Məhəmməd, rusları Yerə qaytar...

Bu gün H qrupundakı komandalar - Polşa-Seneqal və Kolumbiya-Yaponiya qarşılaşması ilə mundialda ilk tura yekun vurulacaq.

 

Elə bu gün saat 22:00-da A qrupunda Rusiya və Misir yığmalarının qarşılaşması ilə ikinci tura start veriləcək.

 

Seneqalı çox şişirdilər, yoxsa...

Polşa və Seneqal indiyədək mundiallarda qarşılaşmayıblar. Polşa millisi sonuncu dəfə mundialda 2006-cı ildə iştirak edib və qrup mərhələsində mübarizəni dayandırıb. Məlumdur ki, Polşa iki dəfə(1978 və 1982) mundialın bürünc medallarına sahib olub.

 

Adam Navakın 5 ildir rəhbərlik etdiyi Polşa yığması qrup mərhələsini şübhəsiz, adlamaq gücündədir. Seçmə mərhələdə 25 xal toplayaraq qrupunda vahid lider olan Polşanın bu gün əsas qol ümidi əlbəttə ki, ulduz futbolçu Robert Levandovskidir.

 

Artıq 10 ildir millinin heyətində olan qolçu futbolçu ilk dəfə mundial iştirakçısıdır. O, bu çempionatda bombardirlər sırasında ola bilər. Çünki seçmə mərhələdə ondan çox qol vuran futbolçu olmayıb: 10 oyunda 16 top. Polşa son üç yoldaşlıq görüşünün ikisində qalib gəlib, bir oyunu heç-heçə başa vurub. Polşa millisinin üzvlərinin əksəriyyəti İngiltərə, Almaniya, Fransa və İtaliya kimi ölkələrin klublarında oynayırlar.

 

Mundialda iştirak edən Afrika təmsilçiləri hələ ki, ilk turda xüsusi fərqlənə bilmədilər və bu gün Seneqal "tilsimi" qıra bilər. Məlumdur ki, Afrika təmsilçiləri seçmə mərhələdə qrup lideri olublar və indi bu uğuru mundialda təkrarlayacağı barədə proqnozlar var. Bu o deməkdir ki, afrikalılar bu gecə ən azından uduzmayacaqlar və ya Polşa millisini "devirəcəklər".

 

Seneqal bu mundiala 2002-ci ildə topladığı"kapitalla" gəlir. İlk iştirak etdikləri mundialda Fransa, Uruqvay kimi dünya çempionlarını mübarizədən kənarlaşdıran Seneqalın yarımfinal arzusu gözündə qaldı. Elə o vaxtdan da seneqallılar mundialdan kənarda qalmışdı.

 

Seneqalın bu mundialda uğurunu təkrar edib-etdirməyəcəyi ciddi sual doğurur. Komandanın baş məşqçisi Aliu Sisse isə oyundan əvvəl keçirdiyi mətbuat konfransında deyib ki, Seneqal mundiala iddialı gəlib və heyətin bunu gerçəkləşdirməyə gücü var. Seneqalın heyətində də İngiltərə, Fransa, Türkiyə, Almaniya, İspaniya kimi ölkələrin klublarında oynayan futbolçular var. Baxaq, görək seneqallıların dili olduğu kimi, dirçəyi də varmı...

 

 

Yaponiya Rusiyada zəlzələ edə biləcəkmi?

Qrupdakı növbəti qarşılaşma Kolumbiya ilə Yaponiya millisi arasında olacaq. Bu komandalar 2002-ci il mundialında bir qrupa düşmüşdülər. Qrup qarşılaşmasında Kolumbiya 4:1 hesabı ilə qalib gəlib. Onların aralarında olan daha iki görüş müxtəlif kubok oyunlarında olub ki, bunların birində Yaponiya uduzub, bir oyun sülhlə başa çatıb.

 

Futbol kimi "tər tökməli" oyunlarda yaponlar lider deyillər. Belə turnirlərə vəsiqə onlara yalnız təcrübə toplamaq üçün lazımdır. Amma gündoğan ölkədə də futbola maraq az deyil. Təsadüfi deyil ki, Yaponiya kral ailəsinin nümayəndələri saat 16-da başlayacaq oyunu izləmək üçün Rusiyaya gəlib. Bu arada Yaponiyadakı güclü zəlzələ komandanın motivasiyasına təsirsiz ötüşməyib. Rusiya TV-ləri belə deyir...

