Dünya çempionatları tarixində ən qalmaqallı 3 oyun - Video

Artıq saatlar qalıb.

 

Hər kəs həyəcanla topa ilk toxunuşu, ilk qolu, ilk vərəqəni və s. ilkləri gözləyir.

 

Həm də bu dəfə hansı hakim səhvlərinin, kuryoz qolların, qalmaqallı oyunların olacağı maraq doğurur. Bəlkə heç qalmaqallı oyun olmadı.

 

Hərçənd tarixə boylansaq, xeyli nümunə gətirə bilərik. Ancaq biz cəmi 3 oyunu seçdik. Adını da “Dünya çempionatları tarixinin ən qalmaqallı 3 oyunu” qoyduq.

 

Vaxt itirmədən mətləbə keçək. Praktiki olaraq, elə bir dünya çempionatı olmayıb ki, “çp”siz ötüşsün. DÇ-2018-də videotəkrarın tətbiqi budəfəki turniri “şəffaf” etməlidi. Hər halda, azarkeşlərin yaddaşında daha az mübahisəli epizodlar qalacaq. İndi isə keçmişə boylanmaq zamanıdı.

 

DÇ-1966. Final. İngiltərə - AFR 4:2 (əlavə vaxtda)

Futbolun yaradıcıları ev sahibliyi etdiyi mundialda tarixlərində ilk və hələ ki, son dəfə dünya çempionu oldular. Həlledici matçda Helmut Haller hesabı açdı. Buna baxmayaraq, Ceffri Herst və Martin Piters oyunun gedişatını dəyişə bildi. Almanlar əsas vaxtın sonlarında məğlubiyyətdən xilas oldu və oyunu əlavə vaxta daşıdı. Ancaq cərimə zərbəsindən sonra vurulan qolda topun alman futbolçulardan kiminsə əlinə dəydiyi iddiaları var idi.

Əlavə vaxtın 11-ci dəqiqəsində Herst nəinki DÇ, ümumiyyətlə, futbol tarixinin ən mübahisəli qollarından birinin müəllifi oldu. Onun adını tarixə yazan isə həmyerlimiz Tofiq Bəhramov idi. Məhz oyunun hakimi Qotfrid Dinst Bəhramovun “göstərişi” ilə qolu qeydə aldı. 120 dəqiqənin tamamında Herst het-triki rəsmiləşdirdi və İngiltərə çempion oldu.

DÇ-1986. 1/4 final. Argentina - İngiltərə 2:1

Məşhur “Tanrı əli” ifadəsi məhz bu oyundan qalan yadigardı. Matçın 51-ci dəqiqəsində əfsanəvi Dieqo Maradona elə bir qol vurdu ki, həmin qol bu gün də ingilislərin yuxusuna girir. Qol qaydalar çərçivəsində vurulmasa da, oyunun hakimi Əli ben Nəsir mərkəzi göstərdi. Avropalıların etirazları da onun fikrini dəyişmədi. Bundan 5 dəqiqə sonra Maradona dublunu rəsmiləşdirdi. Son dəqiqlərdə isə Hari Lineker İngiltərə üçün təsəlli qolunu vurdu.
Yarımfinala yüksələn Argentina millisi Belçika səddini də adladı və finalda Almaniyanı məğlub edərək turnirin qalibi oldu. Don Dieqo isə mundialın ən yaxşı oyunçusu seçildi. Düzdü, karyerasını bitirəndən sonra Maradona avtobioqrafik kitabında etiraf etdi ki, onun əli ingilislərin qələbəsini “oğurlamışdı”.

DÇ-2006. Final. İtaliya - Fransa 1:1 (pen. - 5:3)

Müasir dövrün ən məşhur finalı saymaq olar. Oyunun əvvəlində Zinəddin Zidan hesabı açdı. Daha sonra Materatsi bərabərlik qolunu vurdu. Bu cütlük bir də əlavə vaxtda səhnəyə çıxdı. İtalyan müdafiəçi Zizuya atmaca atdı, əvəzində isə kəllə zərbəsi aldı. Fransa futbolunun əfsanəsi dərhal meydandan qovuldu. Özü də qırmızı vərəqəni karyerasının son oyununda aldı...
Lidersiz qalan “üçrənglilər” penalti seriyasında uduzdu və tarixində ikinci dəfə dünya çempionu olmaq şansını qaçırdı.

Pərviz Hikmət

Tarix: 14 İyun 15:12    Oxunub: 175    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.