Ramin Musayev: “Tərlan Əhmədovun başını mən yox, kəsənlər kəsdi”

Daha bir ölkə çempionatı başa çatdı.

 

Mövsümün qalmaqalsız, söz-söhbətsiz, qan-qadasız başa çatması yaxşı hal kimi qiymətləndirilməlidi.

 

Lakin komandaların sayı baxımından eyni sözləri demək olmur. Mövsüm yetərincə maraqlı alındı ki, “Qarabağ”ın növbəti çempionluğu erkən bayram etməsinə baxmayaraq, Avroliqaya vəsiqə verən yerlər uğrunda son tura qədər amansız mübarizəyə şahidlik etdik.

 

“Keşlə” sürprizə imza atıb kuboku əldə etməklə “Zirə”nin kənarda qalmasına səbəbkar oldu. Mövsümün gedişində hər kəsi təəccübləndirən “Sumqayıt” isə itirilən ardıcıl xalların “qurbanına” çevrildi.

 

Sportinfo.az xəbər verir ki, daha bir maraqlı məqam “Neftçi”yə gümüş medalları qazandıran Tərlan Əhmədovla müqavilə müddətinin uzadılmamasıydı.

 

Siyahıya hazırda işsiz olan Samir Abasovun da adını əlavə edə bilərik. PFL prezidenti Ramin Musayevlə söhbətdə əsasən premyer-liqa və birinci dizivionla bağlı suallara aydınlıq gətirmək istəyirdik.

 

Fürsətdən yararlanıb, yuxarıda qeyd etdiyimiz mövzulara da toxunmağı da lazım bildik (Futbol+).


Gərgin mövsümdən sonra istirahət edə bilirsiz?
- Şükürlər olsun, çempionat qaydasında keçdi. Ən əsası hər bir komanda layiq olduğu yeri tutdu. Bu dəqiqə hansısa yorğunluqdan danışa bilmərəm. Sadəcə, avrokuboklarda çıxış edəcək komandalarımıza görə narahatam, onları düşünürəm. O ki qaldı istirahətə, hazırda növbəti turnirə hazırlaşırıq. 
 

Başa çatan mövsümdə sizi sevindirən nə oldu?
- Düzünü desəm, ən çox gənc futbolçuların oynamasına, üzə çıxmasına sevindim. Çempionatın qalmaqalsız keçməsi və başa çatması da xoş hadisə kimi yadda qaldı. Çalışdıq ki, haqq-ədalətin yerini tapdığı çempionat keçirək, heç kim narazı qalmasın. Fikrimcə, kimsə bizdən narazı qalmadı. Ümumi götürəndə razı qaldığımı deyə bilərəm. Kiçik nöqsanlar həmişə olub. İş olan yerdə problemlər qaçılmazdı.
 

Nə idi o nöqsanlar?
- Birinci divizionda oyun alğı-satqısı ilə bağlı deyilənlər qanımızı qaraltmaya bilməzdi. Düzdü, faktla nəyisə sübut edə bilməsək də, kimlərdənsə nələrsə eşidirdik. Bukmeker kontorları dünya futbolunu ağuşuna alıb. Bu dəqiqə bir çox ölkələrdə məlum “xəstəliklə” mübarizə aparılır, o cümlədən də bizdə. Açığı, qulağıma çatan siqnallar məni çox əsəbləşdirirdi. Amma dəlil-sübut yoxdu deyə, günahkarları üzə çıxara bilmirik. Bir az da buna görə qanım qaralırdı.
 

Yəni sön mövsümdə də nəticələrin manipulyasiyasına əl atırdılar?
- Bəli. Dünyanın hər yerində necədisə, bizdə də elə. Şükürlər olsun ki, premyer-liqada belə şey yoxdu. Eybi yox, zamanla qarşısını tam alacağıq. Əsas odu ki, qeyd etdiyimiz məsələ hüquq-mühafizə orqanlarının nəzarətindədi.
 

