Gözəl ailəsi "Qarabağ"a böyük büdcə ayırır, yoxsa..?

Ölkəmizi bu il də Çempionlar Liqasında «Qarabağ» təmsil edəcək.

 

UEFA-nın reqlamentdə etdiyi son dəyişiklər Azərbaycan üçün üçüncü dərəcəli futbol ölkələrinin qitənin ən mötəbər klub yarışında nəticə göstərməsini xeyli çətinləşdirib. 


2016-cı ildə Çempionlar Liqasının 2018/19, 2019/20 və 2020/21 mövsümü üçün yeni formatı təsdiq edilib.

 

Reytinqdə ən yüksək yer tutan ilk dörd ölkənin ən güclü 4 komandası birbaşa ÇL-in qrupunda oynamaq hüququ əldə edir. Yeni mövsümdən bu hüququ İspaniya, Almaniya, İngiltərə və İtaliya əldə edib.


Yeni qaydalardan sonra Avropa Liqasının qalibi də ÇL-in qrupunda oynaya biləcək. Əvvəllər isə bu komanda pley-off mərhələsində çıxış edirdi. AL-in hazırkı qalibi “Atletiko” eyni zamanda İspaniya çempionatında ikinci yeri tutmaqla da ÇL-ə vəsiqəni təmin etdiyindən bu vəsiqələrdən biri reytinqinə görə beşinci olan assosiasiyaya (indiki halda Fransaya) verilir.


ÇL-in bumövsümkü qalibi də yeni mövsümdən yarışın qrupunda birbaşa oynamaq hüququ qazanacaq. Öz ölkəsinin liqasında tutduğu yerlə artıq ÇL-ə vəsiqəni təmin edən “Real” və “Liverpul”un cari mövsümün finalında da üz-üzə gəldiyini nəzərə alsaq, indiki qalibin vəsiqəsi hazırda reytinqinə görə UEFA-da 11-ci yeri tutan ölkəyə - Çexiyaya (“Viktoriya”) verilir.


Qrupun digər 6 iştirakçısı təsnifat mərhələlərinin oyunlarından sonra müəyyənləşəcək. Həmin mərhələnin iştirakçıları arasında Azərbaycan çempionu da var. ÇL-in yeni formatına əsasən, Ağdam klubu bu dəfə mübarizəyə ikinci deyil, birinci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin ilk oyunları 10-11 iyul, cavab matçları 17-18 iyulda keçiriləcək. Qrup oyunlarına isə 18/19 sentyabrda start veriləcək.


Artıq bu mərhələnin hələlik 3 iştirakçısı müəyyənləşməyib. Qrup mərhələsində isə 32 birbaşa vəsiqədən 26-nın sahibləri məlum olub. Daha 6 komanda əvvəlki mərhələləri adlamağı bacaran 6 ölkənin çempionu olacaq.

 

Ağdam klubunun prezidenti Abdulbarı Gözəl etiraf edib ki, ötəniki nəticəni təkrarlamaq müşküo məsələdi: «Bu mövsüm işimiz çox çətindi. Çünki Avropanın ən güclülərinə Çempionlar Liqasının təsnifat mərhələlərində rəqib olacağıq. Ona görə də hazırlıqlar görəcəyik.

 

Baş məşqçimiz Qurban Qurbanov ağıllı insandı. Biz ona hər cür səlahiyyəti vermişik. Özü də nə etməli olduğu üzərində düşünüb. Ümidvaram ki, yaxşı nəticə göstərəcəyik. Yeni transferlər mütləq olacaq! Bir neçə gün səbirli olsaz, görəcəksiz. Yaxşı alternativlər var. 

 

Avropanın transfer bazarında qiymətlərin qalxması "Qarabağ"ın siyasətinə təsir edəcəkmi və büdcə artırılacaqmı?  Büdcə ötən mövsümlərdəki kimi olmayacaq. Amma təbii ki, bu gün Avropa ilə ayaqlaşmaq çox çətindi.

