“Ölüm qrupu”nda “cənazə günü”: Messi, hələ getmə...

Bu gün C və D qrupunda ikinci turun oyunları başlayır.

 

Saat 16:00-da Danimarka - Avstraliya milliləri qarşılaşacaq, 19:00-da C qrupundakı digər iki komanda- Fransa və Peru meydana çıxacaq.

 

Saat 22:00-da isə D qrupunda Argentina və Xorvatiya oyununun startı veriləcək.

 

Avstraliya üçün son şans

İlk turda həm Fransa, həm, Danimarka minimal hesabla rəqiblərinə qalib gələrək ilk 3 xalı hesablarına yazdıra biliblər. Avstraliya Fransa ilə ilk oyunda gözlənilən müqaviməti göstərə bilmədi. Oyunun 55-ci dəqiqəsində Antuan Qrizmannın cərimə meydançasında yıxılması ilə ilk dəfə olaraq video-təkrar sisteminə müraciət edildi

 

və Avstraliyanın qapısına 11 metrlik cərimə zərbəsi təyin edildi. Qrizmann özü cərimə zərbəsini məharətlə yerinə yetirdi. Avstraliya millisinin üzvləri isə oyundan sonra da iddia etdilər ki, onların müdafiəçisi Qrizmannın ayağına deyil, topa oynamışdı.

 

Avstraliya özü də tezliklə 11 metrlik vurmaq hüququ qazandı. Belə görünürdü ki, oyun heç-heçəyə doğru gedir. Amma bu dəfə də Poqbanın qapı çatına dəyən topu mübahisə yaratdı. Bu dəfə daha bir texnika- goal-line technology (GLT) işə düşdü və qolu qeydə aldı. Beləliklə, Fransa oynadı, texnika qalib gəldi...   

 

Avstraliya millisi dünya çempionatlarında 5-ci dəfədir ki, iştirak edir. Yalnız 2006-cı ildə qrup mərhələsini adlaya biliblər. Amma bu çempionata gəlmək üçün Avstraliya ümumilikdə 22 oyun keçirib. Tarixdə bir təsnifat mərhələsi daxilində bu qədər çox matç keçirən komandaya rast gəlinməyib. Elə bu səbəbdən Avstraliya alqışlanmağa layiqdir.

 

Komandanın baş məşqçisi Bert van Marveyk  2018-ci ilin yanvarından bu posta təyin olunub. Onun  yığmada ilk böyük sınağı uğursuz olsa da, şansları hələ itirilməyib. Danimarka və Avstraliya milliləri indiyədək cəmi üç dəfə yoldaşlıq görüşündə qarşılaşıblar. 2007, 2010 və 2017-ci illərdə. İki görüşdə Danimarka üstün olub, bir görüşdə isə Avstraliya qalib gəlib.

 

Danimarka FİFA reytinqində 12-ci, rəqibləri isə 36-cı yerdə qərarlaşıb. Danimarka bu gün qrupdakı mövqeyini möhkəmlədə, ya da pley-off istəklərini gerçəkləşdirə bilər. Avstraliya da vəziyyətlərini başa düşdüyündən, daha yaxşı oynamaqdan başqa yolları qalmır.      

 

Fransa Perunun müqavimətin qıra biləcəkmi? 

Peru 36 il sonra mundial arzularını gerçəkləşdirib və adama elə gəlir ki, xüsusi iddiaları olmamalıdır.  Amma bu, ilk baxışdan verilən qiymətdir. Komandanın baş məşqçisi 60 yaşlı argentinalı Rikardo Qareka hələ püşkatma zamanı demişdi ki, mundialda asan rəqib axtarmaq lazım deyil. Onun sözlərinə görə, Perunun “ölüm qrupu”na düşdüyünü zənn etmir. “Bir də görürsən ki, asan görünən rəqib çətin, çətin görünən isə asan rəqib olur. Bu səbəbdən də yaxşı oynamaq əsas şərtdir” deyə, o bildirib.

 

Peru Danimarka ilə ilk görüşdə məğlub olsa da, mübariz komanda əhvalı yaratdı. Belə ortabab komandalar mundialda sensasiya yaratmaq gücündə deyillər, amma uduzmaq üçün gəlmədikləri bəllidir. Peru ilk oyunda 11 metrlik cərimə zərbəsini və bir neçə real qol vəziyyətini reallaşdıra bilmədi.

 

Əgər o vəziyyətlər qolla nəticələnsəydi, Danimarka uduzan tərəf olacaqdı. Poulsenin müdafiənin səhvindən istifadə edərək qol vurması Danimarkaya istədikləri nəticəni verdi. Bu gün isə Perunun rəqibi daha güclüdür.  

