F qrupu: “Alman maşını”nın qarşısında kimlər var?

İyunun 14-də Rusiyada başlayacaq XXI dünya çempionatda F qrupu da maraq doğurur.

 

Səbəb sadədi: sonuncu dünya çempionu Almaniya məhz bu qrupda üç maraqlı komanda ilə mübarizə aparacaq. 

 

F Qrupu: Almaniya, Meksika, İsveç, Cənubi Koreya.

 

Alman maşını

 

Almaniya bu mundialda da şübhəsiz ki, favoritlər sırasında göstərilir. Almaniya seçmə mərhələdə Azərbaycanla bir qrupda oynayırdı. 10 təsnifat oyununda almanlar kiməsə şans vermədi və bütün xalları(30 xal) aktivinə yazdırdı. Azərbaycan hər iki oyunda almanlara uduzsa da, Dmitri Nazarov Bakıda keçirilən oyunda tarixə düşdü. Belə ki, həmin oyunadək Almaniya 9 ay idi qapısından top buraxmırdı. Bunu elə-belə mundialı kənardan izləyən Azərbaycan millisinə motivasiya olsun deyə xatırlatdıq.

 

Almaniya 19-cu dəfədir ki, mundialda iştirak edir. 1954, 1974, 1990, 2014-cü ildə dünya kubokunu başı üzərinə qaldıran Almaniya millisi son illər əvvəlki kimi qarşısına keçəni əzən “təhlükəli maşın” deyil. Bunun əsas səbəbi isə komandanın daima yenilənməsidir. Almaniyanın heyətində “qoca”lar var, onları bu mundialda da görəcəyik. Amma komanda daima gənc istedadlar axtarışında olduğu üçün tam oturuşa da bilmir. Avstriya ilə son yoldaşlıq görüşündəki 1:2 hesablı məğlubiyyət də buna sübut ola bilər. Noyerin zədədən sonra yenidən milli komandaya qayıtması almanlar üçün əlavə stimuldur, amma...

 

Rusiya mediası acıqla yazır ki, Yoahim Lövün komandası Rusiyadan da pis oynadı. Bu isə mundial öncəsi SOS siqnalı ola bilər.  Lövün rəhbərliyi altında almanlar ciddi uğurlara imza atıb. Almanlar 2014-cü ildə dünya çempionatının, 2017-ci ildə isə Konfederasiyalar kubokunun qalibi oldu.

 

 Almaniya millisi Rusiyada fərqli başlayacaq, getdikcə güclənəcək və... Bütün çempionatlarda Almaniya adətən belə oynayır. Amma bu dəfə almanlar tez büdrəyə bilərlər. “Bundestim”in bu mundialda  ardıcıl ikinci çempionluğunu qazana biləcəyi mənə problemli görünür. Bu da olsun çempionatla bağlı ilk proqnoz...

 

Almaniya mundiala bu heyətlə gəlir:

Qapıçılar: Kevin Trapp (“PSJ”), Manuel Noyer (“Bavariya”), Mark-Andre ter Stegen (“Barselona”)

Müdafiəçilər: Jerom Boatenq, Mats Hummels, Niklas Zyule, Yozua Kimmix (hamısı “Bavariya”), Mattias Qinter (“Borussiya” Münhenqladbax), Yonas Hektor (“Köln”), Marvin Plattenxardt (“Herta”), Antonio Rüdiqer (“Çelsi”)

Yarımmüdafiəçilər: Yulian Brandt (“Bayer”), Yulian Draksler (PSJ), İlkay Gündoğan (“Mançester Siti”), Sami Xedira (“Yuventus”), Toni Kroos (“Real”), Sebastyan Rudi, Leon Qoretska, (“Bavariya”), Məsut Özil (“Arsenal”)

Hücumçular: Mario Qomes (“Ştutqart”), Marko Roys (“Borussiya” Dortmund), Tomas Müller (“Bavariya”), Timo Verner (“Leyptsiq”)

 

Meksika-ardıcıl yeddinci mundial

 

Meksika da dünya çempionatlarında təcrübəli komandalardan biridir. Onlar da artıq 16-cı dəfədir ki, dünya birinciliyində güclərini sınayacaqlar. Meksika yalnız iki dəfə -1970 və 1986-cı ildə 1/4 finala qədər irəliləyib. Amma son 6 mundialda da heç vaxt qrupda qalmayıb.

 

Meksikanın artıq yeddinci dəfədir mundiala fasiləsiz vəsiqə qazanması(1994, 1998, 2002, 2006, 2010, 2014) hər şeyi deyir. Meksika yalnız Braziliya mundialı istisna olmaqla heç vaxt vəsiqəni təmin etməkdə özünü çətinə salmayıb. Elə bu seçmə mərhələdə də 10 oyunun 6-da qalib gələn, yalnız bir oyunda uduzan Meksika millisi 21 xal toplayaraq qrup lideri olub.

 

Meksika belə bir komandadlır və bu qrupda ikincilik uğrunda mübarizədə onlar da var. Komandanı dünya birinciliyinə 56 yaşlı Xuan Karlos Osorio hazırlayıb. Avropa klublarında da təcrübə toplamış baş məşqçi mundialda böyük uğurlara imza atmağa iddialıdır.

