Mundialda qırğın bu gün başlayır – Mühüm qarşıdurmalar

Bu gün dünya çempionatında qrup mərhələsinin son oyunları başlayır.

 

Məlumdu ki, qaydalara görə, qrup mərhələsinin son tur oyunları eyni vaxtda başlayacaq.

 

Bu gün A qrupunda saat 18:00-da başlayacaq oyunların xüsusi intriqası yoxdur. Ev sahibləri olan Rusiya ötən turda Misir millisinə 3:1 qalib gələrək 6 xalla növbəti mərhələyə yüksəliblər. Rusiyanın bugünkü rəqibi Uruqvay da Səudiyyə Ərəbistanını 1:0 hesabı ilə yenərək 6 xalla “pley-off”a  ikinci vəsiqəni əldə edib. 

 

Rusiya və  Uruqvay  bu gün qrupda birinci yerin sahibini müəyyən etməlidir. Çünki qrupda ilk yeri tutan B  qrupunun ikincisi ilə oynayacaq. 2-ci yerin sahibinin rəqibi isə B qrupunun lider olacaq.

 

Rusiya ilk dəfə əsl sınağa çəkilə bilər

Rusiya dünya çempionatının açılış matçında Səudiyyə millisinin qapısından 5 top, Misirə isə 3 qol vurub. Komanda qapısından cəmi 1 top buraxıb.

 

Bu gün hər hansı hesablı  bərabərlik qeydə  alınarsa, Rusiya qrup lideri olacaq. Çünki Uruqvayın aktivində cəmi 2 top var. Cənubi amerikalılar hər iki rəqibinin qapısından cəmi 2 top keçirib. Uruqvay ancaq qalib gələcəyi halda qrup lideri ola bilər. Qeyd edək ki, bu komandalar cəmi bir dəfə Moskvada yoldaşlıq görüşündə qarşılaşıblar. Oyun 1:1 hesabı ilə nəticələnib.

 

Rusiyanın iki oyunda böyük hesablı  qalibiyyəti gözlənilməz olmadı. Misir də onların qarşısını kəsə bilmədi. Həmin oyun Misir millisinin çempionata istənilən səviyyədə hazırlaşmadığını göstərdi. Komandanın əsas qol ümudi Məhəmməd Salah ruslarla qarşıliaşmada meydana çıxsa da, gücü yalnız 11 metrlik cərimə zərbəsindən bir  qol vurmağa yetdi.

 

Mətbuatda belə xəbərlər vardı ki, Salah yığmanın zəif hazırlığlnda Misir Futbol Federasiyasını suçlayıb. O deyib ki, federasiya komandanın mundiala hazırlıq məşqlərini şouya çevirib, varlı ərəblərin, şou ulduzlarını stadiona buraxaraq oyunçuların hazırlığına mane olub. Amma indən sonra bu kimi bəhanələrin nə faydası?

 

Bu gün həm Misir və onların rəqibləri olan Səudiyyə millisi üçün mindial həyəcanı bitmişdi. İndən sonra vətənlərinə qayıdıb şoularda iştirak edə bilərlər.

 

Yenə Rusiya oyununa qayıdaq. Rusiya ikinci turda da yaxşı oyun sərgilədi. Rusların heç SSRİ dövründən futboluna (hokkey istisnadır) azarkeşlik etməmişəm. Ədalət naminə deyək ki, hər iki oyunda qonşu ölkə komandası sürətli oyun nümayiş etdirdi. Hiss olunur ki, yığma komandada təkcə “dumanlı rus başı” işləmir. Məlumatlara görə, Rusiya millisinə  son ilyarımda Avropadan ən yaxşı fiziki və taktiki hazırlıq üzrə mütəxəssilər dəvət ediblər.