 

Onlar illərin klublarıdı, bilet satırlar, gəlirləri var. Onlar klubdan pul qazanırlar. Biz isə kluba sərmayə qoyuruq. Qoy, Azərbaycanda elə bir gün yetişsin ki, camaat varlansın, pullansın, biz də biletin birini 50 manata sataq. O zaman bizim də pulumuz olacaq, biz də Avropadakı klublar kimi olacağıq.

 

Qoyduğumuz vəsaitin Avropadan bizə gəlir gətirəcəyini nəzərə alırıq. Çünki avrokuboklara yüksəlməsək, çox şey itiririk. Vəsiqə qazandıqda xərcimizin çox hissəsini geri qaytara bilərik. İrəli getməyə məcburuq. Futbol isə yuvarlaqdı. Dönə-dönə hara getdiyi bilinmir. Bir az da şans, cürət, çalışmaq öz rolunu oynayır. Biz komandaya tam dəstək veririk».  


Gözəlin son bəyanatı kluarlarda doğru-düzgün anlaşılmayıb. Əksəriyyət bunu tanınmış iş adamının büdcəni azaldacağı kimi başa düşüb. Əslində, belə deyil. Türkiyəli biznes adamı kluba ayırdıqları pul kütləsinin həcmini kiçildəcəklərini işarə etməyib. Əksinə, burda söhbət büdcə artımından gedir.

 

Barı bəy bundan sonra «kəmər»i sıxacaqlarını söyləsəydi, bu, ilk növbədə «Qarabağ»a inamsızlıq demək olardı. O isə klub idarəçilərinə və baş məşqçiyə etimad göstərdiyini hər dəfə dönə-dönə vurğulayır, maddi-mənəvi onların arxasında olduğunu bildirir. Güvən ortadan qalxarsa, 5-6 milyonluq fərq heç nəyi dəyişməz. Gözəl «Qarabağ»ı «Azərsun» ailəsinin bir nömrəli brendi hesab edir və onu ölkənin «ən vacib müəssisəsi» adlandırır, futbola yatırımın dövlət siyasəti olmasını həmişə önə çəkir.


«Qarabağ» ötən «futbol ili»ndə bir inanılmazı etdi, ÇL-nın qruplarına qaldı. Populyarlığı hər keçən gün artan, Azərbaycanın ən təsirli təbliğat ruporuna çevrilən, Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasına müstəsna pay sahibi olan bir klub indiki məqamda büdcə ilə imtahana çəkilə bilməz və çəkilmir də!


Gözəl bunu demək istəyib, əslində. «Qarabağ»ın büdcəsi artacaq. O. sadəcə, bu kimi maliyyə məsələlərində Avropa nəhəngləri ilə ayaqlaşmağın mümkün olmamasına diqqət çəkib. Düz də deyib. «Qarabağ» hələlik öz «qab»ında qovrulmalı və ayağını yorğanına görə uzatmalıdı. İş dünyasının hər üzünü görmüş, ömrünü bu sahəyə həsr etmiş Barı bəyin söylədiyi odu ki, Azərbaycan reallığı «Qarabağ»la bağlı siyasətin özəyini təşkil edir və bununla barışmaq lazımdı.


Qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan komandası 16 milyon avro (təqribən 32 milyon manat) əldə edib. 2015 - 2018 kommersiya tsiklində gəlirlərin bölüşdürülmə sxeminə əsasən, ÇL-in qrup mərhələsinə vəsiqə qazanan bütün klublara 12,7 milyon avro ödənilib. Qrup mərhələsində isə qələbəyə görə 1,5 milyon, heç-heçə üçün isə 500 min avro verilib. Hər bir heç-heçədən qalan 500 min avro isə qrup mərhələsinin bütün iştirakçıları arasında qələbə sayına uyğun olaraq bölünüb.


