Azərbaycan klubunun sahibi bankdan 100 milyon manatını götürüb ölkədən qaçdı!

Azərbaycanda daha bir iri bank soyğunu baş verib.
 
Soyğunu həyata keçirənlər isə Hollivud filmlərindəki kimi maskalı quldurlar deyil, bankın rəhbərliyinə daxil olan şəxsdir.
 
Sportinfo.az virtualaz.org-a istinadla xəbər verir ki, Azərbaycanın ilk kommersiya banklarından biri olan "GünayBank” ASC-nin idarə heyətinin sədr müavini Emin Zeynalov əmanətçilərin pullarını götürərək ölkədən qaçıb.
 
Onun bankdan 100 milyon manata yaxın vəsait çıxardığı bildirilir. Ehtimal ki, pullar əvvəlcədən hansısa offşor şirkətlərin hesablarına axıdılıb.
 
Zeynalov əvvəllər ölkənin iri banklarından birində departament rəhbəri olub, 2017-ci ilin aprelində "GünayBank”ın idarə heyətinin sədr müavini təyin edilib. Bu, misli görünməmiş bank soyğunun təfərrüatları barədə yaxın günlərdə mənbələrimizin köməyi ilə əlavə məlumatlar əldə etməyə çalışacağıq.
 
"GünayBank” ASC 1992-ci ildən fəaliyyət göstərir və Azərbaycanın bank sektorunu 2015-ci ildə bürümüş dərin böhrana baxmayaraq ayaqda qala bilmişdi. Hətta bankların əksəriyyəti ili zərərlə başa vursa da, "GünayBank” ötən il təmiz gəlir əldə edən azsaylı banklardan biri olub.
 
Bankın əsas səhmdarları Mahmud Məmmədov və Yeganə Şirinovadır. Onlar bankın səhmlərinin 89.76 faiz hissəsinin sahibidir.  Mahmud Məmmədov bankın Müşahidə Şurasının sədridir. 2017-ci il üçün maliyyə hesabatına əsasən "GünayBank” ASC-nin cəmi aktivləri 186 milyon manat olub.
 
Bankın müştəri hesabları üzrə öhdəlikləri 94 milyon manatdan yuxarıdır, cəmi nizamnamə kapitalı isə 57.4  milyon manatdan yuxarıdır. Bu rəqəmlərdən də göründüyü kimi bankir Zeynalov bankı faktiki olaraq boşaldıb.
 
Bu xəbərin futbol sahəsinə də birbaşa dəxli var. Çünki Emin Zeynalov I divizionda son mövsümün qalibi olan “Xəzər”in rəhbəri idi. Onun rəhbəri olduğu klub lisenziya tələblərini yerinə yetirə bilmədiyi üçün Premyer Liqaya buraxılmamışdı.
 
Çatışmayan əsas sənəd isə klub sponsorlarının məhz maliyyə qaynaqlarını göstərməməsi idi. Bu xəbərdən anlaşılır ki, Zeynalovun həmin sənədi təqdim edə bilməməsinin özəl səbəbi var imiş.
 
Əlavə edək ki, dağıldığı deyilən, amma rəsmi şəkildə bu aqibəti bəyan edilməyən “Xəzər”in rəhbərliyi öz işçilərini də aldadıb.Belə ki, klub əməkdaşları may ayının maaşını hələ də almayıb.
Tarix: 18 İyun 10:00    Oxunub: 1276    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyul 2018
21 İyul 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.