Suares, özünü göstər!

Bu gün dünya çempionatında A və B qrupunda ikinci turun oyunları keçiriləcək. 

 

Saat 16:00-da B qrupunda Portuqaliya - Mərakeş qarşılaşması başlayacaq, saat 19:00-da isə A qrupunda Uruqvay - Səudiyyə Ərəbistanı qarşılaşacaq.

 

Günün son oyununda B qrupundakı  İran - İspaniya komandaları qarşılaşacaq ki, bu matç da saat 22:00-da olacaq. 

 

Uruqvayla ölüvay Səudiyyə Ərəbistanı 

Əvvəl  A qrupundakı görüş barədə danışaq. Məlumdur ki, ilk turda Uruqvay son dəqiqədə Misirin qapısına yol tapdı və vacib 3 xal qazandı. İlk oyunda Misir arzu edilən oyun sərgiləyə bilmədi, amma ilk dünya çempionu Uruqvay da xüsusi fərqlənmədi. Əsasən də hücum  xəttində  Edinson Kavani ilə  Luis Suaresin oyunu alınmadı.

 

Uruqvay indiyədək Səudiyyə Ərəbistanı ilə 2 dəfə qarşılaşıb. İlk oyun 2002-ci ildə  Səudiyyə Ərəbistanın meydanında keçirilib və ərəblər bu oyunda 3:2 hesabı ilə qalib gəliblər. Daha bir qarşılaşmaya yenə Səudiyyə Ərəbistanı ev sahibliyi edib. 2014-cü ildə keçirilən yoldaşlıq görüşündə oyun 1:1 hesabı ilə başa çatıb. 

 

Uruqvay bu görüşün favoriti hesab olunur. Amma bu cənubi amerikalıların üstün oyunundan daha çox  Səudiyyə Ərəbistanının zəif çıxışı ilə daha çox əlaqəlidir. İlk tur arxada qaldığı üçün əminliklə demək olar ki, Səudiyyə millisi bu mundialın ən zəif komandasıdır. FİFA sıralamasında  70-ci yerdə olan Səudiyyə millisi artıq 2006-cı ildən sonra ilk dəfə yenidən DÇ-də iştirak hüququ qazanıb.

 

Məlumdu ki, ərəblər DÇ-yə vəsiqə aldıqdan sonra  baş məşqçi Bert van Marvey komandadan ayrıldı.  Onun yerinə gətirilən argentinalı Edqardo Bausa da tezliklə postundan getdi. Nəhayət, bu il Səudiyyə Ərəbistanı millisi Argentina kökənli  Xuan Antonio Piççi ilə anlaşdı. Bu “get-gəl” isə millinin oyununa ciddi təsir edib ki, bunu da ilk oyun təsdiqlədi. 

 

Səudiyyə Ərəbistanı millisi bu mundiala heç bir iddiası olmadan gəlib və ilk oyuna Putinlə baxan ərəb şahzadəsində xüsusi məyusluq yox idi. Bu səbəbdən də Uruqvay çox zəhmət çəkmədən rəqiblərini evə göndərə bilər. Oyunu Fransadan olan hakimlər briqadası idarə edəcək.  Kleman Turpen, Nikolas Danos, Kiril Qrinqor...

 

Ronaldo İspaniya hökumətinə necə 3 “qol” vurdu 

Saat 16:00-da B qrupunda başlayacaq Portuqaliya - Mərakeş qarşılaşması da maraq doğurur. İlk turda İranla qarşılaşmada Mərakeş millisinin oyunçusu son dəqiqələrdə öz qapısına qol vurmasaydı, hesab qolsuz bərabərliklə bitəcəkdi. İran indi bu qrupun lideridir və həm İspaniya, həm Portuqaliya bu durumdan heç də məmnun deyillər. Bu baxımdan bugünkü qarşılaşmalar çox mühüm əhəmiyyət kəsb edir.

 

Portuqaliya ilk oyunda Ronaldonun qəzəbi sayəsində İspaniyadan bir xal ala bildi. Məlumdur ki, İspaniya hökuməti bir neçə aydır ki, Ronaldonun vergidən yayınmasını araşdırır. 33 yaşlı portuqaliyalı futbolçu 14.7 milyon avro miqdarında vergidən yayınmaqda ittiham edilirdi. Ona bir neçə variant təklif edilmişdi ki, onların sırasında həbs və külli miqdarda cərimə də vardı.

 

Sonda “Real” Madrid klubunun hücumçusu isə İspaniya vergi rəsmiləri ilə razılıq əldə edərək, iki il həbs cəzası daxil olmaqla, 18.8 milyon avro (21.8 milyon dollar) cərimə ödəməyə razılıq verdi. Buna baxmayaraq, Ronaldonun cəzasını həbsxanada keçirməyəcəyi gözlənilir. Belə ki, İspaniya qanunlarına əsasən, iki ildən az həbs müddətini ilk dəfə alan şəxs cəzasını şərti çəkə bilər.

 

Məhz bu oyun ərəfəsi İspaniyanın nüfuzlu nəşrləri Ronaldo haqda bu informasiyanı dövriyyəyə buraxdılar. Ronaldonu illərdir  yaxşı hücumçu kimi bəyənmirəm və ona görə klub oyunlarına da baxmıram. İndi də qərəzli görünsə də, həmin gün Ronaldo sanki İspaniya hökumətindən qəzəbini çıxırdı. Onun oyun bitəndə gözündə heç bir sevinc yox idi, əksinə, nifrət vardı.