 

Uruqvayı səviyyə etibarilə Rusiyanın sıradan çıxardığı iki ərəb ölkəsi komandası ilə müqayisə etmək olmaz. FİFA-nın reytinq cədvəlində Uruqvay 14-cü yerdə qərarlaşıb, Rusiya isə 70-ci yerdədir. Rusiya bu mundialda ilk dəfə futbolu daha yaxşı oynamağı bacaran rəqiblə qarşılaşacaq.

 

İkiqat dünya çempionu Uruqvayın,  təəssüf ki, hələ gözlənilən oyunları alınmır. Hər iki oyunda minimal hesabla qələbə uruqvaylıların yaxşı formada olmadığını göstərir. Hücum xəttində ən güclü futbolçuları - Suares və Kavano ilə  Uruqvay rəqib qapısına zorla yol tapa bilir, ötürmələrdə səhvlər çoxdu, fiziki hazırlıq da bır sıra komandalarla müqayisədə  geri qalır.

 

Yəni FİFA reytinqinə baxmayaraq, Rusiya və Uruqvay qarşılaşması bərabər səviyyəli komandaların sınağıdır. Bir neçə il əvvəl isə Uruqvay adı gələndə Rusiya da daxil, bəzi komandaların  canına vəlvələ düşərdi yəqin. Bu, həm də o anlama gəlir ki, müasir futbol yerində saymağı, oyunu keçmiş uğurlarla arxayınlaşmağı qəbul etmir.

 

Rusiya və Uruqvay bu gün sülhlə ayrıla bilərlər, məşqçilər də yəqin “pley-off” ərəfəsi  zədələrdən yayınmaq, əsas oyunçuları qorumaq üçün hücum futboluna meyllənməyə bilərlər.

 

Amma Rusiya maksimim xalı qazanmaq, Uruqvay əvvəlki təhlükəli rəqib imicini saxlamaq üçün meydanda  bizim gözləmədiyimiz oyun da nümayiş etdirə bilər. Bu qrupun birincisi B qrupunda ikinci yeri tutan komanda ilə oynayacaq. Bir az irəli gedərək, deyə bilərik ki, bu, İran da ola bilər, Portuqaliya da, İspaniya da...

 

Misir və Səudiyyə Ərəbistanı evə gedir

Bu qrupda eyni vaxtda keçirilən Misir-Səudiyyə Ərəbistanı görüşü isə yalnız bu komandaların azarkeşləri üçün maraqlı ola bilər. Hər halda, ərəb ölkələri təmsilçiləri üçün bu mundialda son oyun olduğundan qalib gəlmək üçün meydana çıxacaqlar.

 

Misir zəif çıxış etsə də, Səudiyyə Ərəbistanı ilə müqayisədə daha təcrübəli futbol oynayır. Bu komandalar indiyədək 6 dəfə qarşılaşıblar. Onların 4-də Misir, 1 görüşdə isə səudiyyəlilər üstün olub. Təəssüf ki, Misirin əsas forvardı Məhəmməd Salah zədə səbəbindən bu mundialda özünü göstərə bilmədi. Bugünkü oyunda onu heyətdə olub- olmayacağı dəqiq deyil. Prinsipcə, bu az əhəmiyyətlidir.

 

İran, Portuqaliyanı evə göndər...

Bu gün saat 22:00-da B qrupunda da son turun oyunları keçiriləcək. Əgər A qrupunda hər şey aydın olsa da, bu qrupda Mərakeşdən başqa üç komandanın “pley-off”a çıxmaq şansı var.

 

Bu gün aktivində 3 xalı olan İran, 4 xalla lider olan Portuqaliya ilə qarşılaşır. Portuqaliyanı heç-heçə təmin edir. İrana isə mütləq qələbə lazımdır. Çünki bu qrupun autsayderi Mərakeş bu gün İspaniya ilə qarşılaşır. İspaniya da “pley-off”u  qaranti altına almaq üçün qalib gəlmələdir.

