“Xoruz”ların banlamaq zamanı...

Dünya çempionatında maraqlı qruplardan biri də C qrupudur.

 

Həm də o səbəbdən ki, bu qrupda Fransadan başqa hər üç komanda mundiala “pley-off” səddini aşaraq gəlib.

 

C qrupu: Fransa, Avstraliya, Peru, Danimarka.

 

Fransa ən təcrübəlidir, amma...

 

Heç şübhəsiz, “xoruzlar” - Fransa millisi bu  qrupun ən təcrübəli komandasıdır. 21 mundialdan cəmi beşində iştirak edə bilməyən fransızlar düz 20 il əvvəl-1998-ci ildə ölkələrində keçirilən dünya kuboku uğrunda mübarizədə  çempion olublar.

 

2006-cı ildə yenidən finala vəsiqə qazanan Fransa millisi İtaliya ilə üz-üzə gəldi. Fransa  İtaliyaya penaltilər seriyasında uduzdu. Yeri gəlmişkən, yada saldığımız 1998-ci il dünya çempionatında Danimarka da onlarla bir qrupda mübarizə aparırdı və  hər iki komanda 1/8 finala yüksəlmişdi.

 

Avro-2012-dən sonra Loran Blanu baş məşqçi postunda əvəzləyən Didye Deşam artıq 6 ildir ki, komandanın sükanı arxasındadır. 2017-ci ildə razılığa əsasən, o, 2020-ci ilə qədər millini çalışdıracaq.  Deşamın rəhbərliyi altında Fransa millisi Avro-2016-da finalda Portuqaliyaya məğlub olaraq, gümüş medal qazanıb. Vəssalam...

 

80-90-cı illərdə Fransa millisinin oyununu izləyənlər  Didye Deşamı yaxşı xatırlayırlar. Didye Deşam heç vaxt ulduz futbolçu kimi tanınmayıb, baxmayaraq ki, komandanın əvəzedilməz kapitanı olub, Fransanın Avropa çempionu olduğu hər iki çempionatda kuboku öncə o, başının üzərinə qaldırıb.

 

Amma Fransa millisi onun rəhbərliyi altında çempionluğu bayram edə bilməyib. Bəlkə də “Xoruz”ların banlamaq zamanı bu mundialda baş verdi... Deşam əlbəttə ki, Avrokubokun builki sahibi olan “Atletiko”nun hücumçusu və Fransa milisinin ulduzu Antuan Qrizmanna çox ümid edir. Fransa bu heyətlə uğur qazanmağa çalışacaq:

 

Hücumçular: Uqo Lloris (“ Tottenhem”), Stiv Mandanda (“ Marsel”), Alfons Areola (PSJ)

Müdafiəçilər: Rafael Varan (“ Real”), Adil Rami (“ Marsel”), Cibril Sidibe (“ Monako”), Samuel Umtiti (“ Barselona”), Benjamen Mendi (“ Mançester Siti”), Benjamen Pavar (“ Ştutqart”,), Luka Hernandez (“ Atletiko”), Presnel Kimpembe ( PSJ)

Yarımmüdafiəçilər: Blez Matyuidi (“ Yuventus”), Pol Poqba (“ Mançester Yunayted”), N’Qolo Kante (“ Çelsi”), Toma Lemar (“ Monako”), Koranten Tolisso (“ Bavariya”), Stiven N’Zonzi (“ Sevilya”)

Hücumçular: Olivye Jiru (“Çelsi”), Antuan Qrizmann (“ Atletiko”), Kilyan Mbappe (PSJ), Usman Dembele (“ Barselona”), Nabil Fekir (“Lion”), Florian Toven (“ Marsel”)

 

Dördüncü dəfə ard-arda mundialda! 

 

Avstraliya millisi dünya çempionatlarında 5-ci dəfədir ki, iştirakçı olacaq. İlk dəfə 1974-cü ildə bu hüququ qazanan milli komanda artıq dördüncü mundialdır ki, ard-arda iştirak edir.  2006, 2010, 2014-cü illərdə milli komanda xüsusi uğuru ilə seçilməyib. Yalnız  2006-cı ildə qrup mərhələsini adlaya bilib. Avstraliya DÇ-2018-ə vəsiqə qazanmaq üçün ümumilikdə 22 oyun keçirib.