Hakimliyin səviyyəsi necə idi?
- 10 ballıq şkala ilə 8 bal deyərdim. Desəm ki, səhvlər yox idi, yalan danışmış olaram. Təbii, müəyyən nöqsanlar nəzərə çarpırdı. Amma buna görə o qədər də pərişan olmuram. Çempionlar Liqasının oyunlarına baxırdım, inanırsız, özümüzkülərə min dəfə şükür edirdim. Bilirəm, dediklərimi hakimlər oxuyacaqlar. İstəmirəm ayaqları yer alsın. Sadəcə, sual verirsiz deyə, danışmağa məcburam. 
 

Klubların maliyyə durumu necədi?
- Bu suala mən yazıq necə cavab verim? Rəhbərlər daha yaxşı cavab verə bilər.
 

Sualımın canı var. Cərimələri ödəməyə imkanları çatır, yoxsa yenə PFL-ə borcludular?
- “Qarabağ”dan başqa hamının borcu var. Hətta elə klublar var ki, 2016/17 mövsümündən qalan borclarını da ödəməyiblər. Vəziyyət yaxşı deyil, hamısını başa düşürük. Ona görə də sıxmaq istəmirəm. Allah onlara pul yetirsin, hissə-hissə verərlər.

 

İki aydan sonra növbəti mövsümə start veriləcək. Heç şübhəsiz, artıq indidən hazırlıq görürsüz. Maraqlıdı, çempionatın təşkili və keçirilməsi ilə bağlı yeni ideyalar, planlar var?
- Təbii, bu haqda müəyyən fikirlərimiz var. Sadəcə, həyata keçirmək lazımdı. Bunun üçün isə maliyyə yaxşı olmalıdı. Sponsorumuz maliyyəni artırsa, daha maraqlı və yaddaqalan çempionat keçirəcəyik. Yəni sırf bizdən asılı olan məsələ deyil.
 

Kubokun finalındakı açılış mərasimi ürəyinizcə oldu? Hər halda, xeyli əziyyət və xərc sərf olunmuşdu.
- Desəm ki, ürəyimcə oldu, deməli, özüm öz işimə yüksək qiymət vermiş oluram. Bu da yaxşı hal deyil. Ona görə də sualınızı belə cavablayım. Azarkeşlər arasında xeyli minnətdarlıq edənlər oldu. Gördüyünüz kimi, oyunu AFFA prezidenti Rövnəq Abdullayev, həmçinin “Qəbələ”nin prezidenti Tale Heydərov canlı izləyirdi. Hər ikisindən xoş sözlər eşitdik, təşəkkürümüzü aldıq. Açılış mərasimdən başqa, oyunun özü də ləzzət elədi. Hakimliklə bağlı qüsur aşkarlanmadı, qalmaqal yaşanmadı. Yekunda “Keşlə” halal zəhməti sayəsində kuboka sahib oldu.
 

Sirr deyilsə, kubokun finalına nə qədər xərc çəkildiyini deyə bilərsiz?
- Sirr saxlamalı nə var ki?! Deyim də... Jurnalistlərin, PFL-in işçilərinin gedib-qayıtması, məskunlaşması, əcnəbi müğənninin gətirilməsi, bir sözlə, bütün xərcləri nəzərə alsaq, 100 min manata çatmadı. Başqa idarələrdə adi açılış edirlər və sonda məlum olur ki, neçə yüz min pul xərclənib. Büdcəmiz çox deyil, ona görə də mümkün qədər xərclərə qənaət etməyə çalışırıq. Təbii ki, ortaya yüksək keyfiyyətli məhsul qoymaqla.
 

Niyə məhz “Papito”nu oxuyan Seeya?
- Sizə açıq deyəcəm. Tanınmış yerli müğənnilərdən birini dəvət etməyi düşünürdük. Hətta bir neçəsi ilə danışığımız da oldu. Əvvəla, naz-qəmzə ilə razılıq verdilər. Bu mənim xoşuma gəlmədi. Daha sonra elə bir məbləğ dedilər ki, o pulu onlara verməyə dəyməzdi. Respublika Günü idi deyə, istər-istəməz qiymətlər qalxmışdı, müğənnilərə tələbat vardı. Ona görə də tanınmış, amma təklif etdiyimiz pula gələcək müğənni axtarışına çıxdıq və Seeyanı tapdıq. Qoy, o əcnəbi müğənni də cənnət məkanlarımızı görsün.
 

