“Ölüm qrupu”ndakı 4 diri komanda

İdmanda “ölüm qrupu” ifadəsini kim ilk dəfə işlədibsə, ölənlərinə rəhmət. 

 

Bu ifadəsiz nə çempionatların “dadı” qalardı, nə intriqası.

 

Rusiyada başlayacaq dünya çempionatında zəif komanda yoxdu. Bütün güclülərin bir yerə toplaşdığı qrup da yox.

 

Amma elə qrup var ki, oradakı komandaların hər biri ayrı-ayrılıqda çempionatın özünəməxsus yaraşığıdır. Elə D qrupundakı komandalar  kimi...

 

Argentina DÇ 2018 ile ilgili görsel sonucu

 

Argentina və Nigeriya Braziliyada 2014-cü ildə keçirilən mundialda da bir qrupda (F) yer alırdılar. Argentina Messinin 2 qolu sayəsində afrikalıları 3:2 məğlub edə bildi ki, bu dəfə Nigeriya bu məğlubiyyətin əvəzini çıxmağa çalışacaq. Amma bunlar barədə qrup oyunları başlayanda yazacağıq.  

 

17-ci dəfədir dünya çempionatlarında iştirak edən Argentina yaxşı komandadır və bu mundialı da onlarsız təsəvvür etmək mümkün deyildi.  Amma son illər Argentina “seyid cəddinə arxayın olan kimi” yalnız Messiyə ümid etsə də, uğur qazana bilmir. 1978 və 1986-cı illərdə dünya çempionluğunu  bayram etmiş cənubi amerikalılar  neçə mundialdır ki, medalsız qalırlar.

 

2014-cü ildə bu arzuya yaxın idilər, amma son dünya çempionu Almaniya (daha doğrusu, əlavə vaxta qol vuran Qötse) buna imkan vermədi.  Argentina millisi üçün seçmə mərhələ çox çətin keçdi və hətta Rusiyaya gəlməmək təhlükəsi də vardı. Messi dünyanı şoka salan bəyanatı da elə o ərəfəyə təsadüf edirdi.

 

Ardıcıl iki məğlubiyyətdən(Ekvador və Çiliyə) sonra Messi millidən getmək istədiyini dedi. Messi sonra getmədi və yalnız son turda Ekvadora qalib gələn Argentina milli faciəni adlada bildi. Komandanı mundiala  “Sevilya”nın baş məşqçi postunu tərk edəndən sonra millinin sükanı arxasına keçmiş Xorxe Sampaolini gətirəcək. O, bir ildən çoxdur komandanın baş məşqçisidir. 

 

Qapıçılar: Serxio Romero (“Mançester Yunayted”), Villi Kabalyero (“Çelsi”), Franko Armani (“River Pleyt”);

Müdafiəçilər: Qabriel Merkado (“Sevilya”), Federiko Fazio (“Roma”), Nikolas Otamendi (“Mançester Siti”), Kristian Ansaldi (“Torino”), Markos Roxo (“Mançester Yunayted”), Nikolas Talyafiko (“Ayaks”), Markos Akunya (“Sportinq”);

Yarımmüdafiəçilər: Ever Baneqa (“Sevilya”), Xavyer Maskerano (“Hebey Çayna Forçun”), Eduardo Salvio (“Benfika”), Lukas Bilya (“Milan”), Anxel Di Mariya, Covanni Lo Selso (hər ikisi PSJ), Manuel Lanzini (“Vest Hem”), Maksimiliano Mesa (“İndependiente”), Kristian Pavon (“Boka Xuniors”);

Hücumçular: Lionel Messi (“Barselona”), Serxio Aquero (“Mançester Siti”), Qonsalo İquain, Paulo Dibala (hər ikisi “Yuventus”).

