Cavid Hüseynov düz emədi, bəs Rəşad Sadıqov?

Premyer Liqanın 28-ci turu çərçivəsində keçirilən “Qəbələ” - “Qarabağ” matçında fasilə ərəfəsində insident baş verdi.

 

Nominal meydan sahiblərinin kapitanı Cavid Hüseynovla Ağdam komandasının futbolçusu Dani Kintana arasında mübahisə yarandı.

 

Bu zaman Hüseynov Kintananın sinəsinə dirsək zərbəsi endirdi. Olaya müdaxilə edən "Qarabağ"ın kapitanı Rəşad Sadıqovla da Hüseynov toqquşdu.

 

Cavid həmkarının əlini kənara itələdi. Baş hakim Rəşad Əhmədov bu davranışı gözdən qaçırmadı, Cavidi birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırdı. 


Hər şey bir anın içində baş verdi. Oyunun havasına və axarına uyğun olmayan bu epizod ikinci bölümə təsir etmədi. Azlıqda qalan «Qəbələ» fasilədən sonrakı hissəni sakit keçirdi və bir növ məğlubiyyətlə erkən barışdı.


«Qəbələ»nin Cavidlə yola davam edib-etməyəcəyini bundan sonra görəcəyik. Veriləcək istənilən qərar ciddi rezonans doğuracaq. Bu klub kapitanı üçün nələr etməyib ki...

 

Jurnalist Rasim Əliyevin ölümü ilə nəticələnən hadisə hələ də hafizələrdədi. Mənə elə gəlirdi ki, Cavid bu olayı həyatı boyu unutmayacaq, bir də hansısa boyutda insidentin iştirakçısı olmayacaq, bütün söz-söhbətlərdən uzaq dayanacaq.

 

Mən belə bilmirdim, belə güman edirdim. Demə, onun da öz xəyalları, yanaşması varmış. Mən heç bilmirdim ki, Cavid qoluna bağladığı kapitanlıq sarğısının məsuliyyətini anlamaqda güclük çəkir. 


Həbsdə yatdığı 1 ildən bir az artıq oldu. Özünə qalsaydı, hələ uzun illər dəmir barmaqlıqlar arxasındaydı.

 

Qurtuldu və bu müddətdə daim yanında olduğu kluba döndü. «Qəbələ»yə nə verdi deyərkən… Ən yüksəködənişli yerli futbolçusudu. Amma «Qəbələ» hələ ondan o səviyyədə qarşılıq görməyib. Gərək bunu özü də etiraf etsin.

 

Son ilyarımda komanda bir türlü özünə gələ, uğur qazana bilmir. Gümüş və bürünc medallar «Qəbələ» kimi əla şəraiti və maliyyə imkanları olan klub üçün maksimum sayılmır artıq. 


Cavid qanlı hadisənin təşkilatçısı kimi göstərildiyi o məşum gecədən sonra qəflət yuxusundan ayrılmalıydı.

 

Görünür, həbsxana həyatı əsəblərini tamamən korlayıb, aldığı pixoloji travmanın təsirləri get-gedə daha qabarıq göstərir özünü. İndi o, özünü çox çətinliklə idarə edir, hirsini, hikkəsini cilovlaya bilmir. 


«Bunlar oyunun içində olan şeylərdi» söyləyib, keçməyək. Cavid türməylə vidalaşandan sonra artıq neçənci dəfədi ki, qalmaqalın baş roluna çəkilir. Olmaz belə! O, özünü göstərməməli olduğu yöndən göstərir.

 

Bir kapitan bu cür davranmamalıdı. Düzdü, mən Rəşad Sadıqovun da onun üzərinə o cür şığımasına haqq qazandırmıram. Baş hakim Cavidi «qımızı»ya qonaq edərkən, Rəşadı da, heç olmasa, «sarı»yla «mükafatlandırmalı» idi.


Kapitan komandasının gözüdü. Danışan dili, idaorə edəni, lokomotivdi. Bu gedişlə Cavidi böyük meydanlarda görməyəcəyik, sorağını əsəb xəstələrinin müalicə aldığı disponserdən eşidəcəyik. Ona az qalıb.

 

Cavid bu sərt davranışı, ölçüsüz-biçisiz tövrü ilə komanda yoldaşlarına ziyan gətirir, onları da özbaşnalığa sürükləyir. Kapitan örnək olmalıdı, ara qızışdıran, formadaşlarını pis vəziyyətdə buraxıb gedən deyil.

 

MUSA

Tarix: 23 May 18:00    Oxunub: 958    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 İyun 2018
18 İyun 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.