Yəqin ki, Seeyaya təklif etdiyiniz məbləğ bizim müğənnilərin tələb etdiyindən az idi...
- Təxminən eyni məbləğ idi. 

 

Söhbət hansı məbləğdən gedir?
- O dərəcədə xırdalıqlara getməyək. Mən deyərəm e, bəlkə Seeya məbləğin açıqlanmasını istəmir.
 

Bildiyimə görə, 6 min avro vermisiz, təxminən 12 min manat.
- Tam düz buyurursuz (gülür). 

 

Bir aydan sonra təmsilçilərimiz avrokuboklarda mübarizəyə qoşulacaq. Komandaların şanslarını necə dəyərləndirirsiz?
- Həmişə sözün düzünü demişəm, ona görə də bəzən kimlərdəsə inciklik olur, dediklərimi xoş qarşılamırlar.
 

Boş şeydi. Sizi Ramin Musayev edən də məhz açıq fikirli olmağınızdı. Futbolda tək-tük müsahiblərdənsiz ki, sizinlə söhbət etmək adama zövq verir. Odu ki, heç kimə fikir verməyin, düşündüklərinizi deyin, gəlsin.
- İnsan gərək həqiqəti danışa. O adam çəkinər ki, başıaşağı işi var, nədənsə qorxur. Şükür Allaha, çəkinəcəyim yer yoxdu. Açıq deyirəm, bu gün komandalarımızın hazırlığına baxanda, heç birini qrupda görmürəm.
 

Samir Abasova ürəyiniz yanır?
- Çox, lap çox.
 

O cür çalışqan, xarakteri olan məşqçi bu gün kənardadı.
- Samirin kənarda qalacağına inanmıram. O kənarda qalmağa layiq oğlan deyil. Öz düşüncəmi deyirəm, mənə elə gəlir ki, onu aldatdılar.
 

Kimlər?
- Deyirsən, hər şeyi açıb-töküm? (gülür)
 

Ad çəkməyin, sadəcə, kimin aldatması maraqlıdı.
- Yenə deyirəm, mənə elə gəlir ki, Samiri aldatdılar. İnanın, mən “Sumqayıt”ın oyununa baxanda həzz alırdım, ruhən dincəlirdim. Hamısı öz balalarımız idi, yerli futbolçular. Başqa komandalara lazım olmayan futbolçulardan o cür kollektiv formalaşdırmağı bacarmışdı. Samir Abasovun bir səhvi oldu, o səhv də axırına çıxdı.
 

Hansı səhv?
- Mövsümün gedişində “mənim burda qalmağım sual altındadı” demişdi. Onu deməməliydi. “Ola bilsin, getdim” sözü futbolçularda inamsızlıq yaratdı. Şəxsən mən belə düşünürəm. Oyunçu da fikirləşir ki, Samir Abasov gedəcəksə, başqası gələcək. Onun bizə şans verib-verməyəcəyi bilinmir. Lazımsız anda işlətmişdi o sözü.

 

Qışda Antalya toplanışında Tərlan Əhmədovun başını kəsmək üçün ləzgi xəncəri almışdız. Kəsə bildiz?
- Tərlan Əhmədovun başını mən yox, kəsənlər kəsdi. Görürdüm ki, kəsilməyə doğru gedir, ona görə də mənim kəsməyimə ehtiyac qalmadı (gülür). Zarafat öz yerində, həyatda səhvsiz insan yoxdu. Hamımızın səhvi olur. Razılaşın ki, bu adam qarşısına qoyulan hədəfdən artığını verdi.
 

Münasibətləriniz qaydasındadı?
- Hörmətim böyükdü, Allah utandırmasın. Samir Abasov da, Tərlan Əhmədov da işsiz qalmağa layiq məşqçilər deyil.
 

