"Divizion bataqlıqdı, təklifi olan gəlib burda işləməz"

Sportinfo.az “Turan Tovuz”ın icraçı direktoru Nadir Nəbiyevin müsahibəsini təqdim edir:

 

Ötən mövsümün gedişində I divizionda danışılmış oyunlarla bağlı çox söz-söhbət gəzdi, araşdırmalar aparıldı. Aşağı liqada vəziyyət, həqiqətən də, ürəkaçan deyil?

- Əvvəla deyim ki, I divizion bataqlıqdı. Təklifi olan istər rəhbər, istər məşqçi, istərsə də futbolçu gəlib burda işləməz. Hətta elə futbolçular var ki, Premyer Liqada pulsuz oynamağa razıdılar, yetər ki, I diviziona gəlməsinlər. Əksəriyyət əlacsızlıqdan aşağı liqada çıxış edir.

 

Məlumdu ki, I divizionda futbolçuların maaşı çox aşağıdı. Bəlkə elə bu amil onları oyun satmağa vadar edir?

- Ola bilər. Ümumiyyətlə, mənəviyyatını itirən insan üçün maaşın yüksək olub-olmaması önəmli deyil. Əgər pis yolun yolçusudusa, pulu olsa da, olmasa da, bu şərəfsizliyə əl atacaq. Mən bunu pulla əlaqələndirmirəm. Elə futbolçular tanıyıram ki, acından ölər, bu yola düşməzlər. Bəlkə də, kimsə I diviziona biznes, qazanc gözü ilə baxır, bunu deyə bilmərəm.

 

Tovuz futbol məktəbi artıq əvvəlki kimi oyunçu da yetişdirə bilmir...

- 2016-17 mövsümünün çempionu olsaq da, Premyer Liqaya çıxa bilmədik. Halbuki, maliyyədən başqa bütün sənədlər qaydasında idi. Artıq ötən çempionatın əvvəlində fikirləşdik ki, çempion olsaq da, yüksəlmirik, heç olmasa aşağı yaş qrupundan uşaqlar götürüb yetişdirək. Nəticədə 4-5 nəfər futbola qazandıra bildik. Əvvəllər “Turan”dan hər il digər klublara futbolçu keçirdi. Bir ildə 2-3 oyunçu başqa komandaya keçəndə, deyirdik ki, futbolçu yetişdirə bilməmişik. Ancaq baxaq görək, son illər vəziyyət necədi? Burdan çıxan axırıncı oyunçular Cavid Tağıyev və Amil Yunanov olub. Biz 17 yaşlı futbolçunu komandada saxlaya bilmirik. Kimisi əsgərliyə gedir, kimisi universitetdə oxumağı üstün tutur. O uşaqların içindən 1-2 nəfəri futbolda saxlayanda, bunu uğur sayırıq. Çalışırıq onları digər klublara təklif edək ki, itib-batmasınlar.

 

Bu mövsüm “Sabah” Premyer Liqaya yüksəldi, “Kəpəz” isə elitanı tərk etdi. Premyer Liqada cəmi 1 elita klubunun (“Qəbələ”) olması bölgələrdə futbolu “öldürməyəcək”?

- Buna münasibətim heç də yaxşı deyil. Əvvəllər I divizionda hamı çempion olub, Premyer Liqaya çıxmağa çalışırdı. Artıq bunun marağı yoxdu. Bir neçə il əvvəl hamı deyirdi ki, Gəncədən futbolçu çıxmır. Axı çıxa da bilməzdi. Çünki I divizion geriyə atılmış addımdı. Bu liqadakı komanda deyə bilər ki, infrastruktura, uşaq futboluna önəm verirəm. Amma “Kəpəz”də yenicə futbolçular üzə çıxmağa başlayırdı ki, komanda elitanı tərk etdi. Adicə bir misal çəkim. 2-3 il əvvəl aşağı yaş qrupu komandalarımız “Kəpəz”dəki həmkarlarını asanlıqla məğlub edirdilər. Amma Gəncə klubu Premyer Liqaya çıxdıqdan sonra onlara qarşı çox əziyyət çəkməyə başladıq. Bizim uşaqlar da artıq ora getməyə can atırdılar. Əminəm ki, yenidən həmin rayonda futbol geriyə gedəcək. Heç kim I divizionda inkişaf gözləməsin. Valideynlər uşaqları futbola qoymurlar. Deyirlər ki, çempion oldunuz, Premyer Liqaya yüksəlmədiniz, perspektiv yoxdusa, uşağımın futbolda nə işi var? Elə perspektivli uşaqlar var ki, onların məşqə gəlmələri üçün həftənin 5 günü valideynlərlə söhbət edirik. Onları da başa düşürük. Deyirlər ki, futbolun sabahı yoxdu, ondansa uşağım gedib təhsil alsın. Bu problem təkcə bizdə yox, bütün komandalarda var. I divizionda komandalar, sadəcə, yaşayırlar.

 

Topaz Premyer Liqasındakı mübarizəni də yəqin ki, izləyirdiniz. Çempionatın səviyyəsinin ildən-ilə aşağı düşdüyünü söyləmək olarmı?

