"Sumqayıt" Süleymanovu gətirməklə qazandı, yoxsa..?

Nazim Süleymanov 2 ildən artıq idi işləmirdi.

 

Bu boşluğu «Sumqayıt»da dolduracaq.

 

Ən azından çalışacaq. Çünki imzaladığı müqavilənin müddət qrafasında 2 yazılıb.


İstəkli və iştahlıdı. Ağır bir yükün altına girib. Sözsüz, fərqindədi. 20-yə yaxın həmkarı arasından seçiblər onu. Bir günün içində təyinat alıbsa da, bu sürəc bir xeyli çəkdi. Klubu idarə edənlərə günlərlə fikirləşmək yetmədi. Həftələri getdi bu məsələyə.


Asan görünməsin. Samir Abasovdan sonra görəvə gəlmək zorun zorudu. «Sumqayıt» 7 ildi mövcud olsa da, ən yaxşı periodu Abasovla yaxalayıb və indi o, yoxdu, amma klub var, yerindədi.

 

Hamının bir gözü Süleymanovda olacaq irəliləyən müddətdə. Nə edəcək, nə etməyəcək deyə. Təzyiqlərlə üzləşəcək: istər medianın, istər Sumqayıt azarkeşinin. Abasovu sevmiş, onunla özgürləşmiş bir camiənin daha bir eloğlusunu – Sumqayıt futbolunun şinelindən çıxmış Süleymanovu qəbul etməsi bir qədər zaman alacaq.

 

Bu iş ad-sanla, keçmişlə olmaz. Dünənə görə sağ ol, görüm, bu gün nəyə qadirsən! Süleymanovu onu qarabaqara izləyəcək bu sualın cavabını sabaha saxlayacaq. Axı yeni gəlib və hazırkı «Sumqayıt» 1 ay əvvəlki «Sumqayıt» deyil.

 

Düşərgəni tərk edənlər əsas heyət üzvləridi və onların yerini doldurmaq bir problemdisə, yenilərin adaptasiya prosesini sürətləndirmək ikinci, onları özünün futbol fəlsəfəsinə uyğunlaşdırmaq üçüncü problemdi. Bu klubda problem sayılmayacaq nəsə varsa, o da maliyyə təminatıdı.

 

«Sumqayıt» bəlli bir büdcə ilə hərəkət edən, planlarını onun əsasında quran və ən əsası, bu sarıdan sabitliyi möhkəm komandadı. Burda çox para yox, amma düzgündük və dəqiqlik var. Beşdisə, beş. Ondusa, on. Vaxtlı-vaxtında. Bank kartını götür, pulunu çək və get. Sistem son illər bu cür oturuşub və günümüzdə də belədi.


«Sumqayıt» 2 mövsümdü avrokuboklara vəsiqə mücadiləsi verir. Gəlib-gəlib, son anda büdrəmək mərəzinə mübtəla olublar. Abasovla uzun bir çıxış yaxalayan komandanın özəyi artıq dağılmaq üzrədi, Süleymanov isə qitə arenasına çıxış qapılarının tamamilə üzlərinə bağlanmadığını, yenə bu yol və iddiayla növbəti sezona start verəcəklərini iddia edib. Olsun!

 

Süleymanov fərd və məşqçi olaraq buna hazırdısa, özünü o gücdə görürsə, çox gözəl! Avazının yaxşı gəlməsinə görə mən onu qınamıram. İşsizliyin daşını atmış bir mütəxəssis əlini kluba ilişdiribsə, demək ki, nələrsə vəd edib və sabah deyə bilmərəm, ancaq bu gün sözünü geri götürə bilməz. O, Abasovun gedişiylə məyusluq yaşayan camiəni özünə gətirmək, heç olmasa, ruhlandırmaq üçün elə belə də danışmalı, iddialı açıqlamalarla həmin güvən hissini geri qaytarmağa çalışmalıdı.


Abasov ayrılıq nəğməsini sifariş edəndə, «bu iş yalnız yerli futbolçularla mümkün deyil, onların potensialı birbaşa avrokuboklara vəsiqə qazanmağa çatmır» bəyanatıyla diqqətləri özünə çəkmişdi. Süleymanov strategiyası dəyişməyən, yerlilərlə, daha doğrusu, cibində Azərbaycan pasportu daşıyan futbolçularla çiyin-çiyinə çalışacağını bildiyi halda, özündən əvvəlki baş məşqçidən daha artıq iş ortaya qoyacağını söyləyirsə… Açığı, dumanlı perspektiv kimi gəlir mənə.


«Sumqayıt» sabitlik adasının sakinidi. İstərdim uzunömürlü olsun, başına bir bəla gəlməsin. İnfrastruktur olaraq böyüyən və dəyişən bir yapı içindədi. Futbolçuluq keçmişinə boylanıb, dəstəkləmək olar Süleymanovu. Butsını mıxdan asmadığı o illərdə Azərbaycan adına böyük işlər görüb Rusiyada. Bu, onun oyunçu kimliyidi.

 

Məşqçi Süleymanov bir qədər fərqlidi. O Süleymanovu bu Süleymanova tay tutarsaq, gözünün içinə baxaraq yalan danışmış olarıq. Xarakteri təzadlıdı və bu, bir çox hallarda çalışdığı əvvəlki klublarda onu dalana dirəyib, çıxılmaza soxub. Düzlərini və yanlışlarını müəyyənləşdirmək, hansının tərəzidə daha ağır basdığını bilmək günü bu gün deyil.

 

Müqaviləyə yeni qol çəkib, xeyirli-uğurlu, bərəkətli olmasını təmənnə elək. İki il bir igidin ömrüdü və inanaq ki, klubları avtomobili kimi tez-tez dəyişməyə alışmış Nazim bəy bu 2 ildə doğrularını və səhvlərini dönə-dönə analiz edib, nəticə çıxarıb. Bu, özü üçün də vacibdi, futbolumuz üçün də. Məşqçi Süleymanovun futbolçu Süleymanovu bir daha xərcləməməsi mənaısnda.


VÜQAR

Tarix: 9 İyun 18:00    Oxunub: 349    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2018
24 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.