"Xəzər-Lənkəran" meydana qayıdır? - AFFA ŞƏRTİNİ AÇIQLADI

12 illik fəaliyyəti dövründə 1 dəfə Azərbaycan çempionu, 3 dəfə Azərbaycan kubokunun sahibi, 1 dəfə isə “Birlik Kuboku“nun qalibi olmuş, 2016-cı ildə fəaliyyətinə son qoyulan cənubun fırtınalı futbol klubu “Xəzər Lənkəran”ın növbəti mövsümdən etibarən səhnəyə dönəcəyi ilə bağlı iddiaları səngimək bilmir.


Klubun mətbuatla əlaqələr üzrə nümayəndəsi Hüseyn Cəbrayıloğlu bir müddət əvvəl bildirmişdi ki, “Xəzər Lənkəran” akademiyasının işi davam etməkdədi, əsas komandanın fəaliyyətə başlaması üçün bütün insfrastruktur qaydasındadı və klubun liqaya qayıtması üçün 20 dəqiqə yetərlidi.


Sportinfo.az xəbər verir ki, “dəniz piyadaları”nın 2018/2019 mövsümündə liqaya qayıtması haqqında növbəti iddia isə klubun vitse-prezidenti Rəvan Bəşirovun “Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimovla bu il ərzində ikinci dəfə görüşməsindən sonra ortaya çıxıb.

 

Publika.az-ın klubun idarə heyətinə yaxın mənbələrdən əldə etdiyi məlumata görə, M.Mənsimov vitse-prezidenti Türkiyəyə dəvət edib və ona “Xəzər Lənkəran”ı geri qaytaracağını deyib. Hətta klubun prezidentlik vəzifəsini Rəvan Bəşirova təklif edib.

 

Onun tez-tez Türkiyəyə səfər etməsi iddiaların daha da alovlanmasına rəvac verib. “Xəzər Lənkəran”la bağlı yayılan iddiaları klub tərəfindən dəqiqləşdirməyə çalışsaq da, cəhdlərimiz boşa çıxdı. Bundan sonra məsələnin Premyer Liqa, yəni AFFA ilə bağlı tərəfini araşdırdıq.

 

Çünki Premyer Liqaya gedən yol AFFA Lisenziyalaşdırma Komitəsindən keçir. “Xəzər Lənkəran” da Mübariz Mənsimovun AFFA ilə bağlı qeyri-müsbət mövqeyinə baxmayaraq, qayıtmaq üçün mütləq şəkildə AFFA-dan yolunu salmalıdı.

 

Məlum olduğu kimi, ölkənin ən ali liqasında iştirak etmək üçün lisenziya almaq şərtdi. Bütün iddialara baxmayaraq, “Xəzər Lənkəran” lisenziya üçün AFFA-ya müraciət etsəydi, bunun “qoxusu”, yəqin ki, hardansa və ya nə zamansa çıxardı.


AFFA Lisenziyalaşdırma Komitəsinin sədri Sərxan Hacıyev puublika.az-a bildirib ki, klubların lisenziyalaşma prosesi hər ilin oktyabr ayından etibarən başlayır:


“2018/2019 mövsümü Premyer Liqada iştirak üçün lisenziyalaşma prosesi 5 oktyabr 2017-ci ilin tarixindən etibarən başlayıb. Klublarla komitə arasında görüş keçirilib və klublara lisenziyalaşdırma prosesinin başlanması və proseslə bağlı məlumat verilib.

 

Lisenziya prosesində müxtəlif meyarlar üzrə sənədləşdirmə aparılır. Bu sənədlərin də hər birinin özünə uyğun təqdim olunma tarixi var. Məsələn, maliyyə meyarı ilə bağlı sənədlər 31 mart və ya 10 aprel tarixinə qədər təqdim edilməlidir. Yaxud idman meyarı üzrə aprelin əvvəlinə qədər sənədləri təqdim etmək tələb olunur.

 

Yəni prosesin başlanma tarixi dəqiq olsa da, meyarlara görə sənədlərin təqdim edilməsi müxtəlif zamanlarda həyata keçir. Bir məqam da ondan ibarətdi ki, klub UEFA lisenziyasına görə müraciət edir, yoxsa Premyer Liqa. Yekun tarix isə 12 maydı. Həmin tarixdə komitənin iclası keçirilir və komissiyada hansı klublara lisenziya verilibsə, onlar təqdim edilir.


Hazırda Premyer Liqada iştirak etmək üçün 8 kluba lisenziya verilib. Bir də “Kəpəz”ə təqdim edilib. Lakin bu klub son yeri tutduğu üçün avtomatik şəkildə liqadan kənarlaşıb. Buna baxmayaraq, lisenziya qaydalarına uyğun Premyer Liqaya tam cavab verir”.

