“Qarabağ”ın qoltuğunun altını qarpızla doldurmayın!

Dünən Çempionlar Liqasında ilk iki təsnifat mərhələsinin püşkü atıldı.

 

İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi müəyyənləşdi.


I təsnifatda 32 komanda oynayacaq. Onlardan biri ilkin mərhələdən gələcəksə, 31-i mübarizəyə birbaşa buradan başlayacaq. Həmin 31 komanda səpələnmiş və səpələnməmişlərə bölünüb. “Qarabağ” səpələnmiş 16 klub arasında olub.


Klublar ilk olaraq qruplara bölünmüşdü. I qrupda yer alan “Qarabağ”ın potensial rəqibi “Şkendiya” (Makedoniya), “Düdelanj” (Lüksemburq), “Olimpiya” (Sloveniya), “Suduva” (Litva) və “Torpedo” (Kutaisi, Gürcüstan) idi.

 

Püşk Azərbaycan çempionunu “Olimpiya”ya rəqib edib. İlk oyun Sloveniyada keçiriləcək. I təsnifat mərhələsinin oyunları iyulun 10-11 və 17-18-də keçiriləcək.

 

Vaxt azdı. Bugündən Avstriya toplanışına start verəcək «Qarabağ» hər günün qədrini bilməməlidi. Gərək hər dəqiqənin qədrini bilsinlər. Çünki hər saniyənin bir hökmü var və UEFA-nın reqlamentə etdiyi dəyişiklər heç də komandanın xeyrinə deyil. UEFA avrokuboklarla bağlı apardığı islahatda əsasən nəhəng klubların maraqlarını güdüb.

 

Artıq qitənin ən mötəbər yarışması Azərbaycan kimi üçüncü-dördüncü dərəcəli ölkələrin klubları üçün asanlıqla əlçatan olmayacaq. Bunadək ən güclü rəqiblər pley-off mərhələsində meydana atılırdısa, artıq UEFA onları vaxtından əvvəl randevuya göndərir. Bu isə «Qarabağ»ın keçənilki tarixi uğurunu təkrarlamasına böyük problem yaradır.

 

Şübhələrdən qurtulmaq lazımdı. «Qarabağ» ikinci dəfə qruplara qalmasa, nə dünya dağılasıdı, nə də faciə baş verəsidi. Çempionumuz hələ «Olimpiya»nı keçsin bir… Sözün açığı, Sloveniyanın qızıl medalçısından güclü olduğumuzu düşünmürəm.

 

Məncə, şanslar 50/50-yədi. «Olimpiya» bizə yad olan atletik yapısı güclü rəqibdi. Avro-təcrübələri fontan vurmasa da, hər halda ildən-ilə inkişada olan və temp tutan klubdu. Ölkənin standartlarına görə maliyyə vəziyyətləri güclü və sabitdi.

 

Ötən sezon ÇL-nın qrup mərhələsində çıxış edən «Maribor»u qabaqlayaraq Sloveniya çempionu titulunu qazanmağı «Olimpiya»nın iddiasının get-gedə artmasının əlamətidi. Ansi Aqolli necə deyib? Zəif komanda qızıl medalları yaxasından asmır.


«Qarabağ» mayda – Premyer Liqaya ekun vurulandan sonra çoxlu «qan itirib». 10-a yaxın futbolçunun düşərgə ilə əlaqəsi kəsilib. Qurban Qurbanovun göndərdikləri ilə yanaşı, özü gedənlər də az deyil. Ağdamlılar «Qəbələ»dən gətirdiyi Filipp Ozobiçi saymasaq, ciddi bir transfer etməyib hələlik.

 

Qurbanov minimum daha 5 legionerə ehtiyac duyuduğunu bildirib. İlk oyuna 20-21 gün qalıb, deməli, yeni transferlər ən geci bu həftəsonunadək komandaya qoşulmalıdı. Onlarla anlaşmanın əldə olunması, müqaviləyə imza atması, məşqlərə başlaması, yeni şəraitə adaptasiyası, Qurbanovun fəlsəfəsini götürməsi…

 

Bunlar zaman alacaq. Odu ki, əsas güc ötənilki heyətdən qalanların üzərinə düşəcək. Onlar isə bu ilin yanvarından bəri demək olar ciddi bir məsafə qət etməyiblər, yüngülvari məşqlələrlə kifayətləniblər.

 

Çünki Premyenr Liqamız sakit gecə gəzintisi üçün nəzərdə tutulmuş kiçik parkı xatırladır, burda nə derbi var, nə rəqabət. Hiss-həvəsi ölmüş yarışmadan çıxan «Qarabağ»ı indi gərək Allah qorusun!

 

Yalandan röyalara qapılıb, millətə boş-boş ümidlər satmayaq. Kimlərsə xəyallardan danışsın, mən də həyatdan, reallıqlardan.

 

Əlləri göyə qaldırıb, dua eləyək, bəlkə uca Tanrı Qurbanova və komandasına yar oldu!


MUSA

 

Tarix: 20 İyun 16:48    Oxunub: 860    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.