 

İran və Portuqaliya indiyədək iki dəfə qarşılaşıblar. Bu görüşlərin biri uzaq 1972-ci ildə Müstəqil Braziliya Kubokunda  olub. Portuqallar 3:0 hesabı ilə qalib olub. 2006-cı il mundialında isə  onlar bir qrupda yer alıb. Avropa təmsilçiləri bu dəfə də qalib olublar - 2:0.

 

İran bu mundialda keçirdiyi iki görüşdə əzmkar oyun nümayiş etdirdi. Onların  Avropanın nəhəng komandası İspaniya ilə başa-baş oynaması da qeyd edilməlidir. Son Avropa çempionu Portuqaliya qrup mərhələsində 2 il əvvəlkindən daha yaxşı oynayır. KriRo mundialda qolları sıralayır. Komandanın vurduğu 4 qolun müəllifi olan forvard bugünkü oyunun da taleyini həll edə bilər.

 

Amma İran da bu tarixi şansı öz xeyrinə dəyişmək istəyir. Yada salaq ki, 2011-ci ildən İran millisini çalışdıran Karluş Keyruş bundan əvvəl Portuqaliya millisini çalışdırıb. İran bu gün Keyrun strategiyası nəticəsində Portuqaliyanı mübarizədən kənarlaşdıra bilsə, “pley-off”dakı oyunlarınn nəticəsindən asılı olmayaraq, mundialın qəhrəmanları ola bilərlər.

 

Bu gün mən İranın qələbəsini çox arzulayıram. Mundial başlayanda “bəlkə, İrana azarkeşlik edək” deyə, bir replika yazmışdım. O gün bu gün imiş... İran Portuqaliyanı evə göndərərsə, mundial cazibəsini itirməyəcək...

 

İspaniya risk altında

Mərakeş və İspaniya milliləri ötən əsrin 60-cı illərində iki dəfə qarşılaşıblar. 1962-ci ildə Qitələrarası kubok uğrunda komandalar iki dəfə üz-üzə gəliblər. Hər iki görüşdə İspaniya(2:0, 2:3) qalib gəlib.

 

Mərakeş “pley-off” şansını itirib, amma Rusiyaya gələn minlərlə azarkeşini məyus etməmək üçün mübarizə aparacaqlar. Yada salaq ki, Mərakeş hər iki oyunda minimal hesabla uduzub və onlar erkən evə gedirlər.

 

Mərakeş həm hücumda, həm də müdafiədə baxımlı oyun göstərdilər. Amma komandanın bir çox qol  vəziyyətlərini reallaşdıra bilmədi. İranla oyunun son dəqiqəsində avtoqol olmasaydı, Afrika təmsilçiləri mundialda  autsayderlər sırasına düşməyə də bilərdi.

 

İspaniya xüsusilə İranla oyunda yenə də “tiki-taka” stilində oynamağa meyilləndi. Topa nəzarət üçün qısa ötürmələrdən ibarət bu stil nə qədər tənqid edilsə də, İspaniya bundan imtina etmir. İspaniya Mərakeşlə oyunda qələbə qazanmalıdır. Çünki İran Portuqaliyanı udarsa,

 

Mərakeş onları məğlub edərsə, növbəti mərhələyə yenə Portuqaliya çıxa bilər. Nəzəri olaraq, bütün variantlar mümkündür. Portuqaliya və İspaniya heç- heçə oynadığı üçün vurulan və buraxılan qollar əsas götürüləcək. İranın heç-heçə, İspaniyanın uduzacağı halda isə 4 xalı olan Avropa təmsilçiləri ikinci yeri onlar tutacaqlar.

 

Saat 22:00-da eyni vaxtda başlayacaq qarşılaşmalar bizə çox həyəcanlı dəqiqələr vəd efir.  Dünya çempionatının əsl həyəcanı, daha doğrusu, qırğın indi başlayır...

 

Nazim Sabiroğlu

Tarix: 25 İyun 17:12    Oxunub: 393    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.