- Bəli, çempionatın səviyyəsi çox aşağı düşüb, azarkeşlərin marağı azalıb. Lider komandaların oyununa 2000 azarkeş gəlmir. Amma ötən il bizim Premyer Liqaya yüksəlmək ehtimalımız yarananda məşqlərimizə 500-600, oyunlarımıza isə ən azı 3000 azarkeş gəlirdi. Futbolun inkişafı üçün bölgə komandalarının yüksək liqada olması vacibdi.

 

İstər asanlıqla çempion olan “Qarabağ”, istərsə də “Qəbələ”, “Neftçi” və “Keşlə”dən avrokuboklarda nə gözləmək olar?

- “Qarabağ”ın asan çempion olması bu komandanın özünə də ziyandı. Ötən il də gördük ki, “Qarabağ” ilk vaxtlar avrokuboklarda çətinlik çəkdi, müəyyən vaxtdan sonra yaxşı çıxış etməyə başladı. Bu dəfə qrupa düşmək çox çətin olacaq. Komandanı bir neçə aparıcı futbolçu tərk etdi. Son illər Azərbaycan klublarının qrupa qədər irəliləməsi adi hala çevrilmişdi. “Qarabağ”la yanaşı, “Qəbələ”nin də müəyyən Avropa təcrübəsi var. Çətin olsa da, onların yenidən həmin uğuru təkrarlaması mümkündü. “Neftçi” isə illərin komandasıdı. Yeni transferlərdən və püşkün nəticəsindən çox şey asılı olacaq.

 

“Neftçi”dən söz düşmüşkən, sabiq komandanızda mövsüm ərzində rəhbərliklə baş məşqçi arasında “müharibə” getdi. Köklü klubda belə halın yaşanması sizcə, nədən qaynaqlanır?

- Komandanın daxilində olan prosesləri biz dəqiq bilmirik. Mətbuatdan oxuduqlarımızdı. Amma nəticələrə baxanda komandanın gözlənilmədən 3-cü yeri tutduğunu görürük. Düzdü, burda rəqiblərin xal itirməsi də böyük rol oynadı. Məncə, “Neftçi”nin Avropa Liqasına vəsiqə qazanmasında məşqçilər korpusunun daha çox rolu oldu. Məncə, daxildə böyük problem olsaydı, komanda nəticə verə bilməzdi. Ümumi götürdükdə son illər “Neftçi”də tez-tez rəhbər və məşqçi dəyişiklikləri yaxşı hal deyil.

 

Hər halda komandaya bürünc medal qazandıran baş məşqçi ilə yolların ayrılması nə dərəcədə doğru addımdı?

- Tərlan Əhmədov böyük iş gördü, komandanı Avropa Liqasına yüksəltdi. Rəhbərliklə məşqçi nədəsə anlaşmaya bilər. Amma baş məşqçi səbəbsiz yerə yola salınıbsa, bu, haqsızlıqdı. Ancaq yenə deyirəm ki, mən “Neftçi”nin yalnız oyunlarına baxa bilirdim, daxildə yaşananlardan xəbərsiz idim.

 

Milli komandanın Qazaxıstanla dünən keçirdiyi yoldaşlıq görüşünü necə dəyərləndirərdiniz?

- Dünənki oyun bir daha göstərdi ki, yığma komandanın hələ də Rəşad Sadıqova ehtiyacı var. Rəşad millini tərk etmək istəyirdisə, heç olmasa daha 1 il oynamalı, yerinə yeni futbolçu yetişdirilməli idi. Dünən bir daha şahidi oldum ki, komandada lider yoxdu. Rəşad “Qarabağ”da daha bir il oynayacaqsa, mütləq milliyə də qayıtmalıdı.

 

Sentyabrda Millətlər Liqası start götürəcək. Sizcə, yığmamız həmin turnirdə nəyə ümid edə bilər?

- Mən indiki komandanı yığmanın əsas heyəti saymıram. Qurban Qurbanov hazırda seçim aparır. “Qarabağ” da əvvəllər belə idi. Komandanı qurmaq üçün baş məşqçiyə vaxt lazım oldu. Birdən-birə nəsə etməsini gözləmək doğru olmaz. Millimiz keçid dövründədi. Şəxsən mən hazırda heyətdə yer alan futbolçulardan bəzilərini gələcəkdə millidə görməyəcəyimi bilirəm. Elələri də var ki, Qazaxıstanla matça çağırılmasa da, əminəm ki, gələcəkdə dəvət olunacaq. Bilirsiniz, çempionatımızda komanda sayının azlığı milliyə də ciddi şəkildə təsir edir. Əvvəllər çempionatımızda klub çox idi, məşqçi düşünürdü ki, hansı futbolçunu çağırım? İndi isə fikirləşir ki, mən kimi çağırım? Fakt odu ki, futbolçu tapılmır, yox dərəcəsindədi, klublar yerli futbolçu tapmaqda çətinlik çəkirlər (apasport.az).

Tarix: 7 İyun 20:24    Oxunub: 645    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.