da onun ən yaxşı bombardir olmağa şansı var. Qarşıda Belçika ilə yarımfinal qarşılması var, sonra... Qrizmann haqda yazının bu baxımdan maraqlı olacağını düşünürük.

 

Futbolçu oğlu futbolçu...

Antuan Qrizmann  1991-ci ilin 21 martında  Lionun 70 kilometrliyindəki Makon şəhərində futbolçu ailəsində anadan olub. Hələ uşaq yaşlarından atası onu “Lion” klubuna baxışa aparsa da, Antuanı zəif fiziki göstəriciləri və sısqa görünüşünə görə kurslara qəbul etməkdən imtina ediblər. Fransanın digər futbol akademiyaları da Antuana “perspektivsiz” deyərək qapını göstəriblər. Təbii ki, futbol qapısını yox... 

 

Atası naümid qalıb oğlunu özünün baş məşqçisi olduğu “Makon” klubuna yazdırır. “Makon” Fransanın ikinci həvəskarlar liqasında çıxış edirdi. Yalnız 13 yaşı olanda Qrizmann özünü geniş publikaya göstərmək şansı qazanır. 2005-ci ildə Qrizmann “Monpelye”nin heyətində “PSJ” klubunun gəncləri ilə yoldaşlıq görüşündə İspaniyanın “Real Sosyedad” klubunun seleksiyaçılarının diqqətini çəkir. Antuanı İspaniyaya-San-Sebestyana baxışa dəvət edirlər. Bir neçə həftəlik baxışdan sonra onu klubun akademiyasına qəbul ediblər. Beləcə, həyatını dəyişən İspaniya yolçuluğu başlayıb.

 

İspaniya, ordan isə...

Alman familiyalı,  portuqal kökənli Antuan əslində ana uşağı idi və bu yaşda onun evi tərk etməsi özü üçün də, valideynləri üçün də asan deyildi. “Gecələr hərdən ağlayırdım, yata bilmirdim.  Sən bu yaşda evi tərk etməyi başa düşə bilmirsən”, - deyə, Antuan həmin günləri belə xatırlayır.

 

Antuan klubda bütün yaş dövründə oynayır və yalnız 2009-cu ildə əsas komandaya dəvət alır. Baş məşqçi Martin Lasarte 2009/2010-cu illər mövsümündə onu əsas komandaya cəlb edir. Klubun keçirdiyi 4 yoldaşlıq görüşündə Antuan 5 qol vuraraq özünün gələcəyə gedən yolunu açmış olub. Uruqvaylı məşqçi sonralar etiraf edib ki, Qrizmannla həmyerlisi Suares arasında oxşarlıq görüb. “İzah etmək çətindir, amma mənim seçimimin doğru olduğuna şübhəm yox idi. Mavi gözləri onu mələyə oxşadır, amma o əsl əzrayıldır”.

 

Dünyanın üç ən yaxşı oyunçusundan biri 

Klubun sağ yarımmüdafiədə oyunçu axtarışında olması Antuanın işinə yarayır. 2009-cu ilin 2 sentyabrında ilk dəfə rəsmi görüşdə “Real Sosyedad” formasını geyinən Qrizmannın qolu özünü çox gözlətmir. “Ueskoy”la görüşdə Antuan ilk qolunu vurur. “Real Sosyedad”da  keçirdiyi ilk sezonda 39 oyunda forma geyən futbolçu 6 qol vurur. 2010-cu ilin aprelində o, “Real Sosyedad”la beşillik ilk professional müqaviləsini imzalayır.  

 

Növbəti mövsüm Antuan üçün daha da uğurlu olur. O, İspaniya çempionatında “Elçe”yə qarşı görüşdə ilk “het-trik”ini edir. Həmin mövsüm ümumilkdə 14 qol vuran futbolçu La-Liqa da yalnız Kriştiano Ronaldo  (22 qol ) və “Atletiko”nun hücumçusu Dieqo Kostadan (19) geri qalır.2014-cü ilin yayında Qrizmann “Real Sosyedad”la  müqaviləni uzatmaq istəmir. Bir neçə gün sonra o, 30 milyon avro qarşlılığında “Atletiko”ya transfer olunur.  O, “Kordoba” klubu ilə qarşılaşmada ilk dublunu edir.  Əvvəlki klubundan fərqli olaraq Qrizmann “Atletiko”da daha çox hücum mövqeyində oynayır. Bir neçə tur sonra klubun yeni transferi “Atletik” Bilbao ilə görüşdə “het-trik” edir. “Levante” oyununda da Qrizmann dublu ilə yadda qalır.

 

Fransa millisində

Antuan İspaniyada oynadığı üçün Fransa milisində diqqətdən kənarda qalır. O, 2010-cu ilin fevralında Qrizmann milli komandaya dəvət edilir. Ukrayna ilə görüşdə Antuan komandasının qələbə topunu vurur. 2010-cu ilin 7 iyununda Qrizmann Fransada keçirilən gənclər arasında Avropa çempionatına dəvət alır. Çempionatda iki qol vuran Qrizmann ilk kubokunu qazanır.

 

2013-cü il gənclər arasında Avropa çempionatının seçmə mərhələsində vacib oyun ərəfəsi Qrizmann və bir neçə komanda yoldaşı millidən qovulur. Cəza müddəti bir il nəzərdə tutulsa da, Antuan səhvlərini etiraf edir və artıq Fransanın əsas milli komandasına qayıdır.  2014-cü il martın 5-də o, Hollandiya ilə oyunda meydana çıxır. Paraqvayla yoldaşlıq görüşündə isə ilk qolunu vurur. Yamayka ilə görüşdə də qapıdan iki top keçirir.

 

Braziliyada keçirilən 2014-cü il mundialında  dünya çempionatınada heyətə daxil edilən Qrizmann 5 oyunda milinin formasını geyinir. Fransanın bir çox idman mütəxəssisləri Antuanın oyun stilinin Devid Bekhem və David Silvaya oxşadığını  deyirlər.

 

Qrizmann güclü texnikası, topla məharətlə davranışı ilə seçilir. Arıq bədəni onu daha da cəld edir ki, bu da rəqibləri üçün ciddi problemdir.  Onun çox sürətli qaçışı və enerjisi əks-hücuma meyilli forvarda əlavə üstünlük deməkdir.  Top onun ayağına düşdükdə dəqiq zərbələri var ki, bu da “Avro-2016"da təsdiqləndi. Antuanın uğur talismanı onun şortundakı bir şəkildir ki, bu, ona uğur gətirir.

 

Nazim Sabiroğlu

Tarix: 9 İyul 14:00    Oxunub: 183    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

23 İyul 2018
22 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.