FİFA-nın təlimatçısı AFFA-nın rüşvətsevər komitə sədrini danladı

FİFA ölkəmizdə ilk dəfə olaraq futzal hakimləri və hakim-inspektorları üçün seminar düzənləyib. Ayın 17-də başa çatacaq toplantının rəhbəri belçikalı təlimatçı Perri Qauterdi. O, nəzəri və təcrübə məşğələləri keçir.


AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov da seminara qatılıb. Təbii ki, keçmişi qaranlıq və ləkəli hakimbaşı burda da yaxşı sözlər eşitməyib. FİFA-nın təlimatçısı vaxtilə Xorvatiyada "15 dənə verirlər" bağırmış X.Məmmədovu danlayıb.


Konkret səbəb nə olub? Perri Qauter federasiyanı əvvəlcədən xəbərdar etmədən futzal üzrə birinci divizion oyununun keçirildiyi arenaya yollanıb və hakim cütlüyü iş başında izləyib. Gördüklərindən narazı qalıb və bu barədə komitə sədrinin üzünə tənqidi fikirlər söyləyib, qeydə aldığı səhvləri sadalayıb. 


Əlbəttə, bu avropalı dünyanın gərdişindən xəbərsizdi. Cəmi 1 oyuna tamaşa edib, hələ çox şeyi görməyib, izləməyib. Azərbaycanlı hakimlərin çıxıdığı hoqqaların canlı şahidi olsaydı, yəqin ki, infarkt onu vurardı, ürəyi o dəqiqə dayanardı.

 

Mister Qauter bu mənada bəxtəvərdi. Hakimbaşınn danlamaqla, o, öz aləmində fikirləşə bilər ki, böyük iş görüb. Xaqani Məmmədovu tanımır, üzü üzlər görüb bu adamın. Qulağının dibi qalmışdı, son həftələr oranı da klublar qızardıb. Ta qorxusu-hürküsü yoxdu, öyrəncəli olub. 


FİFA ildən-ilə futzala diqqəti artırır. Bu seminarın ölkəmizdə ilk dəfə təşkil olunması o deməkdi ki, beynəlxalq qurum Azərbaycan futzalına nəzarəti gücləndirəcək. Millimizin Kolumbiyada keçirilən dünya çempionatında uğurlu çıxışından sonra bu münasibət gözləniləndi. Çölümüz FİFA-nı aldadır, içimiz özümüzü yandırır. Üzümüzü ağardan milliləşdirilən braziliyalı legionerlərdi.

 

Ölkə çempionatının səviyyəsi və təşkilatçılığı çox aşağıdı. Federasiya bu istiqamətdə əməli addımlar atmır, yeni layihələrlə çıxış etmir. Son 2 ildə ümumiyyətlə böyük eniş müşahidə olunur. Həvəskarlar liqası, 15 və 17 yaşlıların birinciliyi tarixin yaddaşına köçüb. Güclülər dəstəsi "küçə komandaları"nın iştirakıyla keçirilir.

 

Birinci və ikinci dəstədə it yiyəsini tanımır. Elə biabırçı hallar baş verir ki, vallah, özümüz utanırıq onları qeyd etməyə. Bircəciyi dünya mediasına sızsa, Azərbaycan futzalını yer üzündən silərlər. Ölkəmiz adına biabırçılıq olar. Heyhat! Federasiya millini əcnəbiləşdirməkdən qeyri bir iş görmür.

 

SPORTİNFO.AZ

 

Tarix: 16 Fevral 11:00    Oxunub: 264    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Aprel 2017
25 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.