"NEFTÇİ"nin "kinder SÜRPRİZ"i

«Neftçi» gətirdi.

 

Tərlan Əhmədovla müqaviləni uzatmayan klub sükanı italyana – Roberto Bordinə tapşırdı.

 

«Qarabağ» ötən yay Çempionlar Liqasının təsnifat mərhələsində «Şerif»lə qarşılaşmasaydı, yəqin ki, bir çoxumuz bu adı ilk dəfə duyacaqdıq. «Şerif» bu cütdə Azərbaycan çempionuna uduzsa və beləliklə,

 

Bordin Qurban Qurbanovun gerisinə düşmüş birisi kimi yaddaşlarda qalsa da, şübhə etmirəm ki, artıq Azərbaycanın klub futbolunda yeni bir dönəm başlayıb.

 

İntriqa müəyyən qədər qızışacaq. Hər halda Qurbanov ÇL-dakı həmin oyunları hafizəsinin bir parçasına yazmamış deyil və hökmən təsirlənib. 

 

Bordinin gələcəyi kimi, görəcəyi də var, heç şübhəsiz. «Bu məsuliyyəti anlayır və üzərimə götürürəm» italyanın diqqətə alınması gərəkən ilk ifadəsidi. Bu, boş-boşuna söylənə bilməz.

 

Əlbəttə, Əhmədov ötən mövsüm mühüm işlər gördü, sönmüş, çökmüş, ölmüş komandanı bir yolla ayağa qaldırdı, iddialı duruma gətirdi və sonda Premyer Liqanın bürünc medalını qazandı. Bu gün də bu fikirdəyəm və sabah də bu fikirdə qalacam ki, Əhmədovun göndərilməsi səhv qərardı! Anormal xətaya yo verilib!

 

Əhmədovun başındakı məşqçi korpusu heç nəyə yaramasa da, özü bir orduya bərabər iş görmüşdü və minimum daha 1-2 il qalmağa haqq edirdi. Bu haqq, bu etimad ona göstərilməli idi. Sükançının dəyişməsinə hansısa «səbəb» tapanlar, təbii, Bordinə birdən-birə tavanı göstərə bilməz. O, italyandı, ilk növbədə müdafiə olunmağı öyrənib.

 

Böyük klublarda çalışmağa başlayan məşqçilərin krediti minmum 1 ildi. Kimliyindən asılı olmayaraq, kim görəvə alındısa, bu müddəti tamamlamalıdı. Əhmədovla medal qazanmağın sevincini yaşamış «Neftçi» azarkeşinin Bordinə münasibəti həlledicidi. Yeni baş məşqçi köhnə komandanın «bürünc»ünün üstünə çıxmasa, yaxud avrokuboklarda o səviyyəni yaxalamasa, «mən sənə qurban» deməyəcək. Əsla deməyəcək!

 

Əhmədovun «fatihə»sini verənlər bunu da göz altına alsınlar ki, Bordin gəlibsə, nəticələr ölkədaxili parametrlərlə məqbul sayılmayacaq. Ölçü avro-meydanla götürüləcək və hesablanacaq. 8 klubluq bit-birə basmış, naftalan iyi verən çempionatın medalçısı olmaq Əhmədovu xilas etmədisə, italyan sələfini, sadəcə, Biləcəridən o yanda quraşdırılmış tablo qurtara bilər. Təbii, əgər həmin tabloda rəqəmlər «Neftçi»sevərlərin ürəyini dağa döndərəcəksə. 


Yeni baş məşqçi bura Moldovadan - postsovet respublikasından təşrif buyurub. «Neftçi» baş məşqçi karyerasının 3-cü səhnəsidi. 2005-ci ildə futbolçu karyerasını bitirən Bordin elə həmin il məşqçiliyə başlayıb.

 

İtaliyanın “Bolonya” (2005-2006), “Padova” (2006-2007), “Ellas Verona” (2007, 2010-2015), “Sassuolo” (2008-2009), Rumıniyanın ÇFR (2009-2010) klublarında məşqçi, İtaliyanın “Triestina” (2016) və Moldovanın “Şerif” (2016-2018) komandalarında baş məşqçi vəzifəsində çalışıb.


2010-cu ildə Rumıniya çempionu olub. 2016 - 2018-ci illərdə çalışdığı “Şerif” onun rəhbərliyi altında Moldova çempionatının (2016/2017, 2017), kubokunun (2016/2017) və Superkubokunun (2017) qalibi olub.


2017-ci ildə komandanı Avropa Liqasının qrup mərhələsinə çıxarıb. O, aprelin 24-də ailə vəziyyəti ilə əlaqədar "Şerif"dən istefa verib. Məşqçi kimi 2018-ci ildə İtaliya Futbol Federasiyasının qərarı ilə “Qızıl skamya” mükafatına layiq görülüb.


İlk təəssürat, adətən, aldadıcıdı. Bordini yaxından tanımaq fürsəti bundan sonra çox olacaq. Ona görə də uğursuzluğa düçar olacağını iddia edənlərin partiyasına üzv yazılmağa tələsmirəm.

 

Sözsüz, o, bura puldan, qazanmaqdan ötrü gəlib. Buna təəccüblə yanaşmağın özü gülməlidi. Adam ölkəsini atıb gəlibsə, əlbəttə, «Neftçi»nin qara qaşına, qara gözünə aşiq olmayıb.

 

Söz yox, aldığı kimi, qarşılığını da verməlidi. Odu ki, Bordini hələlik «kinder sürpriz» hesab edək. 


Xəzər Hikmət

Tarix: 10 İyun 13:46    Oxunub: 956    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.