Əlavə olaraq, marketinq gəlirləri bir sıra amillərə, o cümlədən klubun məxsus olduğu ölkənin teleyayım bazarındakı çəkisinə görə paylanılıb. Beləliklə, ÇL-in qrupuna düşməklə 12,7 milyon avro qazanan “Qarabağ” iki heç-heçə etməklə, əlavə 1 milyon avro götürüb. 2017/2018 mövsümündə qrup mərhələsində 20 heç-heçənin qeydə alındığını nəzərə alsaq, bu, əlavə 10 milyon avro deməkdi. 


Ötən mövsüm “Qarabağ” kimi 2 heç-heçə etməklə qrup mərhələsini sonuncu pillədə başa vuran İsveçrənin “Bazel” klubuna marketinq gəlirlərindən 2 milyon 568 min avro ödənilib. Bazardakı çəkisi Azərbaycana daha yaxın olan Xorvatiya təmsilçisi və qrup mərhələsini 0 xalla başa vuran Zaqreb “Dinamo”su isə 2 milyon 282 min avro qazanıb. Bu isə o deməkdi ki, "Qarabağ" ən pis halda təqribən 2 milyon 300 min avro marketinq pulu alıb. Yəni, ümumi qazanc 16 milyon avro təşkil edir.


Sxemə əsasən, 1/8 finala çıxan hər bir klub 6 milyon avro, 1/4 finala yüksələnlər 6,5 milyon avro əldə eləyir. Yarımfinalçılara 7,5 milyon, finalda məğlub olan kollektivə 11 milyon avro ödənilir, turnirin qalibinə isə 15,5 milyon avro verilir. "Qarabağ" bu nəticə ilə 25-ci pillədə qərarlaşıb və bu siyahıda Almaniyanın "Borussiya" (Dortmund), Fransanın "Monako", Portuqaliyanın "Benfika" və Hollandiyanın "Feyenord" klublarını geridə qoyub. 


UEFA reqlamentə etdiyi düzəlişlərlə qrup mərhələsinə aparan yolu çətinləşdirsə də, digər tərəfdən, mükafat fondunu dəfələrlə artırıb. Pley-off mərhələsini uğurla adlayanlar artıq 20 milyon avrodan çox gəlir götürəcək. Qələbə və heç-heçəyə görə ödəmələrdə də artım bir neçə dəfə çox olacaq.

 

Düzdü, indi «Qarabağ»ın işi daha çətindi və burda bəxtdən, yəni, püşkatmanın nəticəsinjən də çox şey asılıdı, ancaq yenə də demək tezdi ki, heç nə alınası deyil. Ağdam klubu bunadək 300-500 minlik legionerlərlə yol qət edirdisə, önümüzdəki sürəcdə transfer bazarına daha böyük məbləğlər xərcləmək lazım gələcək. Ki, komandanın inkişafı dayanmasın, rentabellik təmin olunsun. UEFA da bunu görür və namizədləri şirnikləndirir.

 

«Qarabağ»ın böyükləri elit legionerlər almaqla ötənilkindən, misalçsn, 10 manat artıq xərc çəkəcəksə, əvəzində təşkilatçı qurumdan dəfələrlə artıq vəsait ala bilər. Bu, risk deyil, sadəcə, biznes gedişidi.

 

Çəkinməyə  dəyməz. Biznesdə belə bir qaydı yoxdu ki, hansı sahəyə nə qədər sərmayə qoyursan qoy, mütləq pulunu çıxaracaqsan, özü də artıqlamasıyla. Futbol da onun kimi. Çempionlar Liqası nəhəng vitrindi. Orda olmağın özü fantastik reklamdı. Və bunun üçün istənilən məbləği ödəməyə dəyər.

 

Könlündən balıq keçirsə, şalvarının balağını suda islatmalısan. «Qarabağ»ın büdcəni azaltmağa hazırlaşması barədə şayiələrə inanmayın, Gözəl ailəsi hələ bu yolun əvvəlindədi və şirkətlərinin tanıtım brendindən imtina etmək kimi bir niyyətə düşməyiblər.

 

MUSA

Tarix: 26 May 11:48    Oxunub: 1064    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 İyun 2018
19 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.