 

Mundialda ilk sınaq-İslandiya  fenomeni

 

İslandiya, məlum, ilk dəfədir ki, dünya çempionatında iştirak edəcək. Amma seçmə mərhələdə indiki rəqibləri Xorvatiyanı da üstələyərək qrupda ilk pilləni tutan komanda Rusiyaya iddialı gəlir. Qrupda 10 oyunun 7-də qələbə qazanan İslandiya millisi son Avropa çempionatından özünü tanıtmışdı.

 

Balina səsi çıxaran azarkeşləri də milli komandadan heç də az tanınmır.  Soyuq bir ölkədə futbola bu cür isti münasibətin sirri-filanı yoxdur. Bu cırtdan dövlət futbolu ölkənin bir nömrəli oyununa çevirmək siyasətini qarşısına məqsəd qoyub və buna nail olub.    

 

Komandanın baş məşqçisi Heymir Hadlqrimsson bir neçə ildir ki, millidə çalışır.  Avro-2016-dan sonra komandanın baş məşqçisi odur və uğuru göz önündədir. Oyunçularının adı “son”la qurtaran bu milli komanda mundialda çox komandanın sonunu gətirə bilər. 

 

Qapıçılar: Hannes Tor Haldorsson (“Ranners”, Danimarka), Runar Runarsson (“Norşelland”, Danimarka), Frederik Şram (“Roskille”, Danimarka)

Müdafiəçilər: Ari Skulason (“Lokeren”, Belçika), Herdur Maqnusson (“Bristol Siti”, İngiltərə), Holmar Eyolfsson (“Levski”, Bolqarıstan), Kari Arnason (“Aberdin”, Şotlandiya), Sverrir İnqason (“Rostov”, Rusiya), Raqnar Siqurdsson (“Rostov”, Rusiya), Samuel Fridyonsson (“Volerenqa”, Norveç), Birkir Sevarsson (“Valür”)

Yarımmüdafiəçilər: Yohan Qudmunsson (“Börnli”, İngiltərə), Arnor Traustason (“Malmö”, İsveç), Aron Eynar Qunnarsson (“Kardiff Siti”, Uels), Olafur Skulason (“Karabükspor”, Türkiyə), Gilfi Siqurdsson (“Everton”, İngiltərə), Emil Halfredsson (“Udineze”, İtaliya), Birkir Byarnason (“Aston Villa”, İngiltərə), Rürik Gislason (“Zandhauzen”, Almaniya)

Hücumçular: Byorn Siqurdarson (“Rostov”, Rusiya), Alfred Finnaboqason (“Auqsburq”, Almaniya), Yon Bedvarsson (“Redinq”, İngiltərə), Albert Qudmunsson (PSV, Hollandiya)

 

Xorvatiyanın  beşinci sınağı

 

Xorvatiya beşinci dəfədir dünya çempionatına qatılsa da, özünü çox tez tanıda və rəqiblərinin gözünü qorxuda bilib. Əlbəttə ki, güclü oyunçuları sayəsində. Dünya çempionatlarında ilk dəfə 1998-ci ildə iştirakçı olan Xorvatiya millisi üçüncülük əldə etdi.

 

  2002, 2006, 2014-cü illər isə Xorvatiya üçün uğursuz hesab oluna bilər. Belə ki, seçmə mərhələdə əvvəl 6 oyunda 5 qalibiyyət(yalnız Türkiyə ilə heç-heçə etdi) alan Xorvatiya, ikinci dövrədə büdrədi.  İslandiya və Türkiyəyə məğlubiyyət, Finlandiya ilə oyunda vacib xal itkisi baş məşqçi Ante Çaçiçin istefası ilə nəticələndi.