 

S.Hacıyev “Xəzər Lənkəran”ın Premyer Liqada iştirak etməsi məsələsinə də aydınlıq gətirib: “2018/2019 mövsümü ilə bağlı “Xəzər-Lənkəran” lisenziya üçün müraciət etməyib. Ondan sonrakı mövsüm üçün müraciət etmək niyyətləri varsa, bu ilin oktyabrında sənədləri təqdim etməlidilər. Çünki növbəti mövsüm üçün lisenziyalaşma prosesi oktyabr ayının əvvəlindən start götürəcək. Bilirsiz ki, Premyer Liqada çıxış edən hər bir komanda hər il həmin lisenziyanı almalıdı”.


AFFA Lisenziyalaşdırma Qrupunun rəhbərinin bu açıqlamasından çıxan nəticəyə görə, “Xəzər Lənkəran”, onun azarkeşləri, hətta bütün cənub zonası istəsə belə, komanda bu mövsüm Premyer Liqada iştirak edə bilməz. Beləliklə, cənubun “fırtına”sının əsməsi ilə bağlı iddiaların nəticəsini görmək 2019/2020 mövsümünə qismət olacaq.

 

Komandanın Premyer Liqada yenidən iştirakı məsələsinin tez-tez gündəmə gəlməsi onun qoyub getdiyi təəssürat, ənənə və futbol marağı ilə bağlıdır. Bu sözləri “Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Ağasəlim Mircavadov da təsdiq edir:


“Ümumiyyətlə, cənub bölgəsi hələ SSRİ dövründən futbola maraqlı olub. Mən hətta “Neftçi”də işlədiyim zamanlarda da görürdüm. Bakıda oyun olanda birbaşa cənubdan toplaşıb gəlib oyunlara baxırdılar. Yəni onlarda futbol sevgisi həddən artıq yüksək olub. Heç kim stadiona elə-belə gəlmirdi.

 

Oyundan öncə, məşqdə belə, hamı stadiona gəlirdi, bizimlə, futbolçularla söhbət edirdi. Saatlarla stadionda zaman keçirirdilər. Oyunda stadionda on dörd min insan olurdu. Bütün oyunlarda anşlaq olurdu. Fərq etmirdi rəqib “Qarabağ”dı, ya “Neftçi”di və ya başqa ortabab bir klub.

 

Mən 60-70-ci illərdə “Neftçi”yə göstərilən sevgini “Xəzər Lənkəran”da görmüşəm. O vaxt “Neftçi”nin azarkeşləri oyuna 4-5 gün qalmış yığışırdırlar Səməd Vurğun parkına. Oyunları müzakirə edib futbol haqqında danışırdılar. Həmin bu situasiyanı mən Lənkəranda da dəfələrlə görmüşəm.


“Xəzər Lənkəran” Azərbaycan futboluna yenidən təkan verdi. Azarkeş baxımından, oyun baxımından. Liqada rəqabət yaratdı. Yadıma gəlir, “Neftçi” ilə oyuna gələndə Bakıda iyirmi beş min azarkeş olurdusa, onun yarısından çoxu cənubdan olurdu. Hər oyuna səkkiz-on avtobusla gedirdilər. Klub da azarkeşlərin qayğısına qalırdı. Onlar üçün şərait yaradırdı. Çünki istək var idi.

 

Əminəm ki, “Xəzər Lənkəran” qayıtsa, futbolumuzda rəqabət yenidən canlanacaq. Bu, ən vacib amildi. Digər əsas bir amil isə “Xəzər Lənkəran”ın öz bazasının, stadionunun olması idi. Azarkeşlər orada özlərini evlərindəki kimi hiss edirdilər. Sevinə-sevinə oyuna gəlirdilər.


“Xəzər Lənkəran”ın sahibi var idi. Necə ki, xarici ölkələrdə top-klubların idarəetməsi var, eləcə də “Xəzər Lənkəran”da vardı. Ona görə də başqa heç bir qurum onun işinə müdaxilə edə bilmirdi, ixtiyarları da yox idi.

 

“Xəzər Lənkəran” özünəməxsus idi. Buna görə də inkişaf edirdi. Ümumiyyətlə, futbolda olan keçmiş sistemi geri qaytarmaq lazımdı. Necə ki, Bakı klublarının öz sahibi vardı, “Xəzər Lənkaran”ınkı ayrı idi, “Qəbələ”ninki tamam ayrı. Liqada 10 klub da yaratsaq, bu, bizim üçün böyük inkişaf, uğur olar”.

Tarix: 27 May 13:46    Oxunub: 1566    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.