 

İtaliyanın arzusunu gözündə qoyanlar - İsveç millisi

 

İsveç milli komandası 12-ci dəfə DÇ gücünü sınayacaq. Dünya çempionatlarında təcrübəli komanda hesab olunsa da, ən ciddi uğuru ötən əsrdə - 1958-ci il mundialında ikincilik olub. İsveçə qarşı içimdə bir qırğınlıq olduğunu gizlədə bilmirəm, İtaliyanı pley-offda onlar mundialdan kənarda qoydular axı...

 

Bu mundiala vəsiqə onların halalıdır, Yan Anderssonun rəhbərliyi altında İsveç yığması Rusiyada daha yaxşı nəticələr göstərə bilər. Amma İtaliyasız dünya çempionatının bir az dadı qaçmış kimi olur. Nə etmək olar, “özü yıxılan ağlamaz”, deyiblər. İtaliya bu mundiala gəlsəydi belə, yenə məyus dönəcəkdilər. O komanda da nəsil dəyişikliyinə çox ehtiyac var.

 

Yeri gəlmişkən, təəssüf ki, İsveç futbolunun əfsanəvi siması olan Zlatan İbrahimoviç millidə karyerasına son qoyması səbəbindən mundialda oynamayacaq. Yan Anderssonun mundialda güvənəcəyi heyət belədir:

 

Qapıçılar: Robin Olsen (“Kopenhagen”, Danimarka), Karl Yohan Yonssen (“Genqam”, Fransa), Kristoffer Nordfeldt (“Suonsi Siti”, Uels);

Müdafiəçilər: Mikael Lustiq (“Seltik”, Şotlandiya), Viktor Lindelef (“Mançester Yunayted”, İngiltərə), Andreas Qrankvist (“Krasnodar”, Rusiya), Lyudviq Auqustinsson (“Verder”, Almaniya), Emil Kraft, Filip Helander (hər ikisi “Bolonya”, İtaliya), Pontus Yansson (“Lids”, İngiltərə), Martin Olsson (“Suonsi Siti”, Uels);

Yarımmüdafiəçilər: Emil Forsberq (“Leytpsiq”, Almaniya), Viktor Klasson (“Krasnodar”, Rusiya), Albin Ekdal (“Hamburq”, Almaniya), Sebastyan Larsson (“Hall Siti”, İngiltərə), Cimmi Durmaz (“Tuluza”, Fransa), Markus Roden (“Krotone”, İtaliya), Oskar Hilyemark (“Cenoa”, İtaliya), Qustav Svensson (“Sietl”, ABŞ);

Hücumçular: Ola Toyvonen (“Tuluza”, Fransa), Markus Berq (“Əl-Əyn”, BƏƏ), Yon Qvidetti (“Alaves”, İspaniya), İsaak Kise Telin (“Vasland-Beveren”, Belçika).

 

Cənubi Koreyaya autsayderdi deyirlər...

 

Seçmə mərhələ Cənubi Koreya üçün o qədər də asan olmayıb. A qrupunda İranla birinci yer uğrunda mübarizə aparan Cənubi Koreya millisi yalnız 15 xal toplayaraq bu qrupda ikinci vəsiqəni əldə etdilər. Koreya 10-cu dəfədir ki, dünya çempionatı iştirakçıları sırasına düşüb. Ardıcıl 7-ci dəfədir ki, mundialda iştiak edəcəklər. 2002-ci ildə öz ölkələrində keçirilən mundialda yarımfinaladək irəliləsələr də, bundan o yana keçə bilməyiblər.

 

Bu dəfə də proqnozlar nikbin deyil, cənubluların qrup mərhələsində evə dönəcəkləri deyilir. Komandanı 2017-ci ildən Sin Txe Yön çalışdırır. Sin Txe 20 yaşadək futbolçulardan ibarət yığma komandadan əsas komandaya “transfer” olunub.

 

Qapıçılar: Kim Sin Qyu (“Vissel Kobe”), Kim Çjin Xen (“Sereso Osaka”), Ço Xyun Yu (“Tequ”)

Müdafiəçilər: Kim Yen Qvon (“Xuançjou Everqrand”), Çan Xen Su (“Tokio”), Çon Sin Xen (“Saqan Tosu”), Yun Yen Son (“Sonnam”), Kvon Ken Von (“Tyançzin Çyuançzyan”), O Ban Suk (“Çedju Yunayted”), Kim Cin Su (“Çonbuk”), Kim Min Yu (“Sandji Sanmu”), Pak Çu Xo (“Ulsan Xende”), Xon Çul (“Sandju Sanmu”), Ko Ye Xan (“Seul”), Li Yen (“Çedju Yunayted”)

Yarımmüdafiəçilər: Ki Son Yen (“Suonsi”), Çon U Yen (“Vissel Kobe”), Kvon Çxan Xun (“Dijon”), Çu Se Djon (“Asan Muqunxua”), Ku Ca Çxol (“Auqsburq”), Li Co Son (“Çonbuk”), Li Sin U (“Verona”), Mun Son Min (“İnçxon Yunayted”), Li Çun Yun (“Kristal Pelas”)

Hücumçular: Kim Sin Uk (“Çonbuk”), Son Xin Min (“Tottenhem”), Xvan Xi Çxan (“Zalsburq”), Li Qin Xo (“Kanvon”)

 

“Rusiya-2018"ə Azərbaycan milli komandası vəsiqə qazana bilmədi, Türkiyə də mundialdan kənarda qaldı, azərbaycanlıların son ümid yeri Ukrayna da çempionata düşmək istəmədi...

 

Nazim SABİROĞLU

Tarix: 14 İyun 13:24    Oxunub: 194    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.