“Neftçi” demişkən, vaxtilə çalışdığınız klub Roberto Bordinlə anlaşdı. Rəhbərlik uzun illərdən sonra yenidən əcnəbi mütəxəssisə ehtiyac duydu. Sizcə, buna ehtiyac vardı?
- Ehtiyacın olub-olmadığını klub rəhbərliyi bilər. Onların işinə qarışa bilmərəm. Amma Bordinlə bağlı xarici mətbuatda yazılanları oxudum, açığı, xoşuma gəldi. Mehriban insan olduğu yazılmışdı, həmçinin zəhmətkeşdi, futbolçularla ünsiyyət qurmağı bacarır. Ümid edirəm ki, nəticə verəcək. Avropa təcrübəsi var, “Şerif”i Avroliqanın qrupuna daşıyıb, qrupda da yaxşı nəticə göstəriblər. Amma ilk dönəmlər ona çətin olacaq. Futbolçuları tanımır, yerli mühitlə tanış deyil. Bu yay Avroliqada ondan ciddi uğur gözləmək yanlış fikirdi. Zamana ehtiyac duyur. Fikrimcə, nəyə qadir olduğu mövsümün sonunda bilinəcək.
 

Sizcə, Kamran Quliyev vaxtilə birgə çalışdığı Samir Abasovu niyə “Neftçi”yə aparmadı?
- Samir Abasov gənc mütəxəssis olsa da, savadlıdı, çalışqandı. Təəssüf ki, Avropa təcrübəsi yoxdu. Hiss edirəm ki, “Neftçi” rəhbərliyi Avropada yaxşı nəticə qazanmaq istəyir. Ona görə də təcrübəli mütəxəssisə ehtiyac duydular. Məncə, əsas səbəb budu. Kamran Quliyevlə Samir Abasovun münasibətləri yaxşıdı, məncə, bir-birinə hörmət edirlər, inanırlar.

 

Sizə elə gəlmir ki, “Kəpəz” premyer-liqanı Əsasnamənin şərtinə görə tərk etmədi. Sadəcə, klubun arxasında pul xərcləyən biri durmadı. Yəni yiyəsiz qaldı deyə, birinci diviziona göndərildi.
- Xeyr, belə deyil. Məndə olan məlumata görə, “Kəpəz” elitada qalsaydı, büdcə olduğu kimi qalacaqdı. Sadəcə, Əsasnamənin şərti əsas götürüldü. Çünki aşağı dəstədən bir komanda gəlməliydi. Mən sizə açıq deyirəm, 10-cu komandanı tapa bilsəydik, “Kəpəz” elitada qala bilərdi. Sadəcə, çempionatı 9 komanda ilə keçirə bilməzdik.
 

“Xəzər”ə heç cür remyer-liqada iştirak imkanı yaratmaq olmazdı?
- Xeyr, heç cür.
 

Niyə?
- Bu klubun sponsoru ortaya çıxmadı. Əlavə şərhə ehtiyac var?

 

“Xəzər” demişkən, Lənkəranda komanda yaratmaq istəyirlər. Artıq bu yöndə işlərə start verilib. Deyəsən, yaxın gələcəkdə böyük futbol yenidən Lənkərana qayıdacaq.
- Bilirəm, xəbərim var. Bu yaxınlarda lənkəranlı azarkeşlərdən biri mənə zəng vurmuşdu. Dedi ki, şəxsi vəsaitimiz hesabına Lənkəranda komanda yaratmaq istəyirik. Vallah, bu əziz günə and olsun, sevindim. Bu təklifi ikiəlli dəstəkləyirəm. İmkanım nəyə çatarsa, kömək edərəm. Çempionatda 50 top lazım olur, 50-ni də öz cibimdən alıb hədiyyə verərəm. Lazım olarsa, klubu legioner futbolçulara görə tələb olunan rüsumdan, üzvlük haqqından azad edərəm. Gücüm, səlahiyyətlərim daxilində olan hər cür kömək edərəm. Lənkəranda futbol dəhşətli dərəcədə sevilir. Mən də istəyirəm ki, cənubda futbol olsun, insanların ürəyi açılsın. Təəssüf, elə bir sponsor yoxdu ki, ona arxayın olaq.

Tarix: 20 İyun 13:24    Oxunub: 876    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.