Qasımov: “İkinci yer bizim üçün ciddi uğur sayılmır”

Sportinfo.az xəbər verir ki, AFF-nın mətbuat xidmətinin budəfəki müsahibi İkinci Liqanın qalibi olan “Obolon”un üzvü Yaşar Qasımovdu.

 

Onunla qısa söhbət zamanı həm mövsümü dəyərləndirməyə, həm də planları öyrənməyə çalışdıq. 


Uzun müddət zirvədə qərarlaşdınız və sona qədər oradan enmədiniz. Mövsüm necə keçdi, hardasa büdrəmə oldumu? 
- Dünən və ya sragağün yaranmış komanda deyilik. Heyət üzvləri illərdi bir yerdə çıxış edir. Bir-birimizi yaxşı tanıyırıq. Təbii ki, məqsədsiz iş görmək mümkün deyil. Bizim də hədəfimiz zirvəyə yüksəlmək və sona qədər yerimizi heç kimə verməmək idi. Əsas problemimiz heyət üzvlərinin əksərinin yaşlı olmasıdı. Düzdü, nisbətən cavab oyunçularımız da var. Ancaq təcrbənin hesabına bunu əldə etməyi bacardıq. 
 

Hansı oyunlarda gərginliyi hiss etdiniz?
- Bu, daha çox çempionatın ortalarında hiss olundu. Həqiqətən güclü komandaların sayı artıb. Qış fasiləsinə qədər ancaq “Avanqard”la oyunda xal itirdik, ancaq qələbələri asanlıqla qazanmadıq. 
 

Birinci Liqada iki il ardıcıl çempion olduqdan sonra Yüksək Liqaya yollanacağınız gözlənilsə də, əks istiqamətdə hərəkət etdiniz. Son iki mövsümü İkinci Liqada keçirirsiniz və çempionluğu heç kimə vermirsiz. Niyə irəli yox, geriyə addım atdınız?
- Yüksək Liqada oynamaq bizim üçün çox çətin olardı. Orda “Araz”, EKOL, “Neftçi” kimi təcrübəli komandalar var. Ona görə İkinci Liqada oynamağa qərar verdik. Məşqlərimiz də oyunlarımız kimi keçir. Mehriban kollektivimiz var.
 

Belə çıxır ki, futzala olan həvəsiniz komandanın yaşamasını şərtləndirir?
- Komanda 12 ildi fəaliyyət göstərir və bu illər ərzində cəmi bir mövsümü mükafatsız qapamışıq. Qalan illərdə qızıl, gümüş, bürünc medallar qazanmışıq. Son 4 ili isə çempion kimi başa vurmuşuq. Heyət üzvlərinin həvəsli və mehriban kollektivimizin olması uğur qazanmağımızı şərtləndirən məqamdı. 
 

Bəs 12 ildə qazandığınız hansı mükafat daha əzizdi?
- Medallarımızın hamısı bizim üçün əzizdi. Çünki hər birini alın təri ilə qazanmışıq. Hər nə qədər heyətimizdə yaşlı oyunçular çox olsa da, ikinci yer bizim üçün ciddi uğur sayılmır. Mövsümə başlayanda da ancaq zirvə haqda düşünürük. Rəqiblərimiz arasında gənclərdən qurulmuş komandaların çox olması da bizi narahat etmir. Çünki lazımi məqamda toparlanmağı bacarırıq.
 

Növbəti mövsümdə hansı liqada çıxış edəcəksiniz?
- Çempionat yeni başa çatıb. Bu haqda rəhbərlik qərar verəcək. Ancaq futzalı buraxmaq, kənara çəkilmək istəmirik. Rəhbərlik hər zaman bizi dəstəkləyir, imkan daxilində kömək edir. 
 

Azarkeş kimi Yüksək Liqanın oyunlarını izləməyə gəlirsinizmi?
- Əlbəttə, gəlirik, izləyiirik. Ancaq Yüksək Liqanın yox, Birinci Liqanın və ölkə kubokunun oyunlarına da tamaşa edirik. Hamımız iş adamıyıq, işdən imkan tapanda maraqlı qarşılaşmaları izləyirik, dostlarımızı dəstəkləyirik.

Tarix: 1 İyun 11:00    Oxunub: 317    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 İyun 2018
21 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.