Almaniyanın Rusiyada "müharibə"si başlayır - 23 iyun...

Bu gün XXI dünya çempionatının növbəti oyun günündə tamaşaçılar üç qarşılaşma izləyəcək.

 

Saat 16:00-da Belçika - Tunis qarşılaşması başlayacaq. (G qrupu).

 

19:00-da isə F qrupunda Cənubi Koreya - Meksika oyunu olacaq. Saat 22:00-da isə bu qrupda Almaniya və İsveç milliləri qarşı-qarşıya gələcək.

 

Belçika “dişini” göstərdi, Tunis isə...

Belçika millisi ilk turda Panama ilə qarşılaşıb və 3:0 hesabı ilə inamlı qələbə qazanıb. 2014-cü il Braziliya mundialında Belçika qrupunda 9 xal toplaya bilmişdi. Əlcəzair, Rusiya və Koreya yığması ilə bir qrupda mübarizə aparan belçikalılar pley-off mərhələsində ABŞ-ı yalnız əlavə olunmuş vaxtda uda bildi. Mundialın 1/4 mərhələsində isə Argentina millisinə minimal hesabla  uduzdu.

 

“Qırmızı ilbizlər” qrup mərhələsində də yaxşı cəhətdən fərqləniblər. Onlar 9 oyunda rəqib qapılardan 43 top keçirib, cəmi 6 top buraxıblar. Nəticədə 30 mümkün xaldan 28-ini aktivlərinə yazdırıblar.

 

Tunis isə ilk turda İngiltərə ilə qarşılaşıb və oyun 2:1 hesabı ilə ingilislərin xeyrinə başa çatıb. Tunis 12 il sonra mundiala qayıdıb. Seçmə mərhələdə  də ortabab nəticə göstərib. Tunis qrupda keçirdiyi 6 oyuna 14 xal toplamaqla qrupdakı əsas  rəqibi Konqonu (13 xal) qabaqlamaqla mundiala vəsiqəni təmin edib. Tunisin bu gün Belçikaya müqavimət göstərəcəyi şübhəsizdir, amma bunun bir nəticəsi olacaqmı?   

 

Meksika hələ “qazlıdır”

Meksika Almaniya üzərində qələbəsinin havası ilə  Cənubi Koreyaya daha çox top vura bilər. Meksika  dünya çempionatlarında təcrübəli komandalardan biridir. Onlar son 6 mundialda heç vaxt qrupda qalmayıb. Komandanı dünya birinciliyinə 56 yaşlı Xuan Karlos Osorio hazırlayıb. Həm də ilk oyundanda göründüyü kimi çox iddialı... Avropa klublarında da təcrübə toplamış baş məşqçi mundialda böyük uğurlara imza atmaq istəyir. Almaniya üzərində qələbə bunun ilk addımı ola bilər. 

 

Cənubi Koreya da ardıcıl 7-ci dəfədir ki, mundialda iştiak edir. 2002-ci ildə öz ölkələrində keçirilən mundialda yarımfinaladək irəliləsələr də, bundan o yana keçə bilməyiblər. İsveçlə oyunda “Tottenhem”in hücumçusu Son Xin Min tər tökdü, qol vurmağa çalışdı. “Bir güllə isə bahar olmur...” Bu gün Meksika qələbə qazanmağa çalışacaq, çünki bu qrupda ikinci turdan sonra çox mürəkkəb vəziyyət yarana bilər. 

 

Ah, Almaniya, Almaniya...

Son dünya çempionu Almaniya bu mundialda  favoritlər sırasında göstərilsə də, ilk oyunda Meksikaya məğlubiyyət komanda ilə bağlı pessimist rəyləri artırıb. Almaniya o komandadır ki, seçmə mərhələdə 31 komanda içərisində maksimim xal toplayıb.  10 oyun, 10 qələbə və 30 xal! Yəni bu nəticəyə baxanda Almaniya çempionluğu «cibində» hesab edə bilərdi.