 

Tarixdə bir təsnifat mərhələsi daxilində bu qədər çox matç keçirən komandaya rast gəlinməyib. 11 müxtəlif rəqiblə qarşılaşan “yaşıl qitə” təmsilçiləri 250 min km məsafə qət ediblər. Cəmi 2 dəfə məğlub olsalar da, heç-heçələrin çoxluğu avstraliyalı futbolçuların işlərini çətinə salmışdı.

 

Sonda Sidneydə 80 min azarkeşin önündə Hondurasa qarşı qazanılan 3:1 hesablı qələbə ardıcıl 4-cü dəfə mundiala vəsiqə anlamına gəlirdi. (mənbə: apa.sport.az ). Daha bir maraqlı statistika da var. Avstraliya dünya çempionatı iştirakçıları arasında rəqib qapısına ən çox top vurmuş komanda kimi düşüb. Avstraliya Amerika Samoası  komandasının qapısında 31 cavabsız top keçirib...

 

Ötən qrup haqda yazımızda qeyd etmişdik ki, Səudiyyə Ərəbistanının mundiala vəsiqə qazanmasını təmin edən Bert van Marveyk  komandadan ayrılıb. O, 2018-ci ilin 24 yanvarında Avstraliya yığmasının baş məşqçisi təyin olunub. Bu, onun üçün yığmada ilk böyük sınaq olacaq..Bert van Marveyk DÇ-2018-ə aşağıdakı 23 futbolçunu  aparmağa qərar verib:

 

Qapıçılar: Mett Rayan (“Brayton”), Denni Vukoviç (“Genk”), Bred Cons (“Feyenoord”);

Müdafiəçilər: Aziz Behiç (“Bursaspor”), Miloş Deqenek (“Yokohama”), Mettyu Yurman (“Suvon”), Ceyms Meredit (“Milluol”), Coş Risdon (“Uestern Sidney”), Trent Seynsberi (“Qrasshopper”);

Yarımmüdafiəçilər: Mayl Edinak (“Aston Villa”), Cekson İrvayn (“Hall Siti”), Robbi Kruz (“Bohum”), Massimo Luonqo (KPR), Mark Milliqan (“Əl-Əhli”), Aaron Muy (“Haddersfild”), Tom Roqiç (“Seltik”).

Hücumçular: Tim Kehill (“Milluol”), Tomi Yuriç (“Lütsern”), Mettyu Leki (“Herta”), Endryu Nabbut (“Urava”), Dmitri Petratos (“Nyukasl Cets”), Daniel Arzani (“Melburn”), Ceymi Maklaren (“Hibernian”), Apostolos Yannu (“AEK Larnaka”).

 

Perunun 36 illik həsrətinin sonu

 

Cənubi Amerika təmsilçisi olan Peru millisi də  5-ci dəfədir ki, mundialda gücünü sınayacaq. İlk dünya çempionatında iştirak edən(1930) milli komanda mundiala  40 il sonra qayıdıb. 1970-ci ildə hətta 1/4 finaladək irəliləyib. 1978 və 1982-ci illərdə isə qrup oyunlarından sonra mundialı tərk edib.

 

Komandanı mundiala 60 yaşlı argentinalı Rikardo Qareka gətirəcək. O, 2015-ci ilin fevral ayında Peru millisinə baş məşqçi təyin olunub. Peru Amerika kubokunda onun rəhbərliyi altında uğurlu çıxış edib və yarımfinala qədər irəliləməyi bacarıb. Perunun Rusiya mundialına yolu da asan olmayıb.

 

36 il sonra qrup mərhələsində (Cənubi Amerika zonası) 5-ci yeri tutaraq Yeni Zelandiya ilə əlavə matçı oynamaq şansı qazanıb. 2017-ci ilin noyabrında Yeni Zelandiya ilə səfər oyununda Peru qapısını qoruya bilib və matç qolsuz bitib. Doğma meydanda isə Peru 36 illik həsrətə son qoyub. Komanda rəqibin qapısından 2 cavabsız top keçirərək arzularını reallaşdırdı.