 

Kolumbiya da 2014-cü il mundialından yadda qalıb. Yada salaq ki, yarımfinalın bir addımlığından onları Braziliya evə göndərdi. Kolumbiya seçmə mərhələdə Çilini qabaqlayaraq 4-cü yeri tutub və bu mundiala son vəsiqə idi. Komanda son yoldaşlıq oyununda Fransaya 3:2 hesabı ilə qalib gəlib. Son 6 oyunda uduzmayıblar. Kolumbiyanın ulduz futbolçuları Xames, Falkao və Kuadradodur ki, təkcə bu oyunun deyil, komandanın mundialdakı taleyini böyük ölçüdə onlar həll edəcək.

 

Rusiya, eyforiyadan ayıl...

Rusiya və Misir millisi bu gün tarixlərində ilk dəfə qarşılaşacaqlar. Rusiya millisi açılış oyununda mundialın ən zəif komandası olan Səudiyyə Ərəbistanına 5 top vurub və hələ də onun eyforiyasında, göylərdədir. Televiziyalar neçə gün bu qələbəni öyüb sevindilər. Əlbəttə, bu qələbə DÇ ərəfəsi son iki yoldaşlıq görüşündə (Türkiyə ilə heç-heçə edib, Avstriyaya isə məğlub oldular)uğursuz oynayan komandada özünə inam yaradıb.

 

Misir isə son dəqiqələrdə Uruqvayın hücumu qarşısında tab gətirməyərək qapısından top buraxdı və özünü çox çətinə saldı. Saat 22: 00-da başlayacaq oyun iki mühüm suala aydınlıq gətirməlidir: Rusiya həqiqət yaxşı formadadırmı və Misir növbəti mərhələyə çıxacaqmı?

 

Rusiya ilk turda (bu gün keçiriləcək 2 qarşılaşma nəzərə alınmasa) ən inamlı qələbə qazanan komanda olduğundan özlərindən razılığı başa düşüləndir. Ev sahibi kimi qrupdan növbəti mərhələyə çıxmaları isə FİFA üçün də sərfəlidir ki, çempionata rusların marağı azalmasın. Amma bunun üçün bu gecə ən azı Misirə uduzmamaq lazımdır.

 

Çünki son turda Rusiyanın rəqibi Uruqvay millisidir. Qarşılaşmada heç -heçə olarsa, Misir evə bilet sifariş edə bilər. İlk turda Misirin baş məşqçisi komandanın əsas forvardı Məhəmməd Salahı heç olmasa, son 10 dəqiqədə meydana buraxmamaqla səhv etdi. Bunu qol buraxanda anladılar və artıq gec idi.

 


Bu gün isə Salahın meydana çıxacağı dəqiqdir. Ruslar təbii ki, zədə səbəbindən iki aya yaxındı rəsmi görüşlərə çıxmayan Salahın ideal formada olmayacağına ümid edirlər. Son məşqdən görürtülər yayıb “Salah çiynini hələ yaxşı tərpədə bilmir” dedilər. Allah köməyi olsun.

 

Misir ilk turda gözlənilən səviyyədə oyun nümayiş etdirmədi, xüsusən texnika baxımından rəqiblərinə uduzdular. Amma komandada əzmkarlıq, üstəlik ruslardan geri qalmayan güclü azarkeş dəstəyi var. Bu gün komanda hücum və əks-hücum taktikasını seçməlidir.

 

Ruslar ilk oyunda ərəblərə qarşı güclü pressinq tətbiq etdilər və bu taktika alındı. Misirlə oyunda da bu keçərli olacaqmı, demək çətindir. Yada salaq ki, ev sahiblərinin də heyətində yarımmüdafiə xəttinin əsas oyuçularından olan Alan Dzaqoyev zədələnib.

 

Azərbaycanda Rusiya millisinin də azarkeşləri var ki, onlar da komandalarının bu gecə qrup mərhələsinin taleyini həll etməsini arzu edəcəklər. Məhəmməd ümmətləri də Misirin qələbəsini...

 

Nazim SABİROĞLU

Tarix: 19 İyun 16:24    Oxunub: 428    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.