 

Sanki adam üç qolu İspaniya hökumətinin acığına vurduğunu bəyan etmək istəyirdi. Ruslar da bunu sezdilər və hətta canlı efirdən dedilər də. Nə isə... Bu, bir tamaşaçının yorumudur, Ronaldonu sevənlər onu sevməkdə davam etsinlər...

 

Portuqaliya Mərakeşlə yalnız bir dəfə qarşılaşıb. Bu, 1986-cı il mundialında olub. Onlar bir qrupda mübarizə aparıblar və qarşılaşmanı Afrika təmsilçiləri 3:1 hesabı ilə qazanıb. FİFA reytinqində Portuqaliya 4-cü sırada, bu axşamkı rəqibləri isə 41-cı yerdədir. Mərakeş ilk oyunda yaxşı təsir bağışladı, güclü İran müdafiəsini yara bilirdi. Son 10 oyunda Mərakeş millisi yalnız iki dəfə uduzub ki, bunun biri İran yığmasına talesiz məğlubiyyətdir. Portuqaliya isə son 10 oyunun 7-də heç-heçə edib, üç görüşdə isə qalib gəlib.   

 

Portuqaliya millisinin forvardı  Andre Silva  deyib ki, Mərakeş millisinin  öz qapışısına qol vuraraq məğlub olması  istənilən komandanın başına gələ bilər.  “Mərakeş oyuna qələbə üçün çıxacaq. Onların Avropa  klublarında oynayan yaxşı futbolçuları var.  Bu, çətin oyun olacaq, amma biz qalib gəlmək üçün çalışacağıq”.  Statistiklər üçün qeyd edək ki, oyunu  Mark Qeyger (ABŞ), Co Fletçer (Kanada), Frank Anderson (ABŞ), Sergey Karasyov (Rusiya) idarə edəcəklər.    

 

İran üçün mühüm görüş

İran-İspaniya qarşılaşması da bu qrupda mühüm hesab edilir. Qeyd edək ki, Asiya təmsilçisi ilk dəfə İspaniya ilə qarşılaşacaq. İran millisi 2014-ci il mundialında ilk oyunda Nigeriya ilə qolsuz bərabərliyə nail olmuşdu ki, bu o zaman cənub qonşularımızın  uğuru hesab olunurdu.  Sonra Argentinaya  minimalı hesabla (1:0) məğlub olan iranlılar qrup mərhələsinin son oyununda Bosniya və Hersoqovina yığması qarşısında məğlubiyyətdən (1:3) yaxa qurtara bilmədilər.

 

Bu dəfə isə İran millisi iki nəhəng futbol ölkəsinin yer aldığı qrupda ilk turu lider kimi qapadıb. 2011-ci ildən millini çalışdıran  Karluş Keyruş İranı əsasən müdafiə futbolunda oynadır və çətin ki, bu gün bu taktika dəyişsin. İran yığmasının seçmə mərhələdə keçirdiyi  8 oyunda qapılarından yalnız bir top  buraxması təsadüfi deyil.

 

Məlumdu ki, Karluş Keyruş portuqaliyalıdı və 2008 - 2010-cu illərdə Portuqaliya millisinə rəhbərlik edib. O, şübhəsiz ki, İspaniya millisinin də ilk oyunda zəif tərəflərini gördü. İspaniya müdafiəsi ilk qarşılaşmada zəif göründü ki, bu gün əks-hücumlara üstünlük verən İran bundan istifadə edə bilər. Üstəlik, İspaniyanın David De Xea kimi “qapıçısı” varsa...

 

İspaniya isə Xuan Lopeteqinin istefasından sonra da taktiki planda heç nəyi dəyişməyib. Fernando Yerroya adamın yazığı gəlir, oyunçularla dost kimi davranır, onların boynuna sarılar və sair.  “Biz futbolçularımızla fəxr edə bilərik. Onlar iki ildə çox inkişaf edən, necə oynamaq lazım olduğunu bilən komandaya qarşı çıxış etdilər” deyə, o oyundan sonra bildirib.

 

O, oyun zamanı kobud səhvi ilə yadda qalan qapıçı David De Xea ilə bağlı fikirlərini də bildirib: “Biz komandayıq. Futbolçularımızdan şübhə etmirik. Bir ailəyik. Hansısa oyuna görə futbolçumuzu kənarda qoymayacağıq. Dieqo Kosta əla oyun keçirib, iki qol vurdu. Ancaq heç kimi ailəmizdən ayırmırıq. Komanda uğur qazanırsa, burada 23 futbolçunun hər birinin əməyi var”.  Bu gün İran İspaniya ilə heç-heçə oynamağa çalışacaq. Bu isə İspaniyanı çox çıxılmaz dura sala da bilər.  Oyunu Andres Kunya, Nicolas Taran, Maurisio Espinozadan ibarət uruqvaylılar idarə edəcək.

 

Nazim SABİROĞLU

Tarix: 20 İyun 15:48    Oxunub: 438    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.