Bu, millimizdə hələ də yox səviyyəsindədi

Postsovet respublikaları ilə 3 duel.

 

Biri Bakıda, ikisi Bakıdan xeyli uzaqda. Astana və Riqada.

 

Bakı və Riqada qazandıq. İkisini də 3 qolla. Daha bir 3 qol isə Astanada qeydə alındı. Bu dəfə əleyhimizə.


Qurban Qurbanov bu toplanışa 27 futbolçu dəvət etmişdi. Yalnız Riçard Almeyda zədə ucbatından heyətdən uzaqlaşdırılmışdısa, Qurbanov baş tutan 3 qarşılaşmada 23 oyunçuya şans verib.


Çalışdırıcı həm Qırğızıstan (3:0), həm Qazaxıstan (0:3), həm də Latviya (3:1) ilə qarşılaşmalarda 11 nəfərə meydana çıxmaq imkanı verib. Onlardan Araz Abdullayev, Maksim Medvedev, Qara Qarayev və Ruslan Abışov hər 3 qarşılaşmada start heyətində yer alıb.

 

Meydanda olduğu dəqiqə sayı baxımından Qurbanovun ən çox güvəndiyi futbolçu Qara olub. 2 matçı əvəzedilmədən keçirən “Qarabağ”ın yarımmüdafiəçisi yalnız Qırğızıstanla oyunun sonuna 11 dəqiqə qalmış kənara çəkilib.

 

Maksim 2, Arazla Ruslan isə 1 matçda başdan sona qədər meydanda olub. Hər 3 qarşılaşmanın iştirakçılarından Coşqun Diniyev və Rahil Məmmədov heç birində ilk “onbirlik”də yer almayıb.


Bu qarşılaşmalarda qəribə də olsa, millimizin ən məhsuldar oyunçusu müdafiəçi Maksim Medvedev olub.

 

Mərkəz müdafiəçisi qismində çıxış edən “Qarabağ”ın üzvü Qırğızıstan və Latviya ilə görüşlərdə hesabı açmaqla, qələbənin təməlini qoyub. Ürfan Abbasov, Cavid İmamverdiyev, Mahir Mədətov və Emin Mahmudov isə hərəyə 1 dəfə fərqləniblər.


Qurbanov cəmi 3 futbolçuya oynamaq imkanı verməyib. Bunlar Anar Nəzirov, Ufuk Budak və Slavik Alxasovdu. İlk iki oyunçu hər 3 görüşdə ehtiyatda qalıbsa, Slavik cəmi 1 qarşılaşmanın iştirak ərizəsinə düşüb.

 

Son iki oyunda yalnız rəqiblərin mövcud səviyyəsi nəticələri müəyyən etdi. Komandamızın arxa xətdə tam bərbad oyun səviyyəsi hələ də davam edir.

 

Əvvəlki illərdən fərqli olaraq orta xətdə nisbətən irəliləyiş var. Ön xətdə isə həlledici zərbə anlayışı yenə yoxa çıxıb.


Əgər qazaxlar komandamıza lap əvvəldən şans vermədilərsə, latviyalılar əvvəldən oyunu rəqibə verilən təşəbbüs üzərində qurub yanıldılar. Millimizdə hələ də oyun quruculuğu yox səviyyəsindədi.

 

Bu kollektivin nə üçün meydana çıxdığını tez-tez dəyişən mənzərə ilə anlamaq olmur. Komandanın vahid oyun prinsipi, konkret seçimi, qarşılaşma üçün məqsəd və məramı hələ də bilinmir. Məşqçi əlinin zəif görünməsi ilə yanaşı, hələ heyətlə bağlı problemlər də var.

 

Üstəlik, əldə olan futbolçuların da hər birinin oyun tərzi, fərdi keyfiyyətləri tam öyrənilməyib. Belə klub futbolu təfəkkürü məşqçi korpusunun əsas maneəsidi.

 

Hər halda yaxın vaxtlarda hədəflər bəlli olmasa, qarşıdakı rəsmi matçlar seriyasında komanda böyük çətinliklərlə üz-üzə qalacaq.


SPORTİNFO.AZ

Tarix: 13 İyun 19:48    Oxunub: 469    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.