 

Amma bu cür düşünmək əlbəttə ki, alman xalqının qafası üçün deyil. Yəni ilk oyunda sensasiya hesab olunan məğlubiyyət almanlar üçün faciə deyil, əksinə, zənnimcə, bu onları əsas kuboku qazanmaq üçün daha da qətiyyətli oynamağa sövq etməlidir. Almaniya millisinin azarkeşi olduğum üçün bilirəm, onlar mundiallarda tədricən “xod”a düşürlər, birdə görürsən ki, yarımfinalda çoşdular,  oradan da finala keçiblər. Amma Portuqaliya millisi kimi yox, alman kimi...

 

Meksikaya uduzanda heç bir emosiyalarını büruzə vermədilər, yerə yıxılmaq, təəssüflənmək və sair kimi adət etdiyimiz futbolçu tryuklarını deyirəm... Əlbəttə, bu məğlubiyyət çempion kimi onlara yaraşmadı, ölkəsinin mətbuatında da yəqin ciddi tənqidlərə tuş gəldilər. Almaniya ikinci hissədə özünə gəldi. Amma Meksika da bu tarixi bir qolun qiymətini yaxşı bildiyindən Trampın Meksika sərhədinə hörmək istədiyi (bəlkə də hörüb artıq) divar kimi müdafiə qurdular.

 

Almaniya millisində problemlər olduğu yeni fakt deyil, peşəkar futbol mütəxəssisləri bunu biz azarkeşlərdən çox yaxşı bilir. Bizim gördüyümüz odur ki, Almaniya milisində yenilənmə ləngiyir, yaşlıları əvəz edən futbolçular hələ “kal meyvədir”. Amma Almaniya futbol ənənəsi olan ölkədir. Bu nəsillər arası “xətt qırıqlığının” səbəbi nədir?  Bəlkə problem oyunçularda yox, artıq qələbədən doymuş baş məşqçi Yoahim Lövdədir? Bunun səbəbin almanlar tapacaq və növbəti Avropa çempionatına kimi yəqin biz daha fərqli bir komanda görəcəyik. Həlik isə bu mundialda Tomas Müllerlə, Məsut Özil, Toni Kroos və digərləri ilə uğur qazanmaq lazımdır.

 

Çempionluq çətin görünür, bu mundialda ən azı üç iddialı komanda içərisində hələ Almaniyanı bir sıraya qoymaq olmur. Qrupdan çıxmaq Almaniya millisi üçün çətin olmaz, çempionluq isə... Müqayisə uğursuz olsa da yazmaq istədim: Hitler Moskvanı ala bilmədi, Almaniya kuboku alacaqmı?

 

İsveç ilk turda mundialın autsayderi hesab olunan Cənubi Koreyaya Qrankvistin vurduğu penalti ilə qalib gəlib. Almaniya ilə oyunda onlar əldə etdikləri 3 xalı artırmağa çalışacaqlar. İnandırıcı deyil ki, İsveç milisi bu oyunda Meksika kimi qələbə üçün canını qoysun. Onlar bu qrupdan növbəti mərhələyə çıxmağa çalışacaqlar ki, bunun üçün 1 xal da vacibdir. Almaniya isə mütləq qalib gəlməlidir.

 

Bunu çətin edən İsveçin zatən müdafiə futboluna meylli olmasıdır. Onlar bərabərlik üçün müdafiəni gücləndirib, almanları əks-hücumda cəzalandırmağa çalışacaqlar. Hər halda, futbol məntiqi bunu deyir.  Unutmayaq ki, Yan Anderssonun rəhbərliyi etdiyi yığma komandada Almaniya klublarında oynayan (Lyudviq Auqustinsson (“Verder”), Emil Forsberq (“Leytpsiq”) və Albin Ekdal (“Hamburq”) futbolçular da var.  

 

Bu komandalar indiyədək 21 dəfə qarşılaşıblar.  Bunların əksəriyyəti yoldaşlıq görüşü olsa da, Almaniyanın qələbələrin sayına görə yalnız bir oyun üstünlüyü var. 9 qələbə, 8 məğlubiyyət və 4 heç-heçə... Almaniyaya 22-ci qarşılaşmada isə yalnız qələbə lazımdır.

 

Nazim SABİROĞLU

Tarix: 23 İyun 14:00    Oxunub: 612    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.