 

20 il əvvəl-1998-ci ildə ölkələrində keçirilən mundialda dünya çempionu olan Fransa millisini   hələ ki, çempionluğa əsl iddialı kimi təqdim etmək doğru olmaz. O qədərdə güclü olmayan Avstraliya millisinə qarşı ilk qarşılaşmada baxımlı oyun görmədik.

 

Bu gün Perunu fransızlar üçün “rahatlukum” hesab etmək də olar, amma “İslanmışın yağışdan nə qorxusu?” Peru müqavimət göstərəcək və ən azı şansını son tura daşımağa çalışacaq. Fransa milliləri isə 6 xal qazanıb 3-cü tura rahat başlamaq istəyində olacaqlar.

 

Bu komandalar indiyədək iki dəfə qarşılaşıblar. İlk dəfə 1960-cı il Yay Olimpiadasında Fransa Perunu 2:1 hesabı ilə məğlub edib. Sonuncu dəfə isə 1982-ci ildə isə yoldaşlıq görüşü olub. Fransa bu dəfə öz meydanında 0:1 hesabı ilə məğlub olub. 

 

Argentina çətin durumda

D qrupunda yer alan Argentina və Xorvatiya bu gün tarixlərində 5-ci dəfə güclərini sınayacaqlar. Komandalar arasında ilk görüş 1994-cü ildə baş tutub. Zaqrebdə keçirilən görüşdə hesab açılmayıb. 1998-ci ildə isə mundialın final mərhələsində onlar H qrupunda birgə mübarizə aparırdılar.

 

O qarşılaşmada Argentina rəqiblərinə 1:0 hesabı ilə qalib gəlib. 2006-cı il və 2014-cü illərdə isə komandalar arasında yoldaşlıq görüşləri olub. Bu oyunlarda da tərəflər bir dəfə qələbə qazanıb. FİFA reytinqində 5-cı sırada qərarlaşan Argentina mundial başlayan kimi yenə ciddi tənqid hədəfi olub.

 

İslandiya ilə ilk qarşılaşmada Argentina rəqiblərinin müqavimətini qıra bilmədilər. 1978 və 1986-cı illərdə dünya çempionluğunu  bayram etmiş cənubi amerikalılar neçə mundialdır ki, medalsız qalırlar. 2014-cü ildə bu arzuya yaxın idilər, amma son Almaniya buna imkan vermədi.

 

Argentinanın ideal formada olmadığı hələ seçmə mərhələdən aydın idi. Yada salaq ki, Argentina hətta bu mundiala gəlməyə də bilərdi. Amma komanda özünü toparlayıb mundiala vəsiqəni təmin etdi. “Sevilya”nın eks baş məşqçisi Xorxe Sampaolini bir ildən çoxdur komandanın baş məşqçisi olsa da, milli heç də çempionluğa iddialı kimi oyun göstərmədi. Yəni Argentina seçmə mərhələdə necə oynayırsa, yenə o gündədir.

 

Argentina əlbəttə ki, mundialın yaraşığıdır, amma getdikcə bu yaraşıq itir, komanda oyunu yox, fərdi oyunçuların komandasına çevrilir. Heyətində Xavyer Maskerano və Anxel Di Mariya kimi yarımmüdafiəçilər, Messi, Aquero, İquain və  Dibala kimi hücumçuları olan bir komandanın mundialın debütantı ilə heç-heçə etməsinə haqq qazandırmaq olarmı? İslandiya əla komandadır, amma qarşısındakı Argentinadır e...Ar-gen-ti-na!

 

Bu gün Argentinanın işi daha çətin olacaq. Əgər komanda ilk qarşılaşmadakı kimi “dişsiz” hücumlarla oyunu yola vermək istəyəcəkcə, bu mümkün olmayacaq. Çünki Xorvatiya ilk oyunda həm qalib gəlib 3 xal qazanıb, həm də meydanda yaxşı oyun göstərib.

 

Xorvatiya stabil komanda deyil, amma komanda oyunu onlarda alınır.  Mario Mandjukiç, İvan Perişiç, Luka Modriç, İvan Rakitiç Xorvatiyanın ulduzları olaraq bu çempionatın startında yaxşı oyun göstərdilər. Onlar bu gün Argentinaya qalib gəlmək üçün çalışacaqlar, heç-heçə də sərfəli nəticə olacaq. Argentina isə mütləq qalib gəlməlidir. Yoxsa, məşhur lətifədə deyildiyi kimi, biabırçılıq olacaq. Bədlik olmasın, bu gecə “ölüm qrupu”nda “cənazə” günü də ola bilər... 

 

 Nazim Sabiroğlu

Tarix: 21 İyun 15:36    Oxunub: 689    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.