"Qəbələ"nin büdcəsi mənim üçün bir o qədər də maraqlı deyil"

Sportinfo.az "Qəbələ"nin yeni transferi - albaniyalı yarımmüdafiəçi Sabien Lilayın müsahibəsini təqdim edir:

 

"Qəbələ"yə transferiniz necə alındı?

- UEFA çıxış etdiyim "Skenderbeu” klubuna 10 illik cəza verib. Ona görə komandadan ayrılmağa qərar verdim. Bu qərardan sonra "Qəbələ" klubundan təklif gəldi. Bu təklifi çox ciddi qəbul elədim. Klubu araşdırdım və oyunlarını izlədim. Qərar verdim ki, "Qəbələ" ilə müqavilə imzalayım. Buraya gəldiyimə görə çox şadam. Ümid edirəm ki, "Qəbələ" mənimlə birlikdə bu uğurları təkrarlayacaq.

 

Azərbaycan klublarından "Neftçi"yə qarşı oynamısınız...

- Bəli. 4-5 il öncə Avropa Liqasında "Neftçi"yə qarşı oynamışam.

 

Azərbaycana gəlmədən öncə "Qarabağ" klubunda çıxış edən albaniyalı futbolçu Ansi Aqollidən məlumat almısınız?

- Təkcə Aqollidən yox, Admir Telidən və burada oynamış digər həmyerlilərimdən də məlumat aldım. Hamısı Bakını və Azərbaycanı çox təriflədilər. Bu məlumatların buraya gəlməyimdə təsiri oldu.

 

"Qəbələ"də növbəti illərə nisbətən maliyyənin aşağı endirildiyindən xəbəriniz var? Əvvəl komandada çoxlu legioner görmək olurdu. İndi isə yerli futbolçulara üstünlük verilir.

- Xeyr. Belə bir məlumatım yoxdur. Klubun büdcəsi mənim üçün bir o qədər də maraqlı deyil. Bizim klubla maliyyə məsələlərindəki istəklərimiz üst-üstə düşdü. Bu futboldur. Legionerlərin az və ya çox olmağı önəmli deyil. Ümid edirəm ki, "Qarabağ"la və digər rəqiblərimizlə kubok və çempionluq uğrunda layiqli mübarizə aparacağıq.

 

"Qəbələ" ilə birlikdə Avropa Liqasında nəyə ümid edə bilərsiniz?

- Bu məsələ ilə bağlı konkret nəsə demək mümkün deyil. Əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq ki, əvvəlki uğurları təkrarlayaq. Avropa Liqasının qrupunda çıxış etmişəm. Ora tam başqa bir atmosferdir. Komanda indi hazır görünməyə bilər. Amma qarşıda Sloveniyada təlim-məşq toplanışı var. Orada da yaxşı təlim keçib, Avropa Liqasına tam hazır olacağıq. Premyer Liqa ilə yanaşı Avropa Liqası da bizim üçün önəmlidir.

 

"Qəbələ" "Skenderbeu" klubunun digər futbolçusu Ceyms Adeniyini də heyətinə qatmaq istəyir. Onunla söhbətiniz olub?

- Özü ilə danışmamışam. Belə bir söhbətimiz də olmayıb. Məlumatı mediadan oxumuşam. Düşünürəm ki, real bir şey olsaydı, o, mənə zəng vurub komanda haqqında soruşardı. Fikirləşirəm ki, onun buraya gəlməyi çox yaxşı olar. Yaxşı hücumçudur. "Qəbələ"yə köməklik göstərə bilər.

 

MOİK-lə yoxlama matçıda niyə oynamadınız? Bu, zədə ilə bağlıdır?

- Xeyr. Zədəli deyiləm. Milli komanda ilə 2 yoldaşlıq görüşündə meydanda olmuşam. Sonra isə istirahət etmişəm. Məşqlərə dünən başladım. İki həftədən sonra məşqə çıxdım. Məşqi belə məsləhət gördü ki, bu gün oyuna çıxmayım.

 

Albaniya millisi yoxlama matçında Kosovoya 0:3 hesabı ilə məğlub oldu. Kosovo isə Azərbaycan yığmasının Millətlər Liqasındakı ilk rəqibidir. Bu komanda barədə nə deyə bilərsiniz? Albaniya niyə bu hesabla məğlub oldu?

- Kosovo çox gənc komandadır. Həm də istedadlı futbolçulara malikdir. Azərbaycana məsləhət görərdim ki, bu komandanı ciddiyə alsın. Onlar aqressivdirlər. Gənc olduqlarına aldanmasınlar. 2-3 il sonra Kosovo yığması naliyyətlər qazana bilər. 

Tarix: 18 İyun 21:24    Oxunub: 534    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.