"Hər hansı problem yaransa da, onu öz aramızda həll etmişik"

Sportinfo.az sərbəst güləş üzrə millinin baş məşqçisi və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun müsahibəsini təqdim edir: 

 

Güləş üzrə yığma komandalar Göygöl rayonunda təlim-məşq toplanışındadır. Hazırlıq prosesi necə keçir?

- Komandalar hazırda beynəlxalq yarışlara hazırlaşır. Göygöldəki təlim-məşq toplanışı iyulun 7-dək davam edəcək. Sonra isə Olimpiya Güləş Mərkəzində hazırlıqları davam etdirəcəyik. Yığma komandalar beynəlxalq turnirlərdə iştirak etdikdən sonra dünya çempionatına hazırlaşacağıq.

 

Tez də olsa, soruşmaq istərdik: Dünya çempionatında iştirak etmək üçün indidən seçdiyiniz güləşçilər varmı?

- Dünya çempionatına hələ çox var. Qarşıda bizi beynəlxalq turnirlər gözləyir. Həmin turnirlərdə güləşçiləri yoxlayacağıq. Beynəlxalq turnirlərin nəticələrinə əsasən, dünya çempionatı üçün heyəti müəyyənləşdirəcəyik. Beynəlxalq yarışlarda özlərini yaxşı tərəfdən göstərən güləşçilər dünya çempionatında iştirak edəcək. 

 

Dünya çempionatına harada hazırlaşacaqsınız?

- Hazırda Göygöldəyik. Bu məsələyə isə plana əsasən qərar verəcəyik. Ola bilsin, dünya çempionatına Türkiyədə hazırlaşdıq. Həmin ölkədə də təlim-məşq toplanışı gözlənilir. Hazırda Bakıda hava şəraiti ilə əlaqədar nə isə təşkil etmək çətinlik törədə bilər. Hazırlıq prosesi hansısa rayonda da baş tuta bilər.

 

Namiq Əliyevin federasiyanın I vitse-prezidenti postuna qayıdışından sonra maliyyə problemləri həllini tapıb?

- Namiq Əliyev iki aydır federasiyamıza gəlib. Maaşlarımız vaxtlı-vaxtında verilir. Bu barədə heç bir problem yoxdur. Mən də federasiyanın vitse-prezidenti və sərbəst güləş yığmasının baş məşqçisi kimi işlərimi davam etdirirəm. Güləş Federasiyasında hər zaman eyni sistem olub. Biz demək olar ki, eyni komandayıq. Heç bir dəyişiklik baş verməyib. Federasiyamızda problemlər də yoxdur. Problemli yerdə nəticə ola bilərmi? Bu idman növü yaxşı nəticələr göstərə bilirsə, deməli, heç bir problem yoxdur. Əsas nəticədir. Namiq müəllimin gəlişindən əvvəl, mən də həmin işi davam etdirirdim. Eyni sistem üzrə işləyirdik. Namiq Əliyevin bizə həmişə məsləhətləri olub. Hər bir işdə çətinliklər olur. İlin əvvəlində bu vaxta qədər nəticələrə diqqət yetirsək, ən çox hansı idman növü yaxşı nəticələrlə yadda qalıb? Federasiyada hər hansı problem yaransa da, bu məsələni öz aramızda həll etmişik. Hər bir qurum ailədir. Problemlər olduqda onu həll etməyə çalışırıq və demək olar ki, hər biri öz həllini tapır. İnanıram ki, gələcəkdə də daha yaxşı nəticələrimiz olacaq.

 

Builki dünya çempionatında güləşçilərdən hansı uğurları gözləyirsiniz?

- Əvvəlcədən proqnoz verməyi xoşlamıram. İstəyirik ki, hazırlıq prosesi yüksək səviyyədə keçsin. Dünya çempionatına hələ vaxtımız var. Əsas odur ki, idmançılarımızda güclü zədələr olmasın. Hər şey hazırlıq prosesindən asılıdır. O yaxşı olsa, dünya çempionatındakı nəticələrimiz də yaxşı olacaq.

 

Zədədən söz düşmüşkən, Toğrul Əsgərovun durumu necədir?

- Toğrul hazırda komandamızda məşqlərini davam etdirir. Göygöldə ümumi və xüsusi fiziki hazırlıq üzrə çalışırıq. Toğrul çox istəklidir və təlim-məşq toplanışlarında özünü yaxşı tərəfdən göstərir (report).

Tarix: 4 İyul 12:24    Oxunub: 156    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.