Ramiz Məmmədov ona təklif göndərən İran klubu haqda: "Nəsə danışmaq istəmirəm"

«Mənə belə bir təklif gəlib, amma indi bu haqda nəsə danışmaq istəmirəm».


Bu sözləri Sportinfo.az-a açıqlamasında «Qəbələ»nin keçmiş baş məşqçisi Ramiz Məmmədov deyib.


2010-cu ildə Azərbaycanın ən yaxşı baş məşqçisi seçilmiş R. Məmmədov İrandan 2 rəsmi təklif alıb. Bu barədə qonşu ölkə mətbuatı xəbər yayıb.


Belə ki, mizanonline.com başda olmaqla, İranın bir sıra aparıcı qəzet və saytları güclülər dəstəsində mübarizə aparan «Fulad» və «Əhvaz» azərbaycanlı mütəxəssisin xidmətində maraqlıdı.
 
İranlı həmkarlarımızın yazdığına görə, bu danışıqlar ötən ilin sonundan başlayıb və axır 2 ayda bir qədər də intensivləşib. Persian Liqada ötən mövsümü 7-ci pillədə başa vuran «Fulad»ın bu anlaşmaya daha istəkli və daha yaxın olduğu bildirilir.
 
Bu klub futbolsevərlərimizə yaxşı tanış olmalıdı. Çünki 2003-cü ildə millimizin 2 aparıcı futbolçusu - Rəşad Sadıqovla Mahmud Qurbanov Xuzestan təmsilçisinin şərəfini qoruyub. 

2017-ci ildə komandanın sükanı arxasına keçən Əkbər Purmusəvi artıq buranı tərk edib və Ramiz Məmmədov onu əvəzləməyə əsas namizəddi.
 
Son 10 ildə İran millilərinə ən çox oyunçu vermiş klubların siyahısına başçılıq edən «Fulad» hazırda Bakıdan gələcək cavabı gözləyir. Çünki digər namizədlərlə danışıqlar məhz Ramiz bəyə görə dondurulub.

Çalışdığı hər yerdə ciddi nizam-intizam yaratmasıyla bilinən və özünəməxsus oyun tərziylə seçilən Məmmədov uzunmüddətli müqavilə ilə bağlı yekun qərarını hələlik qarşı tərəfə açıqlamayıb. Ancaq gözlənilir ki, bu məsələyə yaxın günlərdə aydınlıq gələcək:


«İran tanıdığım yerdi. Əlbəttə, mən istərdim ki, Azərbaycanda da işləyim. Görünür, hələ bunun zamanı yetişməyib. Səbəbləri haqda danışmaq istəmirəm.

 

Mən özümə inanıram və bilirəm ki, getdiyim komandada sözümü deyəcəm. İran klublarından əvvəl də təklif almışdım. İndiki təklif də realdı. Hələlik danışıqlar gedir». 


O. indiyədək 2 ölkədə çalışıb. Qazaxıstanda «Atırau»nun, İranda «Damaş Gilan»ın sükanı arxasında olub. Məmmədov futbolçu karyerasının önəmli bir hissəsini də Arazın o tayında keçirib.

 

«Peqah» və «Peykan»ın şərəfini qoruyub. Rəştə gedən olsa və istənilən bir şəxsə yaxınlaşıb «borzikone Ramiz Mohammedov» desə, əl üstündə gəzəcək. Çünki onun bu tərəflərdə hörməti dəhşətli dərəcədə böyükdü. 

Tarix: 21 İyun 20:36    Oxunub: 943    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.