 

Zlatan Daliç baş məşqçi olan zaman komanda Ukraynanı məğlub edərək daha bir oyun şansı qazandı. Pley-off mərhələsində isə Xorvatiya Yunanıstana heç bir şans tanımadı. İlk oyunda 4:1 qalib gələn Xorvatiya  Afinada heç-heçəyə razılaşdı. Zlatko Daliç Rusiyada bu futbolçulara güvənəcək:

 

Qapıçılar: Daniel Subaşiç (“Monako”), Lovre Kaliniç (“Gent”), Dominik Livakoviç (“Dinamo”, Zaqreb)

Müdafiəçilər: Vedran Çorluka (“Lokomotiv”, Moskva), Domqaoy Vida (“Beşiktaş”), İvan Striniç (“Sampdoriya”), Deyan Lovren (“Liverpul”), Şime Vrsalko (“Atletiko”), Yosip Pivariç (“Dinamo”, Kiyev), Tin Yedvay (“Bayer”), Due Çaleta-Sar (“Zalsburq”)

Yarımmüdafiəçilər: Luka Modriç, Mateo Kovaçiç (hər ikisi “Real”), İvan Rakitiç (“Barselona”), Milan Badel (“Fiorentina”), Marselo Brozoviç (“İnter”), Filip Bradariç (“Riyeka”)

Hücumçular: Mario Mandjukiç (“Yuventus”), İvan Perişiç (“İnter”), Nikola Kaliniç (“Milan”), Andrey Kramariç (“Hoffenxaym”), Marko Pyatsa (“Şalke”), Ante Rebiç (“Ayntraxt”).

 

Nigeriya “ölü” olmayacaq

 

Afrika təmsilçisi Nigeriya dünya çempionatlarında altıncı dəfədir ki, iştirak edəcək.  Bu komandanın  iddialı olduğunu göstərdiyi nəticələr də təsdiqləyir. Belə ki, 1994, 1998 və 2014-cü illər mundialında qrup mərhələsi səddini aşa bilib. 2002-ci ildə Nigeriya yenə də “ölüm qrupu”na düşmüşdü.

 

Onların rəqibləri Argentina, İngiltərə və İsveç idi. Argentina və İsveçə minimal hesabla uduzan nigeriyalılar  İngiltərə ilə heç-heçə etdi. Bundan sonra komandada yaranmış krizisə görə 2006-cı il mundialına qatıla bilmədi. 2010-cu ildə isə qrupdan çıxa bilmədilər. 2014-cü ildə özünə gələn afrikalılar 1/8-i adlaya bildilər. Burada isə onların yolunu Fransa kəsdi.

 

Seçmə mərhələdə Nigeriya öz qrupunda lider oldu və Afrika qitəsindən Rusiyaya ilk vəsiqəni qazandılar.  Komanda Kamerunu qabaqlayaraq 4 oyunda qalib gəldi. Sonuncu turda Əlcəzairlə heç-heçə edən komandanın nəticəsi ləğv edildi və Nigeriyaya texniki məğlubiyyət verildi. Buna səbəb isə oyuna cəzalı futbolçunun çıxması idi.

 

Afrikanın  Qabon, Niger və Burkina Faso kimi “beşinci” sort komandaları ilə çalışan  alman Qerhot Ror “Bordo” və “Ayntraxt”da  idman direktoru işləyib. 2016-cı ilin ortalardan isə  Nigeriya millisini çalışdırır. 

 

Qapıçılar: İkeçukvu (“Enimba”), Uzoxo (“Deportivo”), Akpeyi (“Çippa Yunayted”)

Müdafiəçilər: Şeku (“Bursaspor”), Ebuexi (“ADO Den Haaq”), Eçicile (“Serkl Brügge”), İdovu (“Amkar”), Avazyem Kollins (“Nant”), Trost-Ekonq (“Bursaspor”), Baloqun (“Maynts”), Omeru (“Kasımpaşa”)

Yarımmüdafiəçilər: Con Obi Mikel (“Tyançin Teda”), Onazi (“Trabzonspor”), Ndidi (“Lester”), Etebo (“Las Palmas”), Oqu (“Hapoel”, Bierşava), Coel Obi (“Torino”)

Hücumçular: Musa, İhenaçço (hər ikisi “Lester”), Mozes (“Çelsi”), İqalo (“Çançun Yatay”), Ayobi (“Arsenal”), Nvankvo (“Krotone”)

 

Nazim SABİROĞLU,

Tarix: 14 İyun 15:00    Oxunub: 383    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.