Təsəvvür edin, "Qarabağ" rəhbərliyi deyir ki…

Sumqayıt öz ənənələri ilə zəngin müasir futbol şəhərimizdi.

 

Vaxtilə öz komandaları ilə yanaşı böyüklüyü, qonaqpərvərliyi ilə "Qarabağ" kimi klubu da çətin dönəmində qoynuna alıb, şərait yaradıb.

 

Müstəqillik illərimizdə UEFA kubokunun ilk rəsmi görüşləri də Sumqayıtda keçirilib. "Turan", "Kəpəz" adlı-sanlı "Fənərbağça", "Austriya" kimi klubları Mehdi Hüseynzadə adına stadionda qəbul edib. 

 

Son 5-10 ildə "Sumqayıt"ın timsalında Sumqayıt futbolu kiçildilib, 1.300 yerlik çərçivəyə salınıb.
Şəhər klublarının zəif çıxış etdiyi dönəmlərdə belə heç bir rəqib Sumqayıta rahat gedə bilmirdi. Sumqayıt futbolunun çəkisi, nüfuzu ağır idi. Hər kəs hörmət etməyi özünə borc bilirdi. Sumqayıt futbolunun yetirməsi Samir Abasovun da bildirdiyi kimi, "Sumqayıt" 8 komanda arasında 5-6-cı yerlər üçün oynamamalıdı. 

 

Büdcə öz yerində, böyük futbol şəhərinin iddiaları heç vaxt kiçilməməlidi. Klub 10 ilə yaxındı "yerli futbolçular yetişdiririk" deyir. Sumqayıt futbolunun potensialı o qədər yüksəkdi ki, bu illər ərzində 2-3 komandalıq keyfiyyətli futbolçular olmalı idi. Klubda çalışmış, çalışanların yanlış strategiyası Sumqayıt futbolunu deyil, özlərini, karyeralarını düşünmək sevdası indiki durumu yaradıb.

 

"Sumqayıt" artıq uzun illərdi əsasən "Neftçi", "Qəbələ" və digər komandaların farm-klubuna çevrilib. Vaxt olub icarəyə verdiyimiz gənc futbolçulara "Sumqayıt" daha çox illik vəsait ödəyib. O futbolçuları biz "Sumqayıt"ın pulu ilə "Neftçi" üçün hazırlayır, oyun praktikası qazandırırdıq. Səriştəsiz klub idarəçiləri ayrılan vəsaiti yerli uşaqların yetişdirilməsinə xərcləməli idi. 


Deyilir ki, "Sumqayıt"da legionerlər çıxış etməyib. Çertoqanovdan tutmuş Pərdisə kimi çıxış etmiş futbolçular əcnəbi deyillərmi?! Yoxsa Nazim Süleymanov, Arif Əsədov, Kamal Quliyev, Mehman Yunusov, Azad Mütəllimov və onlarla əsl futbolçu kimi yetişmiş Sumqayıt futbolunun nümayəndələridi?!

 

Milli pasportun olması, təşkil edilməsi onların yerli futbolçu olması anlamına gəlmir. Təsəvvür edin, "Qarabağ" rəhbərliyi deyir ki, yerli statusda çıxış edən Almeyda yetirməmizdi.


Son tur bir daha göstərdi ki, "Sumqayıt" uzun illərdi klub yox, komanda kimi fəaliyyət göstərir. 10 ildə 2-3 yerli futbolçunun heyətə düşməsi isə Sumqayıt kimi futbol şəhəri üçün göstərici ola bilməz. Kaş ki, Samir Abasov prezidentsiz 3-cü yerə qalxdığı kimi çempionatın sonluğunu davam etdirə biləydi.


Mövcud durumda uğurlu nəticənin olmasının özü bir möcüzə olardı.


Sumqayıt futbolu, azarkeşi belə münasibətə layiq deyil. 10 ildə onlarla yerli istedadlar icarə və "yerli" legionerlər adıyla oynadılan futbolçuların kölgəsində qaldı, üzə çıxa bilmədi. Bu illər ərzində qurulan yanlış strategiya Sumqayıt futbol genefondunun məhv olunmasını şərtləndirdi.


Tahir Süleymanov
"Neftçi"nin vitse-prezidenti

Tarix: 27 May 20:42    Oxunub: 990    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.