"Xəzər" üzərindən fırıldaqlar və ya Elxan Məmmədovun doğru addımı

Dünən gündəm bu xəbərlə dəyişdi - Azərbaycanda daha bir iri bank soyğunu baş verib.

 

Soyğunu həyata keçirənlər isə Hollivud filmlərindəki kimi maskalı quldurlar deyil, bankın rəhbərliyinə daxil olan şəxsdi (virtualaz.org).


Azərbaycanın ilk kommersiya banklarından biri olan "GünayBank” ASC-nin idarə heyətinin sədr müavini Emin Zeynalov əmanətçilərin pullarını götürərək ölkədən qaçıb.
 
Onun bankdan 100 milyon manata yaxın vəsait çıxardığı bildirilir. Ehtimal ki, pullar əvvəlcədən hansısa offşor şirkətlərin hesablarına axıdılıb.
 
Zeynalov əvvəllər ölkənin iri banklarından birində departament rəhbəri olub, 2017-ci ilin aprelində "GünayBank”ın idarə heyətinin sədr müavini təyin edilib. Bu, misli görünməmiş bank soyğunun təfərrüatları barədə yaxın günlərdə mənbələrimizin köməyi ilə əlavə məlumatlar əldə etməyə çalışacağıq.
 
"GünayBank” ASC 1992-ci ildən fəaliyyət göstərir və Azərbaycanın bank sektorunu 2015-ci ildə bürümüş dərin böhrana baxmayaraq ayaqda qala bilmişdi. Hətta bankların əksəriyyəti ili zərərlə başa vursa da, "GünayBank” ötən il təmiz gəlir əldə edən azsaylı banklardan biri olub.
 
Bankın əsas səhmdarları Mahmud Məmmədov və Yeganə Şirinovadır. Onlar bankın səhmlərinin 89.76 faiz hissəsinin sahibidir.  Mahmud Məmmədov bankın Müşahidə Şurasının sədridir. 2017-ci il üçün maliyyə hesabatına əsasən "GünayBank” ASC-nin cəmi aktivləri 186 milyon manat olub.
 
Bankın müştəri hesabları üzrə öhdəlikləri 94 milyon manatdan yuxarıdır, cəmi nizamnamə kapitalı isə 57.4  milyon manatdan yuxarıdır. Bu rəqəmlərdən də göründüyü kimi bankir Zeynalov bankı faktiki olaraq boşaldıb.

 

O, «Xəzər»in sahibidi. «ZZ Group»u yaradan Zakir Zeynalovun oğlu ilə bağlı yayılan son xəbərlər tam doğrulanmasa da… Redaksiyamıza daxil olan qeyri-rəsmi informasiyaya görə, gənc iş adamı həqiqətən borc içində üzür. Onun 40 milyon manat öncə offşor şirkətlərə ötürdüyü, bir neçə gün öncə isə ölkəni tərk etdiyi bildirilir.


Zeynalovun yalnız bankdakı fəaliyyətinin deşifrə olunmadığı söylənilir. Belə ki, onun bir sıra nüfuzlu biznesmenlərlə borca pul götürdüyü və qaytarmadığı deyilir. Bu səbəbdən atasına ona məxsus ev və avtomobilləri təcili surətdə satışa çıxardığı qeyd olunur.


«Xəzər» I Divizionda çempion olsa da, AFFA tərəfindən Premyer Liqaya buraxılmadı. Mayın ikinci yarısına təsadüf edən bu qarışıq vəziyyətə medianın da münasibəti birmənalı olmadı. İdman pressasının böyük qismi bu məsələdə federasiyanın üzərinə yeridi, qərəzli mövqe tutmaqda suçladı.

 

Son proseslər isə göstərdi ki, Sportinfo.az-ın yanaşması doğrudu. Axı «Xəzər»ə münasbətdə Elxan Məmmədovun düzgün kurs götürdüyünü açıq şəkildə bəyan edən ilk saytdı. Baş katibin yeni yaranan klubu elitanın qapısından geri qaytarmasını dəstəkləmiş, idarəçilərin əsasən yalan üzərində qurulan bəyanatlarla ictimaiyyəti aldatdığını açıqlamışdıq.

 

Bu, həmin vaxt idi ki, «Xəzər» rəsmiləri hər həftə və ya 10 gündən bir təkrarlanan qonaqlıqlar hesabına bəzi mətbu orqanları AFFA-nın baş katibinin əleyhinə kampaniya aparmağa razı salmışdı. Və bu üzdən bir çoxlarına elə gəlirdi ki, hər şey onların dediyi kimidi. Yalançı qrup möhkəmdən bağırırdı… Az qalırdı doğrunun bağrı yarılsın. 


İndi isə kələfin ucu açılır. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) «Günaybank»da yoxlama aparması işin görünən tərəfidi. Burdan məlum olur ki, E.Zeynalov sədr müavini olduğu bankdan niyə zəmanət məktubu alıb AFFA-ya verə bilmirmiş… Özünün əskisi artıq tüstülənirmiş.

 

Elxan Məmmədov deyəndə ki «Xəzər» lazım olan lisenziya tələblərini yerinə yetirməyib, qaraguruh saç-baş yolurdu ki, sənədlər qaydasındadı.

 

Nə oldu bəs? “Günay Bank”ın Müşahidə Şurasının sədri Mahmud Məmmədov bildirib ki, Emin Zeynalovun bankdan kənarda biznes partnyorları ilə borc problemi olub: “Bu məsələdən xəbər tutan kimi onu çağırdım və işdən azad etdim. Amma xaricə qaçması barədə məlumatlar əsassızdı”.


Belə çıxmırmı ki, Zeynalov «Xəzər» barədə səs-küy yaratmaqla və onu süni şəkildə gündəmə gətirib, Premyer Liqaya buraxdırmağa nail olmaqla, əslində, törətdiyi əməlləri ört-basdır etmək istəyirmiş?

 

Futbol axı nəzarət altında olmayan bufer zonadı və burda yuyulan «qara pullar» bir çox «dərd»in dərmanıdı. 


SPORTİNFO.AZ

Tarix: 18 İyun 19:48    Oxunub: 723    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyul 2018
18 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.