Elxan Məmmədov: "Bundan sonra heç bir..." - MÜSAHİBƏ

Sportinfo.az AFFA-nın baş katibi Elxan Məmmədovun müsahibəsini təqdim edir:


Region Liqsı ilə bağlı fikirlərinizi bilmək istərdik.
- Yeni liqa İcraiyyə Komitəsinin təşəbbüsü idi. Ötən ilin sonlarında start götürməsinə baxmayaraq, deyərdim ki, qısa vaxtda çox populyarlaşdı. Komandaların sayının çoxluğu da Region Liqasına olan marağın göstəricisidi. Məncə, uğurlu layihə oldu. Təbii ki, ilk dəfə təşkil olunduğuna görə bəzi nüanslar, çatışmazlıqlar var idi. Biz də bundan nəticə çıxarıb növbəti mövsümdə onları nəzərə alacağıq. Artıq bu yöndə işlər başlayıb. Bəzi yeni komandalarla danışıqlar gedir. Ümid edirəm ki, növbəti mövsümdə daha da yaxşı təşkil olunmuş liqaya tamaşa edəcəyik. Fürsətdən istifadə edib bütün həvəskar futbolçulara “çox sağ ol” demək istərdim. Bölgələrdə futbola dəstək verən təşkilatlara, İcra Hakimiyyətlərinə, Regional Futbol Federasiyalarına də minnətdarlıq edirəm. Çünki onların da Region Liqasının baş tutmasında danılmaz xidməti oldu.
 

Region Liqasının Əsasnaməsində qalib komandanın birinci dəstəyə yüksələcəyi ilə bağlı bənd var. “Uğur”u növbəti mövsüm birinci divizionda görə biləcəyik?
- Təbii, biz istərdik ki, qalib kimi onlar yeni “futbol ili”ndə birinci dəstədə mübarizə aparsın. Ancaq onların da istəyindən çox şey asılıdı. “Uğur” bu gün qalib gələrək peşəkar liqaya yüksəlmək yönündə addım atdı. Bildiyiniz kimi, İcraiyyə Komitəsinin son toplantısında aşağı dəstə üçün yeni konsepsiyanın hazırlanması ilə bağlı qərar qəbul olundu. Hazırda biz bu işlə məşğuluq. “Uğur”un məsələsi də müzakirə olunacaq.
 

“Kəpəz”in elitadan düşdüyü rəsmi şəkildə elan olunsa da, hələ də kuluarlarda Gəncə təmsilçisinin premyer-liqada qalacağı, növbəti çempionatda 10 komandanın iştirak edəcəyi ilə bağlı söz-söhbət dolaşır. Bu məsələyə də münasibət bildirərdiz.
- İcraiyyə Komitəsinin də, Lisenziya Komissiyasının da qərarları məlumdu. Bundan sonra heç bir dəyişiklik gözlənilmir. Qəbul olunmuş qərarlardan narazı qalanlara apellyasiya şikayəti vermək üçün vaxt verilmişdi. Bu gün (srağagün) vədə tamam olsa da, heç bir klub müraciət etməyib. 
 

Sözlərinizdən belə başa düşmək olar ki, 2018/19 mövsümü üçün qərar qətidi və 8 komandalı çempionat izləyəcəyik.
- Bəli. Növbəti “futbol ili”ndə də çempionatda 8 komanda çıxış edəcək.
 

Söylənilənlərə inansaq, Avropa Liqasına vəsiqə qazana bilməyən “Sumqayıt”ın büdcəsi azaldılacaq. Düşərgədə yaşanan “yarpaq tökümü” də bununla bağlıdı. Artıq ilk siqnallar da var. Baş məşqçi və bir neçə oyunçu yeni müqavilə imzalamaqdan imtina ediblər.
- Məndə belə məlumat yoxdu. “Sumqayıt”ın öz sponsoru var. Bildiyiniz kimi, klubu “Azərikimya” maliyyələşdirir. Samir Abasovun komandadan ayrılmasına gəlincə, klub hələ rəsmi qaydada açıqlama verməyib ki, baş məşqçi ilə yolları ayırdıq. Abasov özü son oyundan sonra müəyyən fikirlər səsləndirib. Ancaq orda da konkret fikir yoxdu. Bir qədər strategiyadan narazılıq edib. 
 

Strategiyadan söz düşmüşkən, “Sumqayıt”ın heyətə legioner cəlb etməsinə qoyulan qadağa da narazılıq doğurur. Hamını bir sual düşündürür. Nəyə görə AFFA-nın nəzarəti altında olan digər klublara əcnəbi futbolçuların xidmətindən yararlanmaq imkanı verlir, “Sumqayıt”a isə yox? Bəlkə bu suala siz cavab verəsiz.
- Bu sual birbaşa klub rəhbərliyinə ünvanlanmalıdı. Bu “Sumqayıt”ın daxili işidi. İlk illərdə hardasa ola bilsin, AFFA-nın istəyi nəzərə alınırdı, ancaq sonradan artıq rəhbərlik özü hər şeyə cavabdehlik daşımağa başlayıb.
 

Ancaq bu məsələdə birbaşa sizin adınız hallanır. Hamı bu fikirdədi ki, “Sumqayıt”ın strategiyasını Elxan Məmmədov müəyyənləşdirir...
- Açıq danışaq. Bildiyiniz kimi, “Sumqayıt” AFFA-nın təşəbbüsü ilə yaradılıb. İlk vaxtlar qərara alınmışdı ki, bu klubda ancaq yerli futbolçular oynasın. Həmin vaxt atdığımız addımlar özünü doğrultdu. Bu gün millinin şərəfini qoruyan əksər oyunçular – Bədavi Hüseynov, Ruslan Qurbanov, Səlahət Ağayev, Ağabala Ramazanov “Sumqayıt”da sərgilədikləri parlaq oyunla aparıcı klubların diqqətini cəlb etdilər, yığmaya qədər yüksəldilər. Belə deyək, böyük futbola Sumqayıtda başalayan futbolçu ötən il artıq “Qarabağ”ın heyətində Çempionlar Liqasının qrup mərhələsində oynadı. Bu şəhər sovet dönəmində Azərbaycana necə futbolçu veribsə, indi bir qədər formatı dəyişərək eyni yolu gedir. 17, 18, 19 yaşlı oyunçuları heyətə cəlb edib, onu bir qədər də püxtələşdirib başqa klublara satırlar. Geridə qalan mövsümdə Cavid İmamverdiyev “Sumqayıt”da sərgilədiyi parlaq oyunla hamının diqqətini yenidən özünə cəlb etdi, milliyə döndü. İndiki heyətdən yığmalara dəvət alanlar var. Bunları nəzərə alsaq, yeritdiyimiz siyasətdən ölkə futbolu üçün çox fayda götürdüyümüzü vurğulaya bilərəm. Bütün bunlar əvvəlki illər üçün idi. İndi isə strategiyanı müəyyənləşdirmək klub rəhbərliyinin öz işidi (Futbol+).

Tarix: 27 May 00:30    Oxunub: 1098    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.