 

Püşkatmadan sonra açıqlama verən Qareka deyib ki, mundialda asan rəqib axtarmaq lazım deyil. Onun sözlərinə görə, Perunun “ölüm qrupu”na düşdüyünü zənn etmir. “Bir də görürsən ki, asan görünən rəqib çətin, çətin görünən isə asan rəqib olur. Bu səbəbdən də yaxşı oynamaq əsas şərtdir” deyə, o bildirib. Perunun heyəti belədir:  

 

Qapıçılar: Pedro Qalyese (“Verakrus”, Meksika), Karlos Kaseda (“Deportivo Munisipal”), Xose Karvalyo (“UT de Kaxamarka”)

Müdafiəçilər: Luis Advinkula (“Lobos”, Meksika), Aldo Korso (“Universitario Deportes”), Migel Trauko (“Flamenqo”, Braziliya), Kristian Ramos (“Verakrus”, Meksika), Alberto Rodriges (“Sportinq Kristal”), Migel Arauxo (“Alyansa Lima”), Nilson Layola (“Melqar”), Anderson Santamariya (“Puebla”, Meksika)

Yarımmüdafiəçilər: Pedro Akino (“Lobos”, Meksika), Vilder Kartaxena (“Verakrus”, Meksika), Kristian Kueva (“San Paulu”, Puebla), Edison Flores (“Olborq”, Danimarka), Paolo Urtado (“Vitoriya Gimaraeş”, Portuqaliya), Renaro Tapiya (“Feyenord”, Hollandiya), Yosimar Yotun (“Orlando Siti”, ABŞ)

Hücumçu: Paolo Gerrero (“Flamenqo”, Braziliya), Endi Polo (“Portlend Timbers”, ABŞ), Andre Karrilyo (“Uotford”, İngiltərə), Raul Ruidias (“Moreliya”, Meksika), Cefferson Farfan (“Lokomotiv”, Rusiya)

 

Danimarka qrupda ikinciliyə iddialıdı

 

Danimarka da digər üç komanda kimi mundialda beşinci dəfə gücünü sınayacaq. 1986, 1998, 2002, 2010-cu illərdə mundiala qatılan Danimarka millisinin ən güclü heyəti 1998-cı ildə olub. Komanda 1/4 final qədər irəliləyib.   

 

Məlumatlara  görə, Danimarka millisinin heyəti çox gənc olmasa da, perspektivli futbolçulardan ibarətdir. İdman şərhçiləri yazır ki,  Rusiyaya ən güclü heyətlə gələn komanda qrupda ikinci yerə ən şanslı namizəddir. 

 

Danimarka millisi də mundiala  əlavə matçda İrlandiyaya böyük hesablı qələbə sayəsində vəsiqə əldə edib. Komanda mundiala vəsiqəni Norveçin keçmiş baş məşqçisi Oqe Hareydenin rəhbərliyi altında təmin edib.  

 

Qapıçılar: Frederik Rennov (“Brondbyu”), Yonas Lessl (“Haddersfild”), Kasper Şmeyxel (“Lester”)

Müdafiəçilər: Andreas Kristensen (“Çelsi”), Henrik Dalsqor (“Brentford”), Yannik Vesterqor (“Borussiya” Münhenqladbax), Yens Larsen (“Udineze”), Yonas Knudsen (“İpsviç Taun”), Matias Yorqensen (“Haddersfild”), Simona Kyer (“Sevilya”)

Yarımmüdafiəçilər: Kristian Eriksen (“Tottenhem”), Lasse Şene (“Ayaks”), Lukas Leraqer (“Bordo”), Mikael Kron-Deli (“Deportivo”), Tomas Dileyni (“Verder”), Villyam Kvist (“Kopenhagen”)

Hücumçular: Andreas Kornelius (“Atalanta”), Kasper Dolberq (“Ayaks”), Martin Breytueyt (“Bordo”), Nikolay Yorqensen (“Feyenoord”), Pione Sisto (“Selta”), Viktor Fişer (“Kopenhagen”), Yussuf Poulsen (“Leyptsiq”)

 

Nazim  SABİROĞLU

Tarix: 14 İyun 16:24    Oxunub: 212    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 İyun 2018
23 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.